Müxalifətin mitinqlərində iştiraka görə Azərbaycanda adamlar işindən məhrum edilə bilər, özü də ki, təkcə dövlət müəssisəsindən yox.
Parlamentdə təmsil olunmayan partiyalardan birinin iddia etdiyinə görə, ötən il onun 30 üzvü işdən azad edilib. Bəzən isə işdən təkcə müxalifətçilər yox, onların qohumları da çıxarılır.
39 yaşlı Bəxtiyar İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 16 il ərzində elmi işçi kimi çalışıb. Keçən ilin martında bir müxalifət mitinqi ərəfəsində onu işdən azad etdilər – həmin mitinqin təşkilatçılarından biri Bəxtiyar idi.
Hər bir aksiyadan qabaq siyasi fəalları və mitinqin təşkilinə kömək edənləri polisə çağırıb onların iş yerlərilə maraqlanırlar, Bəxtiyar deyir. Belə bir prosedurdan onun özü də keçib.
İmanovun sözlərinə görə, bir neçə gündən sonra institutun direktor müavini onu yanına çağırıb dedi ki, “yuxarıdan onu işdən çıxarmaq tapşırılıb”.
Bir bəhanə kimi, onun guya iş vaxtı iş yerində olmaması səbəbi gətirilib.
“Mən onlara dedim ki, mitinqlərə yalnız şənbə və bazar günləri gedirəm, bunun mənim işimə nə dəxli var?” – İmanov xatırlayır.
İmanov siyasətə 2009-cu ildə gəlib, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) daxil olanda. İşdən azad edildikdən üç gün sonra o partiyanın idarə heyətinin üzvü oldu.
“Onlarca hal“
Həbslər kimi, işdən azad edilmə – mitinqlərdə iştiraka görə ən geniş yayılmış cəza üsullarından biridir, hüquq müdafiəçisi Rəsul Cəfərov deyir. Gerçək miqyas barədə nəsə demək çətindir, çünki işverənlər adamı işdən azaedəndə heç də həmişə ona demirlər ki, bunu siyasi motivlərə görə edirlər.
“Mitinqlərlə bağlı bizdə onlarca belə hal olub, – AXCP sədri Əli Kərimli deyir. – [2018-ci ildə] mitinqdən sonra partiyanın idarə heyətinin üç üzvü və onların qohumları işdən çıxarıldı. Ümumiyyətlə isə il ərzində mitinqlərə görə partiyanın 30 üzvü işdən çıxarılıb”.
Ötən ilin mart və aprel aylarında müxalifət (Xalq Cəbhəsi, Müsavat, Demokratik Qüvvələrin Mili Şurası) Bakıda “Məhsul” stadionunda mitinqlər keçirib.
Bura tribunası olmayan kiçik bir stadiondur, polis girişində mitinqə gələnlərin hamısını yoxlayır. Həmçinin orada video kameralar da asılıb.
Uzun illərdir ki, bura müxalifətə mitinqlərini keçirməyə icazə verilən yeganə yerdir.
Adətən korrupsiyaya qarşı etiraz edən, hakimiyyəti pul yumaqda təqsirləndirən və seçki saxtakarlıqlarından danışan müxalifət parlamentdə təmsil olunmayıb. Hökumət mətbuatı müxalifəti radikal adlandırır. 2000-ci illərin əvvəllərində bu partiyaların mitinqlərinə on minlərlə insan toplaşardı, lakin indi onlar üçün bu stadionu doldurmaq qəliz bir məsələyə çevrilib. Ən yaxşı halda onlar bir neçə min adam toplaya bilir.
“Faktiki olaraq bu stadionda mitinqlər bağlı rejimdə keçirilir, – Müsavat partiyasının başqanı Arif Hacılı deyir. – Girişdə güc strukturları hamını kameralara çəkir. Çoxlarının mitinqlərdən kənar durmalarının səbəblərindən biri də məhz bundadır”.
Onun sözlərinə görə, dövlət kütləvi aksiyalardan ehtiyat edir, mitinqdə kameralara düşənlərin isə işdən çıxarılması – iştirakçıların sayının azaldılmasının təsirli yollarından biridir.
AXCP lideri Əli Kərimli onunla razıdır. “İşi itirmək qorxusu ona gətirib çıxarır ki, bu, bəzən həbsdən də ağır cəzaya çevrilir, – o deyir. – Əgər adamın özü işləmirsə, onda onun qohumlarını işdən qovurlar”.
“Buna son qoy“
İlk dəfə Bəxtiyar İmanovu polisə 2016-cı ildə, növbəti mitinqdən sonra çağırıblar.
Bir neçə gündən sonra Elmlər Akademiyasının rəhbərliyi ilk dəfə onun siyasi fəaliyyətilə maraqlandı. “Mənə deyirdilər “Buna son qoy”, lakin mən partiyada qalmaqda davam edirdim”, – o xatırlayır.
İmanovun söylədiyinə görə, iki il bundan əvvəl Elmlər Akademiyasının idarə heyətinin işlər idarəsinin müdiri Fətəli Abdullayev onu görüşə çağırıb.
“O mənə dedi ki, qohumlarımın iş yerlərini bilir və mitinqlərə getməkdən əl çəkməsəm onları tezliklə işdən çıxaracaqlar”, – İmanov xatırlayır.
Görüşdən dərhal sonra o, Akademiyaya özünün siyasi fəaliyyəti və mitinqlərdə iştirakı barədə izahat yazıb.
İmanov xatırlayır ki, işdən çıxarılan anadək ümid edir ki, onu unudarlar. Lakin 2018-ci ilin martında müxalifətin keçirdiyi yeni mitinqlər yenidən hakimiyyətin diqqətini ona yönəltdi, Bəxtiyar hesab edir.
Fizika İnstitutunun rəhbərliyi iddia edir ki, İmanov “proqullara” görə işdən çıxarılıb və hər hansı siyasi motivin olduğunu inkar edir.
“Laboratoriyadan ərizə gəldi ki, o, bir neçə gündü ki, işə çıxmır. Mən onu çağırıb dedim ki, buna görə səni işdən çıxaracağıq”, – İnstitut direktorunun müdir müavini Cavad Abdinov deyir.
Onun təbirincə, əvvəlki “proqullara” görə, İmanova atrıq xəbərdarlıqlar edilmişdi.
İmanovun özü isə deyir ki, iş vaxtlarını buraxmayıb və xəbərdarlıqlar almayıb.
Onun sözlərinə görə, işdə onun boş vaxtlarında nə ilə məşğul olduğunu bilirdilər, lakin onun siyasi baxışları ilə bağlı heç bir irad bildirilməmişdi.
Elmlər Akademiyasının işlər müdiri Fətəli Abdullayev BBC-yə deyib ki, nə İmanovu, nə də onun işdən azad olunması barədə söhbəti xatırlamır.
“Hakimiyyətə yaxın adamlar“
Siyasətçilər və hüquq müdafiəçiləri qeyd edirlər ki, mitinqlərdə iştiraka görə işi təkcə dövlət müəssisələrinə yox, özəl şirkətlərdə də itirmək olar.
AXCP-nin daha bir üzvü, Ruslan Qurbanlı deyir ki, siyasi fəaliyyətinə görə işini üç dəfə itirib. Sonuncu işindən – özəl aqrar şirkətdə satış üzrə menecer vəzifəsindən – onu iki dəfə çıxarıblar.
O, ikinci dəfə 2013-cü ildə yeni rəhbərlik gələndən sonra işə bərpa olunub. Ötən ilin avqustunda isə Ruslan partiyasının həbs olunmuş üzvlərinin müdafiəsi məqsədilə keçirilmiş aksiyada iştirak etdi və noyabr ayında onun iş müqaviləsi uzadılmadı.
Qurbanlının təbirincə, işdə ona dedilər: “Siz bizdə daha işləyə bilməyəcəksiniz, biz hakimiyyətə yaxın adamlarıq, sizə uğurlar”. Bu şirkətin kadrlar şöbəsində BBC-yə deyilib ki, Qurbanlı “özü gəlib işdən çıxması barədə ərizə yazıb”.
“İndiyədək teatrımı yuxuda görürəm”
Dövlət Musiqili Teatrın aktyoru Seymur Namazov işdən çıxması haqqında ərizəni həqiqətən də özü yazıb və indi buna görə heyfslənir.
2017-ci ilin noyabrında, Müsavat partiyasının piketində iştirak etməsinin səhərisi günü truppanın rəhbəri onun yanına çağırıb.
“O, mənim şəkillərimi mənə göstərib dedi: “Rəhbərlikdən əmr gəlib ki, sən bir daha işə gəlməyəsən. İşdən çıxmağın barədə ərizəni yaz”, – Namazov xatırlayır.
Həmin gün Seymuru axşam oynamalı olduğu tamaşadan kənarlaşdırdılar. O dərhal vəkillə danışdı, vəkil ona dedi ki, ərizənin yazılması səhv olub, lakin bu səhvi düzəltmək olar: Əmək Məcəlləsinə əsasən, işverən işə yeni işçi götürməyibsə, ərizəni geri çağırmaq olar.
Namazovun sözlərinə görə, o, ərizəni şok vəziyyətində yazıb. Lakin onu bərpa etmədilər; o, məhkəməyə müraciət etdi, lakin məhkəməni də, apellyasiya prosesini də uduzdu. İndi onun işi Ali Məhkəmədədir, özü isə hələ də işsizdir.
Teatrın maraqlarını təmsil edən vəkil İlham İbadov isə iddia edir ki, işdən çıxmaq barədə ərizə yazandan sonra Namazov bütün sənədlərini təhvil verib, haqq-hesabını alıb və yalnız bundan sonra bərpa olunmağa gəlib.
Vəkilin sözlərinə görə, hətta teatr onunla əlaqə yaratmağa çalışanda da, o, işə gəlməyib.
“17 ildir ki, bu teatrda gecə-gündüz çalışdım, qastrollarda iştirak etdim, hələ də teatrımı yuxuda görürəm, – Namazov deyir. – Digər teatrlarla bağlı variantlar var idi, amma onlardan birində mənə artıq başa saldılar ki, “bəlkə də yaxşı bir rəqqassan, ancaq müxalifətdəsən”.
“Prinsip məsələsi“
Azərbaycan prezidentinin mətbuat xidmətində bu halları şərh etməkdən imtina edərək bunun onların səlahiyyətlərinə aid olmadığını bildirdilər.
Parlamentin insan haqları üzrə komitəsinin üzvü Fazil Mustafa deyib ki, siyasi baxışlarına görə işdən çıxarılma halları barədə onun məlumatı yoxdur, lakin “belə bir tendensiya var” və onun təbirincə, bunu dayandırmaq lazımdır. Amma, “deputatlar bunun üçün nə edə bilər” sualına onun cavabı belə oldu: “Bunun üçün bizim heç bir qüvvəmiz yoxdur”.
Azərbaycanda insan hüquqları üzrə ombudsmanın ofisindən BBC müxbirinə bildirilib ki, onlara siyasi səbəblərdən işdən azad edilmə halları barədə şikayətlər daxil olmayıb.
Keçmiş elmi işçi Bəxtiyar İmanov yerli məhkəmələrdə işini uduzub, yanvar ayında onun işinə Ali Məhkəmədə baxılacaq. Orada da uduzsa, İmanov Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
Siyasətçi hesab edir ki, o, hakimiyyət üçün daha böyük təhlükə kəsb edir, nəinki onun partiyadaşları – ona görə ki, o, mitinqlərin təşkili ilə məşğul olur.
İmanov hesab edir ki həmin səbəbdən də Biləsuvarda yaşayan qohumlarını da işdən çıxarıblar. Onun sözlərinə görə, peşə məktəbinin bağbanı işləmiş qardaşı və 12 il riyaziyyat müəlliməsi kimi işləmiş bacısı da məhz həmin səbəbdən işdən çıxarılıb.
Məktəbdə isə bunu onun bacısının “ixtisas səviyyəsinin aşağı olması ilə izah ediblər”.
“Yaxşı, məni işdən çıxarırsınız, lakin ucqar kənddə yaşayan mənim qardaşım və bacımın buna nə dəxli, onlar nə edib?” – İmanov deyir.
Onun sözlərinə görə, keçən ilin martından onun qardaşı və bacısı işsiz qalıblar, bağda əkin-biçinlə məşğuldurlar, 74 yaşlı atalarının pensiyası ilə dolanırlar..
“İndi mənimdə iki uşağım var və mən qazancsız qalmışam”, – o deyir.
Onun sözlərinə görə, bir çoxları onun 230 manatlıq maaşlı işi üçün məhkəmə çəkişməsini nəyə görə davam etdirdiyini başa düşmürlər.
“İş təkcə pulda deyil, mənim üçün bu iş prinsipial əhəmiyyət kəsb edir”, – İmanov deyir.
bbc.com