ABŞ prezidenti Donald Trump İrli Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini irəli sürüb. Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. O, xarici xidmətdə çalışarkən Almaniyanın Marşal Fondunun aparıcı əməkdaşı, Birləşmiş Ştatların NATO-dakı missiyasının rəhbər müavini olub. Bundan başqa Litzenberger NATO-nun Əfqanıstan üzrə aparıcı mülki təmsilçisinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb. Bundan öncə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta idi. ABŞ-ın Bakıdakı səfiri postu bu ilin martından boş idi.Bəs, görəsən, səfir postuna namizəd şəxs diplomatiyada və ictimaiyyətdə necə tanınır? Vaşinqtonda fəaliyyət göslərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ASTNA-nın suallarına cavab verir.
***
-ABŞ prezidenti Donald Tramp Azərbaycanda yeni səfir postuna namizəd irəli sürüb. Hazırda ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavir vəzifəsində çalışan Irli Litzenberger bu posta namizəd göstərilib. ABŞ siyasi cameəsində həmin diplomat necə tanınır?
-Bu sualın iki cavabı var. Qısa cavab: Əsasən “böhran yatıran diplomat” kimi. Nisbətən uzun cavaba gəldikdə sirr deyil ki, siyasətçi və diplomatlar haqqında tərif yağdırmaq bir jurnalist olaraq, peşə etikamıza uyğun gəlmir. Odur ki, mən də necə deyərlər, “barıtın həcmini azaltmağa” çalışacağam, amma Dövlət Departamentindəki mənbələrimə istinadən deyə bilərəm ki, səfir Litzenbergeri hazırkı administrasiyada barmaqla göstərirlər. Belə ki, o, Vaşinqtonun hərbi və siyasi dəhlizlərində diplomatik yaradıcılıq qabiliyyəti və təmkini ilə ad çıxarıb. Bilirsiniz ki, Tramp administrasiyası 2017-ci ildə “sükan arxasına” keçəndə ilk aylarda peşəkar diplomat qıtlığından əziyyət çəkib, əksər nüfuzlu diplomatlar ya könüllü olaraq Dövlət Departamentini tərk etmişdilər, ya da onlardan istefaları istənilmişdi. “Süzgəcdən keçənlər” isə ən qısa müddətdə yeni administrasiyanın fəaliyyət strategiyasına uyğunlaşmalı idilər. Nədir bu strategiya? Strategiyasızlıq… Daha doğrusu, əvvəlki administrasiyalardan fərqli olaraq, indi diplomatlardan təkcə Dövlət Departamentinin yuxarı eşelonlarında yazılıb-cızılan strategiyaların icrası deyil, həm də özlərinin çalışdıqları ölkə və bürolarda günün tələbinə uyğun olaraq diplomatik yaradıcılıq işi ortaya qoymaları tələb olunur. Məsələn, səfir Litzenberger, siz də qeyd etdiyiniz kimi, hazırkı vəzifəsində Siyasi və Hərbi Məsələlər Bürosunun baş müşaviridir. Amma reallıqda diplomatik çevrələr onu dövlət katibinin baş məsləhətçisi və departamentin hərbi-siyasi məsələlər üzrə qeyri-rəsmi sözçüsü kimi təqdim edirlər, belə ki, o, təkcə çalışdığı büronun strategiyasını müəyyənləşdirmir, həm də diplomatik heyətin formalaşdırılması və ən başlıcası, ortaya çıxarılan “məhsulun” digər nazirliklərlə – məsələn, Pentaqonla koordinasiyası işinə rəbərlik edir. Bu, ABŞ diplomatiyası tarixində necə deyərlər, bir ilkdir.Vaşinqtonun siyasi mətbəxinə bələd olanlar yaxşı bilirlər ki, adətən Pentaqonla Dövlət Departamenti Birləşmiş Ştatların xarici siyasətinə münasibətdə daha doğrusu, müttəfiqlərlə dostların seçilməsində, bir-biri ilə toqquşma mühitində fəaliyyət göstərirlər, hərçənd ki, səfir Litzenberger bu ilin yazında Vaşinqtondakı ictimai tədbirlərdən birində ABŞ-ın xarici təhlükəsizlik yardımlarının effektinə dair bir çıxışı ilə nəinki analitiklərin diqqətini çəkmişdi, həm də iki dövlət qurumu arasında bu tarixi fikir ayrılığına son qoya bilib. Özü də elə bir vaxtda ki Tramp administrasiyası nəinki bu yardımların həcminin azaldılmasında maraqlı idi, hətta buna az qala nail olmuşdu: Dövlət Departamenti əvvəllər xarici təhlükəsizlik yardımlarının 80 faizinə nəzarət etdiyi halda, indi onun cəmi 50 faizi bu qurumun öhdəsində saxlanılmışdı, yerdə qalanı isə hətta günü bu gün də Müdafiə Departamentinin balansındadır. Buna baxmayaraq, məlum oldu ki, səfir Litzenberger və komandası maraqlı çıxış yolu tapıblar: iki nazirlik arasında Əməkdaşlıq Şurası yaratmaqla loru dildə desək, hərbçilərə diplomatiya dərsi keçərək bu yardımları nəinki qoruya biliblər, hətta onu daha da effektivləşdiriblər. Ən azı, hazırkı administrasiyanın yanaşması belədir ki, ABŞ-ın hərbi yardımları, silah satışları və bu kimi əməkdaşlıq metodları ilə təhlükəsizlik və insan haqları məsələlərini əlaqələndirmək mümkündür. Bax, bu keyfiyyətləri Litzenbergeri siyasi cameədə necə deyərlər, hörmətə mindirib. Qaldı ki yuxarıda bəhs etdiyim böhran diplomatiyasına, yeni səfirin siyasi karyerasına yaxından nəzər salsanız görəcəksiniz ki, o, adətən ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada sülhyaratma siyasətinə yaxından cəlb olunub. Diplomatiyada yüksəldiyi ən yüksək postlarından biri də bu yaxınlaradək ABŞ-ın NATO-dakı nümayəndəliyinə faktiki rəhbərlik etməsi olub ki, bu da Vaşinqtonla Brüssel arasında siyasi gərginliyin böhran həddinə çatdığı vaxta – prezident Trampın Şimal Alyansını hədəfləyib, qaraladığı dövrə təsadüf edib. O dövrdə Brüsseldə işləmiş amerikalı jurnalist həmkarlarımızdan biri sonradan söhbətimiz əsnasında Litsenbergerin ən yaddaqalan bəyanatı kimi ABŞ-ın müttəfiqləri tərəfindən “sayılmalı ölkə” olduğuna dair NATO kuluarlarlarında dediklərini xatırlayırdı. Yəni, bizim məsəllə desək, “sayanın quluyuq, saymayanın ağası”. Məncə, Bakıdakı siyasətçilər, ictimai xadimlər bu məsəli indidən diqqətə alsalar, uduzmazlar.
-Irli Litzenberger ötən ilə qədər ABŞ-ın NATO-da daimi nümayəndəsi olub. Qeyd edək ki, İ.Litzenbergerin namizədliyinin irəli sürülməsi Azərbaycanda ölkənin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması ilə bağlı ciddi müzakirələrin başlanması dövrünə təsadüf edir. Əgər İ.Litzenberger bu posta təsdiqlənərsə Azərbaycan NATO istiqamətinə yönəlməsi üçün hansısa addımlar ata bilərmi?
-Yaxşı sualdır. Əvvəlcə onu xüsusi vurğulayaq ki, səfir Litzenberger NATO-da ABŞ missiyasına faktiki rəhbərliyi dövründə Vaşinqtonun Alyansla bağlı siyasətini müəyyənləşdirib icra edən ən yüksək səviyyəli peşəkar idi: belə ki, nə o vaxtkı şefi – dovlət katibi Tillerson, nə də səhər-axşam tvit atıb, NATO müttəfiqlərini aşağılayan prezident Tramp diplomatik keçmişə malik idilər. Bir sözlə, öz ölkəsini NATO ilə münasibətlərində böhrandan çıxarmağı bacarmış bir diplomatın məhz indi Bakıya göndərilməsi, əlbəttə, diqqətçəkən məqamdır. İlk növbədə, Litzenberger Azərbaycan hakimiyyətinə və xalqına NATO ilə münasibətlərin əhəmiyyətini, eləcə də ondan uzaq düşüb Rusiyaya və onun hərbi blokuna baş qoşmağın ölkə üçün mümkün acılarını, necə deyərlər, birinci əldən xatırlada biləcək. Təəssüf ki, bu işi görməli olan digər regional NATO dövlətləri, xüsusilə Türkiyə, son zamanlar heç də yaxşı olmayan nümunə ortaya qoymağa başlayıb. Bakıdakı rəsmilər isə Moskvanın toruna düşərək həm ölkəni, həm də xalqı Qərb Alyansından uzaq salmağa, açıq şəkildə ictimai müzakirələrdən təcrid etməyə çalışırlar. Hətta bildiyim qədər, Bakıdakı təbliğat maşınları belə kampaniya aparırlar ki, guya KTMT-yə qoşulmaq Qarabağı Azərbaycana qaytara bilər və sair və ilaxır. Odur ki, Litzenbergerin səfir postuna namizədliyinin irəli sürülməsi Vaşinqtona həm NATO, həm də KTMT ilə bağlı müzakirələrin sonunu gözləmədən məsələyə ən yüksək səviyyədə münasibət bildirmək imkanı verəcək. Bunun üçün heç səfirin Bakıya ayaq basmasını gözləmək də lazım gəlməyəcək. Bb suallar, şübhə yoxdur ki, qarşıdakı həftələrdə Litzenbergerin Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənməsinə həsr olunacaq dinləmələr zamanı ABŞ qanunvericiləri tərəfindən qaldırılacaq və ictimaiyyətə açıq şəkildə də münasibət bildiriləcək. Bir məqamı da xatırladım ki, səfir Litzenberger əvvəlki fəaliyyəti dövründə hər zaman Rusiyanın öz qonşuluğunda həyata keçirdiyi hərbi “kökə” və “kötək” siyasətini açıq şəkildə ifşa edıb, ona qarşı həm bağlı qapılar arxasında, həm də mətbuatda sərt bəyanatlar səsləndirib. Belə bir diplomatın Bakıda KTMT müzakirələrinin mərkəzinə düşə biləcəyini təsvir etməyin özü də maraqlıdır.
-Bəzi ekspertlər deyirlər ki, ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavir vəzifəsində çalışan şəxsin Azərbaycana səfir göndərilməsi istəyi ciddidirsə, demək, ABŞ-ın İranla müharibəyə başlamaq niyyəti zarafat deyil. Bu versiyalar haqda nə deyə bilərsiniz?
– Şübhə yoxdur ki, hazırkı ABŞ administrasiyası ölkənin İranla bağlı siyasətinə köklü formada əl gəzdirməkdə maraqlıdır, amma burada niyyət heç də mütləq müharibə etmək deyil, daha çox maksimum ritorikadan istifadə etməklə dialoq əldə etməkdir. Məsələn, Şimali Koreya kimi… Üstəlik, bayaq dediyim kimi, Litzenbergeri siyasi kuluarlarda əsasən böhran yatıran diplomat kimi təqdim edirlər, müharibə aparan diplomat kimi yox. O, hərbçi deyil, bütün əvvəlki vəzifələrində də mülki və sülhyaratma misiyalarına rəhbərlik edib. Odur ki, burada çox az müşahidəçi yeni səfirin seçimini müharibə və yaxud ümumiyyətlə, İran amili ilə əlaqələndirir. Sirr deyil ki, Bakıdakı ABŞ səfirliyində İran üzrə çalışan kifayət qədər təcrübəli diplomatlar fəaliyyət göstərirlər və əgər tarix dərslərinə inansaq ABŞ müharibəyə hazırlaşsaydı, diplomatlarını geri çağırardı, daha onlara başçı göndərməyə nə hacət?
-Sizcə, Azərbaycan hakimiyyətinə Litzenberger kimi şəxsin bura səfir göndərilməsi sərf edirmi? Həmin şəxsin Azərbaycan hakimiyyəti ilə yaxından -uzaqdan hansısa əməkdaşlığı, münasibəti olubmu?
-Hər nə qədər səfir Litzenberger ABŞ-ın hərbi-təhlükəsizlik və NATO proqramları çərçivəsində Azərbaycan rəhbərliyi ilə təmaslara cəlb olunmuş olsa da – hərçənd ki, bunu sübut edəcək məlumatlarımız kifayət qədər azdır – gəlin, bir məqamı xüsusi vurğulayaq: Yeni səfirin diplomatiyada əli, necə deyərlər, neftə bulanmayıb. Bu, Azərbaycan xalqı üçün yaxşı xəbərdir. Bəzən Litzenbergerin siyasi karyerasını keçmiş səfir Riçard Morninqstar ilə müqayisə edirlər, belə ki, hər ikisi vaxtilə Brüsseldə çalışıb, hərçənd ki, Morninqstardan fərqli olaraq, Litzenberqer və ümumiyyətlə, hazırkı ABŞ administrasiyası “nöyüt diplomatiyası”na inanmır. Tam əksinə, hazırda Vaşinqtonda dövr edilən son rəqəmlərə görə, Birləşmiş Ştatlar özü artıq rəsmən dünyanın ən çox neft ixrac edən ölkəsidir. Orası da həqiqətdir ki, Avropada hələ də Azərbaycan neftinə yetərincə tələbat var, belə ki, bu qitə dünyanın qaz ehtiyatlarının 15 faizini idxal etsə də özünün cəmi 2 faizlik ehtiyatı var. Amma Azərbaycanın cəlb olunduğu “Cənub” qaz kəməri bu ehtiyacın yalnız bir hissəsini qarşılaya biləcək və beləliklə, qarşıdakı illərdə Avropanın Azərbaycandan daha çox, Amerika enerjisinə ehtiyacı olacaq. Sentyabrın 13-də ABŞ Konqresində keçirilən bir dinləmədə iştirak edirdim və orada ölkənin enerji siyasətini müəyyənləşdirən liderlər elan etdilər ki, tezliklə Birləşmiş Ştatlar nəinki dünya üzrə ən çox qaz ixrac edən liderə çevriləcək, hətta Avropanın 2040-cı ilədək artacaq 20 faizlik qaz tələbatını da ABŞ təkbaşına qarşılaya bilər. Qayıdaq səfir Litzenbergerə. Onun özü birbaşa olmasa da hazırda Dövlət Departamentində çalışdığı büronun rəhbəri Tina Kaidanov Bakıya yaxından bələddir. 2008-09-cu illərdə xanım Kaidanov tez-tez regiona səfərlər edərdi, hətta bir ara onun da səfir postuna namizədliyinin nəzərdən keçirilməsi və yaxud ATƏT-in Minsk Qrupunda Metyu Brayzanı əvəzləyəcəyi barədə müxtəlif şayiələr də yayılmışdı. Hərçənd ki, o dövrlərdə əsasən enerji diplomatiyasına arxalanan Azərbaycan rəsmilərinin nəzərində təhlükəsizlik və hərbi sahələr üzrə ixtisaslaşmış peşəkar ABŞ diplomatları o qədər də cəlbedici görünmürdü. Hər halda əsasən məqsəd insan haqları kimi mövzuları arxa plana keçirmək idisə bunu enerji diplomatiyasının dili ilə etmək daha müqabil idi, nəinki Azərbaycana NATO öhdəliklərini xatırladacaq hərbi-təhlükəsizlik dili ilə. Sual edə bilərsiniz ki, axı niyə, hərbi əməkdaşlıq da Azərbaycan hakmiyyəti üçün az əhəmiyyətli deyil. Bəli, elədir. Amma unutmayaq ki, Vaşinqton uzun illər hərbi-təhlükəsizlik yardımları məsələsində Azərbaycana münasibətdə neytral mövqe sərgiləyib, belə ki, əməkdaşlığı genişləndirməyə 907-ci maddə imkan vermirdi, odur ki, Bakıdakı rəsmilərin nəzərində bu sahədə diplomatik yaradıcılığa yer yox idi, onlar üçün enerji və hərbi əməkdaşlığı məsələn, İsrail kimi ölkələrin üzərindən qurmaq və əvəzində Vaşinqtondakı yəhudi lobbisindən dəstək almaq xətti daha cəlbedici görünürdü. Bu siyasət bəlkə də dünənədək işlək idi, hərçənd, indiki ABŞ administrasiyası üçün o qədər də cəlbedici deyil. Vaşinqton Bakıya münasibətdə “nöyüt diplomatiyası”ndan uzaqlaşaraq təhlükəsizlik və NATO-ya inteqrasiya siyəsətinə birbaşa keçiddə maraqlıdır. Beləliklə, bu təyinat baş tutsa da, tutmasa da – hər halda səfirin təsdiqlənməsini gözləmək lazım gələcək – Azərbaycan xalqı üçün bu, yaxşı xəbərdir: Litzenbergerin təyinatı siyasi təyinat deyil: son illərdə ilk dəfədir ki, ABŞ Azərbaycana karyeralı diplomat göndərmək qərarına gəlib.
-Həmin şəxsin Azərbaycan hakimiyyətinə, buradakı proseslərə münasibəti barədə nə deyə bilərsiniz? Azərbaycan haqda yetərli bilgilərə malikdirmi?
– Yeni səfirin Azərbaycan hakimiyyəti ilə birbaşa təmaslarına dair məlumatımız yetərli olmasa da onun Vaşinqtonda Bakının yaxından əməkdaşlıq etdiyi qruplarla, məsələn Yaxın Şərq İnstitutu, Alman Marşal Fondu ilə isti münasibətləri heç kəsə sirr deyil. Hətta ötən il bir müddətdə Litzenberger Alman Marşal Fondunda çalışıb və o dövrdə bu Fond Bakıya xüsusi yaxınlığı ilə seçilən lobbiçilərlə yaxın münasibətdə idi. Azərbaycan haqda bilgilərə gəldikdə, şübhəsiz ki, Litzenberger kimi karyeralı diplomatlar dünyaya peşəkar gəlmir, onlar, sadəcə, peşəkar hazırlanırlar. Bəzən deyirlər ki, səfirin kimliyinin fərqi yoxdur, o, Vaşinqtondan verilən əmrləri icra edəcək. Bəlkə də keçmişə baxanda, haqlıdırlar, belə ki, indiyədək Azərbaycana göndərilən ABŞ səfirləri arasında yalnız barmaqla sayılacaq karyeralı diplomata rast gəlmək mümkün olub, əksəriyyəti ya karyeralarının başlanğıcında olublar – Bakını təcrübə toplamaq üçün seçiblər, əsas məqsədləri isə Türkiyə və yaxud başqa Şərqi Avropa ölkələrinə hazırlaşmaq olub – ya da Vaşinqtonda enerji siyasətini müəyyənləşdirən dəhlizlərin arasında püxtələşiblər. Odur ki, onların səfirliyi dövründə biz jurnalistləri və siyasətçiləri düşündürən bir nömrəli sual Vaşinqtonun Azərbaycanla bağlı hər hansı strategiyasının mövcud olub- olmaması idi. Amma indi görünür ki, vəziyyət dəyişib. Uzun sözün qısası, ABŞ-Azərbaycan münasibətləri çoxdandır ki, diplomatik yaradıcılığa susayıb. Ümid edək ki, səfirin Bakıdakı fəaliyyəti Ağ Evin Azərbaycana münasibətdə daha peşəkar və hərtərəfli strategiya formalaşdırmasına şərait yaradacaq.
-Adətən ABŞ rəsmiləri bildirirlər ki, ABŞ Azərbaycanla üç mühüm istiqamət üzrə əməkdaşlıq edir: təhlükəsizlik, energetika və demokratiya. Bu siyasət illərdir yerini dəyişmir. Amma insan haqları və demokratiya sahəsində uzun illərdir ABŞ diplomatlarının hər hansısa ciddi bir fəaliyyətinin şahidi olmamışıq. Bunun nəticəsidir ki, “Azadlıq” radiosu qapadıldı, bloklandı, hələ də bu vəziyyətdədir. Bir çox ABŞ təşkilatları ölkədə fəaliyyətini dondurdu və ölkəni tərk etmək məcburiyyətində qaldı. Sizcə, yeni səfir də energetika və təhlükəsizlik məsələlərinə daha çox önəm verəcək, yoxsa insan haqları və demokratiya mövzusunda da prinsipiallıq nümayiş etdirəcək?
-ABŞ rəsmilərinin nə deməsindən asılı olmayaraq, təəssüf ki, fakt ondadır ki, insan haqları mövzusu artıq bir neçə ildir yüksək səviyyəli ABŞ-Azərbaycan təmaslarının gündəliyindən çıxarılıb. Daha doğrusu, Vaşinqtonla Bakı arasında enerji və təhlükəsizlik dialoqları mövcud olsa da demokratiya sahəsində birbaşa dialoq 2013-cü ildən bu yana aparılmayıb. Sonuncu dəfə Obama administrasiyası dövründə o vaxtkı dovlət katibinin insan haqları üzrə müavini Tom Malinovski 2015-ci ildə Bakıya getməyə cəhd etsə də ona imkan verməmişdilər. Daha əvvəl isə onun müavini Tomas Melianın 2013-cü ildə Azərbaycana vizası ləğv edilmişdi və beləliklə də ABŞ-Azərbaycan demokratiya dialoqları faktiki olaraq dondurulmuşdu. Tramp administrasiyasına gəldikdə, hazırda ABŞ diplomatiyası insan haqlarını birbaşa olaraq ölkələrarası təmaslarda ayrıca dialoq istiqaməti kimi təqdim etməkdə maraqlı deyil. Bu, ya Azərbaycan xalqının öz marağında olmalı və bunu açıq şəkildə xalq olaraq ortaya qoymalı, ya da regional təhlükəsizlik strategiyası çərçivəsində, yəni, Azərbaycanın özünün könüllü olaraq götürdüyü öhdəlikləri, eləcə də öz milli maraqları müstəvisində müzakirə edilməlidir. Yəni, Qərb institutlarına inteqrasiya çərçivəsində insan haqlarına hörmət və bütün bunların qarşılığında isə ABŞ-Azərbaycana birbaşa təhlükəsizlik təminatı, silah satışı və digər məsələlərdə siyasətini nəzərdən keçirə bilər. Yeni səfir Azərbaycana 907-ci müddənin nəhayət ki, aradan qaldırılması işində də köməklik göstərə bilər – onun diplomatik karyerası və Vaşinqtondakı nüfuzu buna imkan verir. Son proseslər, eləcə də Bakıya karyeralı səfirin təyinatı onu deməyə əsas verir ki, ABŞ özü də məhz ikinci xəttə üstünlük verməkdə maraqlıdır. Bir sözlə, seçim Azərbaycanındır: ya Rusiyanın qılıncı altında boyun əyib, öz evimizdə köləyə çevrilməliyik, ya da Qərbə doğru seçimimizi təsdiqləyib həm özümüzə, həm də siyasətimizə balaca əl gəzdirməliyik. Yeni səfir də çox güman ki, buna uyğun olaraq davranacaq. Yəni, sayanın quluyuq, saymayanın ağası prinsipi ilə…
contact.az