Ağdamın 72 saylı məktəbinin taleyi necə olacaq? - MİNGƏÇEVİRDƏKİ MƏŞHUR "TURİST BAZA" KÖÇKÜNLƏRDƏN TƏMİZLƏNİR

Mingəçevir Su Anbarının yaxınlığındakı “Turist Baza” kimi tanınan qəsəbə sökülür.

Gununsesi.info-nun xəbərinə görə, məcburi köçkünlərin yaşadığı qəsəbənin boşaldılması prosesinə start verilib.

Bildirilir ki, artıq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və köçkün rayonlarının rayon icra hakimiyyəti strukturları təmsilçiləri ailələri razılaşma əsasında müxtəlif yerlərə köçürür.

Lakin köçürülmə ilə bağlı yaranan qeyri-müəyyənlik var.

Belə ki, həmin ərazidə fəaliyyət göstərən 72 saylı Ağdam məktəbinin taleyi qeyri-müəyyən qalıb.

Məktəbin müəllimləri Gununsesi.info-ya bildirib ki, köçdən sonra təhsil müəssisəsinin fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar var və onlar bu səbəbdən qeyri-müəyyən vəziyyətdə qalıblar.

“Bilmək istərdik ki, bu məktəbin aqibəti necə olacaq” – deyə müəllimlər sual edir.

Onların sözlərinə görə, Ağdam Təhsil sektorunda da suallarına cavab ala bilməyib.

Sakinlər deyir ki, “Qaçqınkom” və yerli icra hakimiyyəti orqanları öz üzərinə düşəni etsə də Elm və Təhsil Nazirliyi susur.

Məsələ ilə bağlı Gununsesi.info Elm və Təhsil Nazirliyinə sorğu ünvanlasa da, amma cavabsız qalıb.

 

Elmar Elnuroğlu

Gununsesi.info