AXCP sədri Əli Kərimli
Abid Qafarov 2020-ci ildə keçirilmiş parlament seçkilərində diqqətimi cəlb etmişdi. O vaxta qədər BP şirkətinin strukturlarında işləyirmiş. Yüksək əmək haqqı alırmış. Ancaq həmin işindən imtina edib seçki yarışına qoşulmuşdu ki, xalqdan səs alıb, xalqın millət vəkili olsun. Çox yaxşı seçki kampaniyası apardı, xalqdan səs də aldı, ancaq möcüzə baş vermədi, parlamentə buraxmadılar Abid bəyi. Sonradan Abid bəy KimTV internet televiziyası yaradıb ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka başladı.
Tərtər qətliamı əksər vicdanlı adamlar kimi, Abid bəyi də təsirləndirmişdi. Abid bəy Tərtər cinayətlərinin açılıb ifşa olunması üçün mübarizəyə qoşuldu. Şərlənmiş hərbçilərimizə divan tutmuş canilərin aşkarlanması və məhkəmə qarşısında dayanması üçün əlindən gələni etdi. Elə bununla da rejimin hədəfinə gəldi. Rejim Tərtər cinayətlərini ifşa edənləri susdurmaqda qərarlı görünür. Oktay Gülalıyevin başına gətirilənləri bilirsiz. Tərtər cinayətlərinin ifşası üçün böyük əziyyətlər çəkmiş vəkil İlham Aslanoğlunun indi dəbdə olan 148 maddə (təhqir) ilə şərlənərək həbs edildiyini də bilirsiz. Belə görünür ki, rejim Abid Qafarovu da şərlədərək həbs etdirmək istəyir.
İlham Əliyev hakimiyyətinin Abid Qafarovu həbs etdirmək cəhdlərini qəti şəkildə pisləyirəm. Abid Qafarov kimi ictimai-siyasi fəallar məhbəslərdə çürüdülməməlidir, tam əksinə, belə şəxslərin qabiliyyət və bacarığından dövlət idarəetməsində istifadə olunmalıdır. Hakimiyyət Azərbaycanı böyük həbsxanaya çevirmək siyasətindən nəhayət, imtina etməlidir.