Avropa üçün şok proqnoz: Kuleba NATO-ya niyə xəbərdarlıq edir?

Rusiyanın NATO və Avropa Birliyi ölkələrinə qarşı təcavüzü zaman məsələsidir.

Bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Kreml rəhbəri Vladimir Putinin kifayət qədər raketləri var, o, insan itkilərindən narahat olmur. Niyə də Avropanı test etməsin ki, 20 ildir dediklərini sübut etsin? Onun mesajı kifayət qədər aydın idi. Onun məqsədi hansısa AB ölkəsini özünə tabe etdirmək yox, Avropa Birliyi və NATO-nun millətlərə və vətəndaşlara verdiyi təhlükəsizlik, rifah və qarşılıqlı müdafiə ilə bağlı vədlərin əsassız olduğunu göstərməkdir”, – Kuleba bildirib.

Onun sözlərinə görə, AB-də Rusiya tərəfindən mümkün hücuma digərlərindən daha hazırlıqlı olan ölkələr var, elə dövlətlər də mövcuddur ki, buna ümumiyyətlə hazır deyillər:

“Burada əsas məsələ birlikdir. Putin kvadrat kilometri deyil, birliyin öz konsepsiyasını şübhə altına almasına çalışır”.

Görəsən, Kulebanın “Rusiyanın NATO və AB ölkələrinə hücumu zaman məsələsidir” fikri nə dərəcədə realist təhlükə proqnozudur? Bu, siyasi xəbərdarlıqdır, yoxsa psixoloji təzyiq?

Dmitri Kulebanın fikri ilk baxışda dramatik görünə bilər, lakin bu bəyanat həm real təhlükə barədə xəbərdarlığın, həm də Avropanı hərəkətə gətirmək üçün psixoloji təzyiqin kombinasiyasıdır.

Rusiyanın son 20 ildə atdığı addımlar, yəni məsələn, Gürcüstan (2008), Krım (2014), Donbas və Ukrayna müharibəsi (2022) Moskvanın qonşu regionlarda güc tətbiq etməyə hazır olduğunu göstərib.

Bu mənada Kulebanın fikri tam boş iddia deyil. Rusiya Avropanı birbaşa hərbi hücumdan çox, hibrid metodlarla test edir, Baltik ölkələrinə qarşı kiberhücumlar, enerji şantajı, dezinformasiya kampaniyaları artıq real nümunələrdir və Kreml üçün əsas məqsəd ərazi qazanmaq deyil, Qərbin zəifliyini göstərmək və NATO-nun vahidliyini sarsıtmaqdır.

Bu aspektdə risk mövcuddur. Baxmayaraq ki, genişmiqyaslı işğal ehtimalı hələ aşağıdır.

Kuleba Avropanın siyasi gündəmini yaxşı bilir. Onun bu çıxışı həm də Avropanı “rahatlıq zonasından çıxarmaq”, müdafiə xərclərini artırmağa məcbur etmək, Ukraynaya hərbi dəstəyin azalmasının qarşısını almaq məqsədi daşıyır.

Yəni o, Avropaya demək istəyir:

“Ukrayna təkcə özünü deyil, sizi də qoruyur. Bizə dəstək zəifləsə, sabah sırada siz olacaqsınız”.

Əslində, bu açıqlama Avropanın öz təhlükəsizlik yuxusundan ayılmasına yönəlik açıqlamadır.

 

Afət

Gununsesi.info