İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi hücum əməliyyatlarını dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərar ABŞ Prezidenti Donald Trampın çağırışından sonra qəbul edilib.
Tramp cümə axşamı axşam saatlarında “Truth Social” sosial platformasında paylaşım edərək İsraildən Qəzzaya hava zərbələrini dərhal dayandırmağı tələb edib. ABŞ prezidenti bildirib ki, HƏMAS onun sülh planının bəzi bəndlərini qəbul etməyə hazır olduğunu açıqlayıb və bu çərçivədə əsirlərin azad olunması məsələsinin müzakirə edildiyini vurğulayıb.
“İsrail dərhal bombardmanları dayandırmalıdır ki, biz əsirlərin təhlükəsiz və sürətli azad olunmasını təmin edə bilək”, – deyə Tramp qeyd edib. O, hazırda “Yaxın Şərqdə çoxdan gözlənilən sülhün təmin olunması” istiqamətində danışıqların aparıldığını əlavə edib.
Bundan sonra İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bəyan edib ki, Tel-Əviv Trampın Qəzzaya dair planının birinci mərhələsinin dərhal icrasına hazırlaşır. Planın ilk mərhələsi HƏMAS tərəfindən saxlanılan israilli girovların azad olunmasını nəzərdə tutur.












