İnanclıya narkotikə görə 3 illik həbs kəsilib

Noyabrın 27-də daha bir inanclı Murad Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Toplum Tv xəbər verir ki, Murad Abdullayev bu ilin martında həbs olunub. İttihama görə, onun üzərindən 30 qram çəkidə heroin aşkar edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsiylə ittiham olunurdu. Ancaq məhkəmənin sonunda hakim 234.4.3 maddəsini (satışq məqsədilə narkotik əldə etmə) 234.1-1-ə (istifadə) tövsif edib. İş məhkəməyə gələndə Murad Abdullayevi 5 ildən 12 ilədək cəza gözləyirdisə, töfsivdən sonra ona 3 illik cəza kəsilib.
Murad Abdullayev məhkəmədə bildirib ki, ailəsini dolandırmaq üçün xırda ticarət işləri görüb. İbadətlə məşğul olub, narkotik ittihamını qəbul etməyib: “Mənim narkotiklə yaxından-uzaqdan əlaqəm olmayıb. Bu işlə məşğul olanları da həmişə düz yola dəvət etmişəm. İbadət əhliyəm, səhərdən axşamadək xırda ticarət işlərində çalışıb ailəmi zorla dolandıran adam olmuşam. Narkotiki cibimə polislər atıb”.
Murad Abdullayev həbsinin səbəbindən də danışıb: “Müsəlman Birliyi”nin üzvü olmasam da, elə bu məhkəmə binasına gəlib, Birliyin narkotiklə şərlənib tututan üzvlərinin məhkəmələrini izləyirdim. Bir gün özümü də elə eyni qaydada şərlədilər”.
Murad Abdullayevin vəkili məhkəmə hökmündən apellyasiya şikayəti verəcək.