-Sən yaranışın ən mükəmməlisən
-Yaxşı, sən canın başlama görək
-Düz deyirəm, möcüzəsən
-Yenə səhərin gözü açılmamış nə oldu, neylədim?
-Hər səhər sənin sabahını təzə-tər güllərlə, çiçəklərlə salamlayıram. Düz?
-Hə, nə olsun
-İndi payızdı. Bağçamızda qızılgüllər daha əvvəllər olduğu kimi açmır
-Sənə nə var, hardan oldu çiçək tapırsan
-Bax, iki gün idi qızılgül kolunun üstə bir qönçənin açmasını gözləyirdim. Balaca düyməcik idi. Sənin adını qoymuşdum. Bu səhər pəncərədən baxıb nə görsəm yaxşıdır?
-Nə?
-Milyon illərin qosqocaman günəşi saçaq şəfəqlərinin ən parlağından bir tel ayırıb sənin adını qoyduğum qızılgülün ləçəklərinə sığal çəkirdi
-Üff! Özün dediyinə inanırsan?
-Mən gördüyümü deyirəm
-Qəsdən, belə deyirsən ki mən küsüm
-Vallah, gördüyümü deyirəm
-Xeyir, əzizim! Sən yanlış görmüsən!
-Həmişə beləcə məni peşman edirsən
-Düz deyirəm, mən səndən küsdüm. Daha inanmıram sənə. Ciddi deyilsən!
-Axı…
-Ciddidən, bir də barışmayacam sənlə
-Niyə dava-qırğın salırsan axı boşuna
-Nə? Səncə boşdu?
-Boş deyil məgər? Bir bax!
-Görürəm. Onu da görürəm ki, mən bildiyin qızılgül öz parlaq şöləsindən şəfəq saçıb günəşi oyadır. Sadəcə sən tərs görürsən. Məni çox istəsəydin belə görməzdin
-Dəli
Pərviz Yəhyalı
Gununsesi.info












