Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
Gununsesi.info xəbər verir ki, müraciətdə deyilir:
“Baş Dövlət Yol Polisi İdarəsi piyadaların və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlərini davam etdirir.
Yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir. Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, müşahidələr göstərir ki, bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi yanaşmağı, yalnız piyada keçidləri və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, eyni zamanda, avtomobil axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edir.
Unutmayaq ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə gətirib çıxarır”.












