Sivil Toplum” Platformasının siyasi eksperti Nəsimi Məmmədli
Son vaxtlar ölkədə və ölkəmizlə bağlı baş verən bir sıra olayları, eyni zamanda iqtidar yetkililərinin reaksiyalarını və davranışlarını izlədikcə hakimiyyətin real durumu bütün incəliyinədək üzə çıxır. Bu, yalnız Mehman Hüseynovla və digər siyasi məhbuslarla bağlı yaranmış olayda deyil, bir çox digər məsələlərdə də özünü göstərir.
Hakimiyyətin durumunun hansı səbəbdən bu qədər mürəkkəb, ziddiyyətli və anlaşılmaz şəkil aldığına xüsusi toxunmağa ehtiyac görməsəm də, gələcək nəticəsi barədə səthi olsa da danışmaq vacibdir.
Yeri gəlmişkən, bir neçə qeyri-azad ölkədə baş verən köklü siyasi dəyişiklik ərəfəsindəki prosesləri öyrənərkən, həmin ölkələrdə sosial-iqtisadi durumun, psixoloji və siyasi-hüquqi situasiyaların oxşarlığını görmək olar.
Əsasən öz siyasi gücünün və resurslarının tükəndiyini anlayan, ictimai dəstəyinin sürətlə azaldığını hiss edən antidemokratik rejimlər istəməsələr də öz həyəcanını, təlaşını, qorxusunu büruzə verməyə başlayırlar. Əbədi hakimiyyətlərinə hansısa təhlükənin reallaşdığını duyduqca özünü təcridə meyllənir, cəmiyyətə yönəlik daha da sərt siyasət izləyir, qadağaları artırır, qəddarlaşır, mərhəmət hissindən uzaqlaşırlar. Sərt rejimlərin çoxu məhz zorakılığı və əzici siyasəti güclü olmaq kimi anlayır. Nəticədə bir sıra daxili və xarici amillərin təsiri ilə “güclü” vaxtlarında iflasa uğrayırlar.
Azərbaycandakı real sosial-siyasi durumu analiz etmək asan olsa da, siyasi proseslərin növbəti mərhələsini və inkişaf dinamikasını proqnoz etmək xeyli çətindir.
Ölkəmizdəki durumun necə dəyişəcəyi cəmiyyətdəki sosial subyektlərin və sosial institutların durumuna, həmçinin bunlar arasındakı sosial münasibətlərə bağlıdır. Təəssüf ki, bu istiqamətdə cəmiyyətdə çox dərin böhran hökm sürür və sosial əlaqələr sistemi əsasən dağılıb.
Ölkəmizdə siyasi institutların da cəmiyyətə təsirləri minimum səviyyədədir. Hökumət partiyalar üçün bütün hüquqi və siyasi imkanları qapadıb. Xalqın təşkilatlandırılması istiqamətdə bəzi romantik cəhdlər göstərir ki, bir sıra siyasi qurumlar və siyasətçilər hələ də 90-cı illərin köhnəlmiş siyasi təfəkküründən qopa bilmir və hazırkı situasiyadan çıxış yolu tapmağa qadir deyillər.
Cəmiyyətimizin xarakteri elədir ki, burada siyasi dəyişikliyin necə və nə zaman baş verəcəyi barədə açıq müzakirələr hələ diqqət çəkmir. Amma analizlər göstərir ki, dəyişikliklər nə Gürcüstanda, Ukraynada və Ermənistanda olduğu kimi məxməri, nə də ərəb ölkələrində olduğu kimi dağıdıcı baş verəcək. Azərbaycanın dəyişiklik “modeli” barədə danışmağı isə hələ tez saydığıma görə onun üzərində dayanmayacam.
İndi isə kənardan görünən budur ki iqtidar öz içərisindən tədricən fəlakətə sürüklənir. Necə deyərlər, “baltanı öz ayağına vurur”. Bunun bilərəkdən və ya çarəsizlikdən edildiyini demək hələki çətindir. Ancaq hər bir yetkin insan görür ki, hakimiyyət nədənsə çox ciddi narahatdır, təlaşlıdır, özünə güvəni sarsılıb və ardıcıl səhv buraxır. Ölkə daxilində siyasətini sərtləşdirdikcə cəmiyyətdə narazılığı dərinləşdirir və xaricdə sürətlə nüfuz itirir. Hətta iqtidarın ən toxunulmaz ideoloji dəyərlərinin Avropa şəhərlərində ayaqlar altına sərilməsi, təhqir edilməsi də adi hal halıb. Ölkə daxilində zorakılıq artdıqca narazılıqlar da artır.
Əgər 3-5 il öncə siyasi həbslər, təqiblər, basqılar hakimiyyəti gücləndirirdisə, indi zəiflədir. Habelə, hüquq və azadlıqların boğulması hakimiyyətin ömrünü uzadırdısa, indi qısaldır.
Bu gerçəkləri heç nə dəyişə bilməz. Tarixin təbii proseslərini bəzən ləngitmək mümkün olsa da, onu tamamilə dayandırmaq mümkün deyil. Hakimiyyətin inadkarlıq edərək Mehmanı və digər siyasi məhbusları azad etməməsi ölkəyə əlavə zərərlər vuracaq. Ümumölkə boyu nəticəsi gözlənilməz olan bir gərginlik hökm sürür.