![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2020/02/fariz-huseynli.jpg)
ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli koronavirusla bağlı özünün feysbuk səhifəsində daha bir maraqlı material paylaşıb. Biz də onu sizə təqdim edirik:
Coronavirusa qarşı hansı iqtisadi tədbirlər görmək lazımdır? Son günlərdə maliyyə bazarlarının 2008-dən bəri ən pis həftəsini yaşaması göstərir ki, koronavirusun dünya iqtisadiyyatına təsirinin nə qədər yüksək olacağı tam bilinmir və bazar iştirakçıları hələ ki, tədbirli davranıb pulu riskli bazarlardan çəkib riski az bazarlara yatırırlar. Riskli bazarlar səhm bazarları, yüksək borclu ölkələrin borc bazarı və yüksək riskli şirkətlərin borc kağızlarıdır. Riski az olan bazarlar isə dollar, avro ya da yen ilə denominasiyalı dövlət borcları kağızlarıdır. Bu da əlavə problem yaradır, çünki bir tərəfdən səhm qiymətləri düşür, digər tərəfdən riski az bazarlarda faizlər azalır. Faizlərin azalması isə mərkəzi banklar üzərində təzyiq yaradır ki, qısa müddətli faizləri də aşağı çəksinlər. Həm də ona görə ki, bazarda likvidlik azaldıqca faizlərin yüksək qalması likvid olmayan banklar-bazar iştirakçıları üçün böyük problemdir. Mərkəzi banklar buna görə yekdilliklə çıxış edərək likvidliyin təmin olunması üçün lazımı tədbirlər görəcəyini deyirlər.
Bir məqam da var ki, bu prosesdə dolların qiyməti, əsasən inkişaf etməkdə olan ölkələrin valyutasına qarşı qalxmağa başladı. Belə qısa müddətdə tez bahalaşan dollar isə təkcə ABŞ üçün yox, bütün dünya üçün iqtisadi təhlükələr yaradır. Bu baxımdan ayrı-ayrı ölkələr dollar asılılığını həmişə nəzarətdə saxlamalıdırlar. Azərbaycan kimi sabit məzənnə izləyən ölkələrdə isə bu təzyiq daha böyükdür və kifayət qədər rezervlər olmalı və bazarda panikanı azaldacaq likvidliyin təmin edən çıxışlar və addımlar atmaq lazımdır.
Amma mərkəzi bankların atacağı addımların təsiri gec görünəcək. Əlbəttə bazarların etimadını-etibarını artıracaq açıqlamalar verməlidirlər amma addımların real iqtisadiyyata təsiri dərhal olmur. Yəni faizləri azaldanda bunun iqtisadiyyata keçidi bəzən 6 ay, bəzən 1 il çəkir (inkişaf etməkdə olan və dövlətdən asılı iqtisadiyyatı olan ölkələrdə tez ola bilər). Monetar siyasətə paralel olaraq büdcə siyasətində lazımı addımları atmaq lazımdır. Məsələn, birincisi səhiyyə sektorunda virusun yoxlanması, xəstələrin müalicəsi və karantinası üçün külli miqdarda vəsait olmalıdır. Büdcədən bu vəsaiti ehtiyat kimi ayırmaq lazımdır. Virusu yoxlamaq üçün xüsusi testlər lazımdır. Bu testi tədarük etmək, təsiri yüksək regionlarda düzgün istifadə etdirmək və testin nəticəsində xəstəliyə yoluxanlara lazım olarsa əlavə dərmanların tədarük edilməsi üçün tədbirlər görülməlidir.
İkincisi, virusun təsirini azaltmaq üçün bəzi istehsal sahələrində yerdəyişmələr etmək olar. Məsələn bəzi ölkələrdə əlaqədar fabrik zavodlara maska istehsalını artırmaq üçün əlavə tədbirlər görülüb, həmin şirkətlərə əlavə maliyyə dəstəyi verilib. Yəni ölkə iqtisadiyyatında resurslardan istifadə edib virusun geniş yayılmasının qarşısını alan tədbirlər olmalıdır.
Üçüncüsü, əlbəttə virusun təsir etdiyi sənaye və xidmət sektorları var. Bu sektorlarda fəaliyyət göstərən şirkətlərə maliyyə dəstəyi vermək, borcları varsa banklarla əlverişli şərtlərdə yenidən anlaşmalarını təmin etmək, işsiz qalan vətəndaşlara dəyən təsirin ölçüb buna uyğun tədbirlər görmək lazımdır. Ölkənin idxal-ixracında tərəfdaş ölkələrdə yaranan problemlərə görə əgər hansısa sahədə istehsal-xidmət dayanırsa, yeni tərəfdaşlar tapılmasına kömək etmək lazımdır.
Bu tədbirləri görən ölkələrə baxsaq, məsələn Çinin Maliyyə Nazirliyi 13 milyard dollarlıq birbaşa yardım paketini açıqlayıb, bunun 3 milyardı mərkəzi hökümətdən gəlir. Paketin detalları yoxdur, amma hər halda sektorlar üzrə ünvanlı yardımlar olacaq. Hong Kong artıq 15 milyard dollarlıq plan hazırlayıb – planda vətəndaşlara birbaşa nağd pul yardımından tutmuş kiçik-orta şirkətlərə vergi endirimi, ünvanlı sektorlar üzrə yardımlar paketinə qədər tədbirlər var. Malayziya da turizmdən tutmuş ən çox ziyan dəymiş istehsal (bitki yağları) sahələrinə qədər xüsusi yardım paketi (4 milyard dollar) açıqlanıb. Sinqapur da təxminən 5 milyard dollarlıq paket açıqlayıb. İtaliyada hələ tam yardım paketi açıqlamayıb, amma Avropa Birliyi ilə və BVF ilə danışıqlar gedir, çünki İtaliyanın dövlət borcu və büdcə kəsiri onsuz da yüksəkdir. ABŞ-da da Trump höküməti Konqreslə danışıqlara gedərək xüsusi büdcə paketi hazırlamağa çalışır. İranla bağlı məlumatım yoxdur, bilənlər paylaşsın.
Yəni ümumi götürəndə ayrı-ayrı ölkələr artıq koronavirusun təsirini azaldıcı tədbirlər görürlər. Əlbəttə bazar iqtisadiyyatında bəzən pul ayırmaqdan çox dövlətin çevik reaksiyası, bazara göndərdiyi siqnallar vacib olur. Dövlətdən asılı iqtisadiyyatlarda isə birbaşa dövlətin real-pul yardımına ehtiyac böyük olur. Bu da olmayanda iqtisadiyyat daralma, durğunluq mərhələsinə keçir ki, gec reaksiya verəndə bunu düzəltmək çətin olur. Ən əsası da gərək bütün bu proseslərdə şəffaf olasan və ictimaiyyətlə daima kommunikasiya içində olasan ki, əssasız panikanın qarşısını alasan, iqtisadiyyatı və əhalini düzgün yönəldəsən. Ona görə mütləqdir ki, bu prosesdə liderliyi ört-basdır mentaliteti olan yox, böhranı idarə etmə və güclü kommunikasiya bacarığı olan kadrlara verəsən.