Nardaran hadisələrinə görə həbs olunub ümumilikdə 154 il 6 aylıq cəzaya məhkum edilmiş daha 12 nəfərin işindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq. Bu barədə Nardaran məhbuslarının yaxınları bildirib.
Bu iş üzrə ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi. Yanvarın 8-də Ali Məhkəmə «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov da daxil, 12 nəfərin kassasiya şikayətinə baxıb və aşağı instansiya məhkəmələrinin çıxardığı hökm-qərarlar qüvvədə saxlanıb.
Məhkəmədə təqsirləndirilən 12 nəfərdən yalnız İsa İbrahimov iştirak edib. Dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama və başqa maddələrlə onlara verilmiş ittihamların hamısının yalan, əsassız olduğunu deyən ilahiyyatçı bildirib ki, Nardaran hadisələri baş verəndə o, heç Azərbaycanda olmayıb. Onu ziyarətdən qayıdarkən sərhəddə saxlayıb birbaşa polis idarəsinə aparıblar: «Bu ittihamların mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur».
İ.İbrahimov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Ardınca vəkillər çıxış edərək cinayət işinin materiallarındakı ziddiyyətlərdən, təqsirləndirilən şəxslərə verilən işgəncələrdən danışıblar. Bildiriblər ki, Nardaran məhbuslarına fiziki və mənəvi işgəncələr altında dindirmə protokollarına imza atdırılıb. Ona görə də, həmin ifadələr mötəbər sübut sayıla bilməz.
Müdafiəçilərin sözlərinə görə, ilahiyyatçı E.Qasımov 2015-ci il noyabrın 5-də axşam saatlarında evinə qayıdarkən onu gözləyən iki polis saxlayaraq şöbəyə gətirib. Ona polisə müqavimət suçlamasıyla 30 sutka inzibati həbs cəzası verilib. Yəni, noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı E.Qasımov həbsdə idi. Lakin həmin olaylardan sonra E.Qasımovun haqqında cinayət işi başlanıb, ona qarşı 10-dan artıq ağır cinayət maddələri ilə ittiham irəli sürülüb.
Vəkillər E.Qasımov da daxil, təqsirləndirilən şəxslərin hamısının günahsız olduğunu bildirib və bəraətverici əsaslarla onların haqqındakı cinayət işinə xitam verilməsini xahiş edib.
Hakimlər qısa müşavirədən sonra kassasiya şikayətlərinin təmin olunmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan edib. Apellyasiya Məhkəməsi də öz növbəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı. Həmin hökmə əsasən, Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 15 il, Nahid Qəhrəmanova 13 il, İsa İbrahimov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seyfəddin Şirvanovun hər birinə 12 il 6 ay, Əli Şahbazov, Seymur Aslanov, Ramil Əliyev və Əmirəli Əliyevə isə 12 il 3 ay həbs cəzası kəsilib.
Azadlıq Radiosu