Rəsmi Bakı Yerevanı riyakarlıqda ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə rəsmi Yerevanı riyakarlıqda ittiham edib.
Toplum TV xəbər verir ki, bu barədə Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin yanvarın 16-da X sosial media hesabında paylaşdığı məlumata şərh verərkən bildirib.
Belə ki, Ermənistan XİN paylaşımında 34 il əvvəl Azərbaycan SSR-də ermənilərə qarşı kütləvi qırğınların və deportasiyaların həyata keçirildiyini iddia edib.
Azərbaycan XİN təmsilçisi isə erməni tərəfinin bu addımını aşkar riyakarlıq olduğunu bildirib.
“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – deyə Hacızadə açıqlamasında vurğulayıb.