Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının açıldığını elan edib.
İsveçli diplomat, səfir Peter Tejlerin rəhbərlik etdiyi missiyaya 12 ekspert daxildir.
Yanvarın 14-də onlara ölkə boyunca yerləşdiriləcək 30 uzunmüddətli müşahidəçi qoşulacaq.
Digər 350 qısamüddətli müşahidəçi isə birbaşa seçkilərə gələcək.
P.Tejler mətbuat konfransında bildirib ki, missiya Azərbaycan hökumətinin dəvəti ilə və ehtiyacların qiymətləndirilməsi missiyasının ölkəyə səfərindən sonra baş tutub.
O qeyd edib ki, missiyanın seçkilərlə bağlı öncədən formalaşmış fikri yoxdur.
“Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacayıq”, – o vurğulayıb.
Missiya parlament seçkilərinin ATƏT öhdəliklərinə, digər beynəlxalq standartlara, demokratik seçkilərin keçirilməsi üzrə öhdəliklərə və milli qanunvericiliyə nə dərəcədə uyğunluğunu qiymətləndirəcək.
Müşahidəçilər namizədlərin qeydiyyatını, seçkiqabağı təşviqatı, seçki administrasiyasının və müvafiq dövlət qurumlarının işini, şikayətlərə baxılmasını izləyəcəklər. Müşahidə çərçivəsində missiya həmçinin kampaniyanın KİV-də işıqlandırılmasını izləyəcək.
P.Tejler deyib ki, seçkilərlə bağlı heç bir şərh olmayacaq, yalnız hesabatların – səsvermədən sonrakı gün seçkilərin nəticələrinə dair ilkin və iki ay sonra yekun – açıqlanması nəzərdə tutulur.
“Biz seçki polisi deyilik. Yalnız seyr edəcəyik. Seçkiləri legitimləşdirmirik və nəticəsi bizi maraqlandırmır. Hesabatımız müşahidələrə əsaslanacaq “dedi.
“Biz seçkilər polisi deyilik. Biz seçkiləri yalnız müşahidə edəcəyik. Seçkiləri legitimləşdirmirik və bizi seçkilərin nəticələri maraqlandırmır. Müşahidələrimiz əsasında hesabat hazırlanacaq”, – P.Tejler bildirib.
O, jurnalistlərin suallarının cavabında deyib ki, Azərbaycanda medianın vəziyyəti missiyanın diqqət mərkəzində olacaq.
“Ölkədə medianın vəziyyəti diqqətimizdən yayınmayacaq. Biz media monitorinqi həyata keçirəcəyik”, – o deyib.
“Azərbaycanda hər seçkilərdən sonra ATƏT-in tövsiyələrinə əməl olunurmu?” sualının cavabındada P.Tejler deyib: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik. Buna cavabdeh Azərbaycan cəmiyyətidir. Deyə bilərəm ki, Azərbaycanda tövsiyələrə əməl olunmur”.
Əvvəlki illərlə müqayisədə seçkiqabağı mühitdə hər hansı dəyişikliyin olub olmaması barədə sualın cavabında P.Tejler deyib ki, seçkiqabağı mühitlə bağlı hesabat verilib. “Biz prosesi izləyirik və seçkilərdən sonra yekun hesabat dərc olunacaq”, – P.Tejler vurğulayıb.
Turan