Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov üzləşdiyi haqsızlığa etiraz əlaməti olaraq həbsdə aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynovla bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. M.Hüseynova qarşı bu cür yanaşmanın dözülməz olduğunu vurğulayan R.İbrahimbəyov qeyd edib ki, M.Hüseynovu ölümə sürükləyənlər anlamalıdırlar ki, bununla gələcəyimizi məhv edirlər: “Əgər sənin gözlərin önündə bir gənci vicdanı, şərəfi və ləyaqəti olduğuna görə ölümə sürükləyirlərsə, bundan sonra necə yaşamalı?!
80 yaşlı Əkrəm Əylisliyə qarşı cəfəng cinayət işi açanda keçmişimizlə haqq-hesab çəkirdilər. Mehman Hüseynovu ölümə sürükləyəndə isə gələcəyimizi məhv edirlər. Artıq saatların söhbəti gedir, proses geridönməz forma alacaq. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, haqq-hesab çəkmək maşınını dayandırmağa çağırıram. Övladlarımızın gələcəkdə normal həyat sürməsini istəyiriksə, biz bu gün onların ən yaxşılarını məhv etməməliyik. Hələ bir əsr əvvəl Şərqdə hamı üçün azadlıq və ədalət nümunəsi olan ölkədə həyatını dövləti içdən yeyən korrupsiya ilə mübarizəyə həsr etmiş gənc insanın edam olunması yolverilməzdir”.