
Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli 85 min manat pul tələbinə dair birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni əsassız və qanunsuz sayaraq Bakı Apellyasiya Məhkəmsinə apellyasiya şikayəti ünvanlamışdı. Apellyasiya instansiyası da də absurd qətnaməni qüvvədə saxlayaraq Azərbaycanda məhkəmə hakimiyyətinin PA-nın davamı, ali icra orqanlarından gələn təlimatları təsdiqləyən kontor olduğunu bir daha təsdiqlədi.
Əzici repressiya maşınının “hüquqi maşa” funksiyasını yerinə yetirən, ədalət ilahəsi Femidanın, onun övladları Dikenin-Ədalətin, Evnomiyanın-şükranlı qanunçunun, Eyrenin-Barışın heykəllərini çilik-çilik edərək məhkəmə salonundakı zibil qutularına tulazlayan “Troyka”dan adil qərar gözləmək, şübhəsiz, sadəlövhlük olardı.
Ötən gün keçirilən məhkəmə iclasında iştirak etdim. Gültəkin xanımın parlaq çıxışına, puç iddianın hüquqla deyil, daha çox qisasçı siyasətlə bir araya sığdığına, qondarma iddia tələbinin təkzibedilməz dəlillərlə sındırıldığına şahidlik etsəm də sifarişli və ədalətsiz qərar ortadadır. Çünki Azərbaycan hakimiyyəti hüquqi və mənəvi dəyərlərin heçliyi üzərində qurulub ki, bu da sosial-hüquqi hadisə kimi hüquqi nihilzmi, yəni hüquq qaydalarına və qanunçuluğa etiniasız münasibəti doğurur.
Gültəkin Hacıbəylinin Əliyev rejiminə qarşı apardığı dönməz və prinsipial mücadiləsi, gündəlik ifşaedici mətn və nitqləri davam etdikcə repressiv rejim də ağlasığmaz dərəcədə şiddətin dozasını artırır. Heç nəyin əxlaqi və ya qeyri-əxlaqi olmaması barədə metaetik təsəvvürə malik hakimiyyətin mənəviyyatsız hücumları ilə qarşılaşır, üstəlik, daşınar və daşınmaz əmlakı rəsmən soyulur.
Lakin bütün baş verənlərə görün Gültəkin xanım necə reaksiya verir: “Bundan sonra bu mənəviyyatsız, quldur faşist idarəetməsi ilə daha sərt, daha prinsipial, daha ardıcıl mübarizə aparmaq mənim boynumun mübarək borcudur!”
Mən də bu quldur faşist idarəetməsinin Gültəkin Hacıbəyliyə qarşı həyata keçirdiyi repressiyaları lənətləyir, bir an öncə durdurulmasını tələb edir, təkcə siyasət adamı kimi deyil, həm də qardaş kimi Gültəkin xanımın yanında olduğumu ifadə edirəm!
Rüfət Səfərov