ABŞ hərbi təhlükəsizlik sahəsində Azərbaycanla münasibətlərini “regional kontekstdə nəzərdən keçirir, çünki Azərbaycan bu məsələdə daha çox rol oynayır”, – ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper Turan-ın müxbirinə bildirib.
Çərşənbə günü Vaşinqtonda Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərin qarşısında çıxışı zamanı Kuper bildirib ki, onun ölkəsi MDB və NATO ölkələri arasında əməkdaşlığı genişləndirməyə çalışır və “2020-ci ildə onları bir-birinə yaxınlaşdırmaq üçün” bunun üzərində işləyəcək.
Bu il Vaşinqton həmin məsələnin müzakirəsinə vaxt ayırmağı planlaşdırır. “Biz keçmiş SSRİ respublikalarını NATO ölkələri ilə daha da uyğunlaşmağa təşviq etməkdən danışırıq”, – o qeyd edib.
Bakı ilə hərbi təhlükəsizlik sahəsindəki maneələr, o cümlədən ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən “Azadlığa dəstək” qanununa 907-ci düzəliş barədə sualın cavabında dövlət katibinin köməkçisi deyib:
“Azərbaycan bölgədə getdikcə daha çox rol oynayır. Əfqanıstandakı vəziyyətə baxdığımızda bu rol şübhəsiz ki, əhəmiyyətlidir. Biz buna Azərbaycanın artan rolunu nəzərə alaraq regional kontekst nöqteyi-nəzərindən baxırıq”.
Konqresin 907-ci düzəlişi 2002-ci ildə müvəqqəti ləğv edildi və bu ləğv hər il uzadıldı. Sonuncu dəfə uzatma ikiillik gecikmədən sonra 2019-cu ildə Tramp administrasiyası tərəfindən təsdiqlənib.
Mətbuat konfransı zamanı Kuper indiki administrasiyanın qlobal miqyasda hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istəyini də vurğulayıb.
O, bütün dünya üzrə müttəfiqləri və tərəfdaşlarını Amerikaya təhlükəsizlik üzrə ən yaxşı tərəfdaş kimi baxmağa və “ölkələr Çin və Rusiyadan hərbi alış-verişlər edərkən” yaranan risklərdən ehtiyatlanmağa çağırıb. Onun sözlərinə görə, Vaşinqton təkcə “keyfiyyət yox, həm də məsuliyyət” təklif edir.
ABŞ Amerika silahlarını alan ölkələrin bundan insan hüquqlarının pozulması üçün istifadə etməməsini necə təmin edə bilər? Turan-ın bu sualını cavablandıran Kuper deyib ki, Dövlət Departamenti hər il hər ölkədəki vəziyyəti nümayiş etdirən “İnsan hüquqları haqqında” hesabatı dərc edir. Hesabat yalnız birdir, ancaq yeganə oriyentir deyil.
Çox vaxt dövlətlər müəyyən bir silah növünü modernləşdirməyə və ya sonrakı nəsil silahları əldə etməyə çalışırlar. Bu vəziyyətdə təkcə vəziyyətin təhlili deyil, həm də bu ölkədə insan hüquqlarına riayət olunmasının qiymətləndirilməsi tələb olunur, dövlət katibinin köməkçisi deyib.
Kuper buna nümunə olaraq Türkiyənin Rusiyadan S-400 HHM sistemini almasını göstərib. Onun sözlərinə görə, bundan sonra Ankara F-35 qırıcılarının alınması üzrə proqramda iştirak imkanlarını itirib.
“Bizim Türkiyə ilə geniş hərbi əməkdaşlığımız var. O, əvvəlkitək tərəfdaşdır və NATO-ya üzv dövlətdir. Lakin S-400-ün alınması ilə bütün bunları təhlükə altına aldı. Türkiyənin bu vəziyyətdə itkisi digər ölkələr üçün dərs oldu. Baxın, Türkiyə nə itirdi və daha nələr itirə biləcəyinə baxın”, – o deyib.-
Contact.az