![gultekin hacibeyli-yeni](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2013/01/gultekin_hacibeyli-yeni.jpg)
Milli Şuranın sədri Cəmil Həsənli
Əliyev rejiminin Gültəkin xanıma qarşı etdikləri “rəzalət” sözünü də adiləşdirdi. Lap Mixail Rommun iki seriyalı sənədli və publisistik “Adi faşizmi” filmində olduğu kimi. İnsanları siyasi mövqeyinə, etnik kimliyinə görə təqib edən kommunist və faşist rejimləri onların mal-mülkünü də əllərindən alır, yalançı məhkəmə hökmləri ilə onların üzərinə ağır iqtisadi və maliyyə sanksyaları qoyurdular. Dünən Azərbaycanda bunu da gördük.
Millətin öz haqqına qovuşması, xalqın çağdaş dəyərlərə tapınması yolunda mücadilə verən Gültəkin xanım Əliyev məhkəmələri tərəfindən zərrə qədər hüquqi əsası olmayan 85 min manatlıq cərimə sanksiyasına məruz qaldı. Bu hökmü şərəf və ləyaqətin, peşə namusun kleptokratik rejimə təslim etmiş hakimlərlə elə bir əlaqəsi yoxdur. Zatən bu ölkədə bir seçici olduğu kimi bir hakim də var. Və həmin o, baş hakim ölkənin hüquq sistemini məhv etmiş, məhkəmələri ailə xidmətçisinə çevirmiş İlham Əliyevdir. Ona görə də sadəlövh olmağa gərək yoxdur, hökmü elan etmək işin formal tərəfidər. Amma böyük Fizuli demişkən: hökm onun hökmü, fərman onun fərmanıdır.
Ayrı heç kim bu cəfəngiyyata dövlət adından hökm çıxara bilməz. Dövləti vətəndaşın gözündə belə rəzil duruma sala bilməz.
Əlbəttə hökmün dəsturu İlham və Mehriban Əliyevlərdən gəlib. Çöxları hakim ailəyə mələk donu geyindirmək üçün uzun müddət bütün rəzaləəti Ramiz Mehdiyevlə bağlamağa çalışırdılar. Əlbəttə çoxlu rəzalətlərin icrası Mehdiyevdən keçirdi. Amma hökmü və fərmanı ailə verirdi. İlham Əliyev və Gültəkin xanımın işində dəsti xətti açıq duyulan Mehriban Əliyevə verirdi. İlham Əliyevin kleptokratik idarəçiliyi qisasçılıq üzərində qurulub. Bu ona vərəsəlik yolu ilə keçib. Atası da qisasçı idi. Sovet dövründən başlayaraq çoxlu evlər yıxdı, çoxlu ailələri ağlar qoydu. İndi eyni dəsti xətti oğlu sərgiləyir. Müstəbid Məhəmməd Rza şahın etmədiklərini Azərbaycanda sərgiləyir. Dövlət mənəm düşüncəsi ilə ölkədə Səddam Hüseyn İraqının kiçik modelini yaradıb.
Beriya həbs ediləndə Amerikanın MKİ onun həbsi ilə bağlı geniş bir arayış hazırlamışdı. Orada deyilirdi ki, Sovet elitasında daxil olan siyasi fiqurlardan kimsə həbs ediləndə az qala Sovet cinayət məcəlləsinin bütün maddələri ilə ona qarşı ittiham irəli sürülür. Bugün həmin düstürü İlham Əliyev ram edə bilmədiyi gerçək müxalifətçilərə, ölkənin siyasi dirənişini və ictimai namusunu öz çiyinlərində daşıyan Gültəkin xanım kimi xalqın dirilik salnaməsini yazan və zərrəsi olduğu millətin varlıq fəlsəfəsini özündə yaşadan bir vətəndaşa, bir ziyalıya, bir anaya, bir ictimai xadimə qarşı tətbiq edir. Budur bunların xisləti, qisas düşüncəsi, “kişi” siyasət, tez-tez cəmiyyətə sırımaq istədikləri “milli mentalitet” örnəyi.
Yeddi ilə yaxdındır ki, milli davaya qoşulmuş bir xanım rejimin bütün gücü ilə təqib edilir. İlham Əliyev də atası kimi dövlətin resursların öz əleyhdarlarına qarşı səfərbər etməyin ustasıdır. Təqib, şantaj, qarayaxma, böhtan, güdükçülük, düdükçülük, çüğulçuluq, çanlı juçok və trol ordusunun səfərbər edilməsi bu təqib siyasətinin daxili arsenalını təşkil edir. Əvvəl mətbuat adına Əliyevin müxalifətə qarşı istifadə etdiyi “söz dağarcıqları” tərəfindən qaralama başladı. Sonra bir-birinin ardınca ailədaxili münaqişələrdən siyasi məqsədlər üçün istifadə cəhdləri, qaryaxma kampaniyasında iştirak edənlərin dövlət adına mükafatlandırılması, Gültəkin xanımın şəxsi mülkiyyəti olan evinin üzərinə həbs qoyulması, məhkəmə hökmündən öncə maşının cərimə meydançasına aparılması və üzərinə həbs qoyulması, övladın əlindən almağa alçaqcasına cəhdlərin edilməsi, havadan götürülən rəqəmlərlə köhnə qaynanasının prezident aparatında hazırlanmış iddiası ilə məhkəməyə çəkilməsi, övladının xaricə çıxamasına stop qoyulması və nəhayət, Nəhayət xanımın bircə hüquqi dəlilə söykənməyən 85 minlik iddiasına Apellyasiya Məhkəməsi tərəfindən hüquqi don geyindirilməsi. Əlbəttə, dünyanın axırı deyil. Bu cərimə ödəniləcək. Ancaq bu rejimin, onun oğru sürüsünün, kleptokratik yığınının, namus anlayşına həsəd aparan dövlət “kişilərinin” ünvanına həmişə deyiləcək: “İt aparan olsun!”. Çünki bu cərimə Nəhayət Məmmədovaya ödənilmir, İlham və Mehriban Əliyevalara ödənilir. Nəhayətə çatacaq bu 85 min manat Əliyev rejiminin hüquq sisteminin qiymətindən çox bahadır, ölkədən milyardaları oğurlamış Əliyevlərin nəhəng korrupsiya imperiyasında ədalət axtarmaq illüziyadır.
Nədən Əliyevlərin qəzəbinə gəldi Gültəkin xanım? Bəlkə də, baş verənləri məndən yaxşı bilən yoxdur. İlham Əliyev bu gün Gültəkin xanıma qarşı təqib kampaniyasında öz töhfəsin verən siyasi məhbuslara qarşı yazı hazırlatmışdı. Məzmunu belə idi ki, onlar siyasi məhbus deyil, adi dələduzdurlar. Yazının etimad limiti AŞPA heyətinin üzvü olan Gültəkin xanımın onu imzalamasından keçirdi. Gültəkin xanım onu imzalamadı, eyni mətni imzalayan ayrı bir hüquq müdafiçəsi onun yerinə MM-ə seçildi. Siyasi məhbus kimi tanınıb azadlığa çıxan “azad söz” təmsilçilərin Əliyev rejimi çox rahatça tək qollarını deyil, fikir və məramını da qələm edib dələduz rejimin “dəyər” ortaqlığına çevirə bildi. Son illər biz rejimlə yanaşı Gültəkin xanıma qarşı “intellekt” böhranı keçirən Əliyev xanədanının bir sürü qapı qullarının, rejim sümsüklərinin də qələmə sarıldığını görürük.
Yaxşı yadımdadır axşam prezident aparatından 5 deputata Türkiyə Əleyhinə atəşin nitqlər söyləmək dəsturu verilmişdi. Onlardan biri axşamdan məni məlumatlandırmışdı. Həmin gün çıxışa yazılıb İlham Əliyevin Türkiyəyə qarşı bu oyununu ifşa etdim. 125 deputatın içərisindən bircə Gültəkin xanım rejimin gözü qarşısında iradə nümyiş etdirib həm yazılı, həm də şifahi formada öz dəstəyini ifadə etdi. Bu onun hazırda kleptokratik rejimin boğmaq istədiyi vicdanın səsi idi. Susmuş vicdanları utandıran vicdan səsi!