close
Siyasət

Azərbaycan AŞPA ilə əməkdaşlığını dayandırıb

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun iclasında bəyanatla çıxış edib.

“Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, – bəyanatda vurğulanır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sonrakı açıqlamasında həmçinin qeyd edib ki, “Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyəti mövqeyində qalacaq”.

Azərbaycanın təşkilatla əməkdaşlığı dayandırmasına səbəb AŞPA-nın Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermə hüququndan məhrum edən qətnaməni təsdiqləməsidir.

“Turan” informasiya agentliyinin məlumatına görə, AŞPA-nın yanvarın 24-də axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin təşkilatın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

76 deputat qətnamənin lehinə, 10 deputat əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti bu qərarı ədalətli və zəruri adlandırıblar.

“Azərbaycan mütəmadi olaraq Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozur və dəyərlərimizə məhəl qoymur”, “Son illər Azərbaycan AŞPA-nın 14 qətnaməsində öhdəliklərini pozan kimi qeyd olunub”, “Yüzlərlə siyasi məhbus, onlarla jurnalist həbs edilib və onlardan 10-u bu yaxınlarda həbs edilib” , “Avropa Şurasının məruzəçilərinin siyasi məhbuslarla görüşlərinə buraxılmayıb” – deputatların əsas iradları bunlar olub.

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvü idi.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button