Əziz həmvətənlər, hamınızı salamlayıram. Karantin rejiminin yumşaldılmasından sonra dostlar mənə yeni telefon göndəriblər. Yeni telefon vasitəsilə internetə çıxışım var. Ən azı hələlik. Öz telefonumda və evimdə isə hələ də internet yoxdur. Üstəlik axşamlar telefonumu da kəsirlər. Bu telefona nə qədər dözəcəklərini də bilmirəm. Ancaq nə qədər ki, imkan var, son baş verənlərlə bağlı bəzi fikirlərimi sizə çatdırıram.
İctimai əsaslarla məni mühafizə etmiş cəbhəçi gənc Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir. Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir.
Hökumətin cəza siyasətində dibə vurması ölkədə kütləvi narazılığın və xalqımızın mübarizə əzminin artması ilə birbaşa bağlıdır. Rejim görür ki, nə çoxsaylı inzibati həbslər, nə də siyasi fəalların saxta ittihamlarla 3-5 il müddətinə azadlıqdan məhrum edilməsi onun arzuladığı total qorxu mühitini yarada bilmir. Əksinə, müxalifətin sıraları genişlənir.
Niyaməddin Əhmədov 1-2 il olar ki, AXCP-yə qosulub. O və onun kimi minlərlə insan AXCP sıralarına qoşulanda pariya sədrinin bütün müavinləri və müşavirləri həbsdə idi. Hazırda təleyindən nigaran qaldığımız, 3 gündür oğulanmış tanınmış idmançı, Azərbaycan və Avropa çempionu Səid Bakuvi AXCP-də ən yeni üzvlərdəndir. 2019-cu il ərzində 100 nəfər AXCP funksioneri həbs olunub. Həmin ildə də Səid bəy və onun kimi minlərlə insan AXCP üzvlüyünü seçib. Yəni həbslər rejimin istədiyi səviyyədə qorxu yaratmayıb. 10-14 illik həbslə hədələmə də rejimin arzuladığı qorxunu yaratmayacaq. Adım qədər əminəm ki, bu rejimin bundan sonra da 10-14 il hakimiyyətdə qalmaq şansı yoxdur. Siz necə, əmin deyilsiniz? Ona görə də rejimin anons etdiyi 10-14 illik həbslər də umduğu qorxunu, susqunluğu yarada bilməyəcək. Yarıtmaz sosial-iqtisadi siyasət, yoxsulluğun və təbəqələşmənin daha da artması, müxalifətə münasibətin absurd həddə enməsi, cəmiyyətlə qarşıdurma yolunun seçilməsi obyektiv faktorlar olaraq rejim əleyhdarlarının sayını hər gün artırır və artıracaq. Qorxunun əcələ faydası yoxdur. Bütün dünya dəyişdiyi kimi, Azərbaycan da dəyişəcək. Həm də müsbətə doğru.