“Bu cinayət işi tam saxtadır. Mənim həbsim də siyasi sifariş əsasında həyata keçirilib. Mənim heç bir günahım yoxdur”, – AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
Amma Fuad Əhmədli ifadə verməmişdən əvvəl məhkəmədə bir sıra maraqlı hadisələr olub. Məsələn, məlum olub ki, cəbhəçi fəalın işində zərərçəkmiş qismində tanınan, Fuad Əhmədlinin onun yerini başqasına deməklə ona ziyan vurduğunu iddia edən Məhəmməd Quliyev özü iki ildir ki, axtarışda imiş. Bu faktı Fuad Əhmədlinin işinə baxan hakimlərin diqqətinə gənc fəalın vəkili Əsabəli Mustafayev çatdırıb.
“Zərərçəkən” dələduzluğa görə axtarışda imiş
Vəkil Məhəmməd Quliyevin CM-nin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 2015-ci ildən axtarışda olması haqda sübutları, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsinin saytından götürülmüş fotonu məhkəməyə təqdim edib.
Hərçənd, bundan əvvəl Əsabəli Mustafayev Məhəmməd Quliyevdən onun haqqında araşdırma gedib-getmədiyini soruşub. O, heç bir araşdırma olmadığını bildirib.
Bundan sonra vəkil onun yalan danışdığını vurğulayaraq, sübutları məhkəməyə təqdim edib.
“Baxmayaraq ki, zərərçəkmiş məhkəmədə düz danışacağı haqda iltizama imza atıb, and içib, amma yalan danışıb. Buna görə də onun adı zərərçəkmişlər siyahısından çıxarılmalı, əməlinə hüquqi qiymət verilməlidir. Bu adam deyir, mənim haqqımda araşdırma olmayıb, amma Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytında axtarışda olanlar siyahısında günü bu gün də şəkli var. Məhəmməd Quliyev 2015-ci ildən bu günə axtarışda olduğu halda, ona 2016-cı ildə ona yeni şəxsiyyət vəsiqəsi verilib”.
“Yalan ifadə verdiyi üçün barəsində tədbir görülsün”
Əsabəli Mustafayev bildirib ki, bu zərərçəkmiş polislərin təsiri ilə Fuad Əhmədlinin əleyhinə ifadə verib. O, Məhəmməd Quliyevin adının zərərçəkmişlər siyahısından çıxarılması, yalan ifadə verdiyinə görə barəsində də tədbir görülməsi haqda vəsatət qaldırıb.
Ortaya qoyulan faktlardan sonra Məhəmməd Quliyev etiraf edib ki, barəsində cinayət işi olub, amma xitam verilib. O, iddia edib ki, axtarışda olmayıb.
Prokuror Məhəmməd Quliyevin məsələsinin Fuad Əhmədlinin işinə aidiyyəti olmadığını bildirərək, vəsatətin əleyhinə çıxıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Fikrət Qəribov isə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinə sorğu veriləcək və onun axtarışda olub-olmaması araşdırılacaq.
İkinci “zərərçəkən”: “Heç bir zərər çəkməmişəm”
Daha sonra digər zərərçəkmiş Samir Xəlilov bu statusundan imtina edib. O, heç bir zərər çəkmədiyini bildirərək, adının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib.
Ardınca Fuad Əhmədli özü də ifadə verib. O bildirib ki, heç bir məxfi məlumatı heç kimə ötürməyib. Zərərçəkmiş qismində tanınan şəxslərdən Aynur Əliyevanın nömrəsindəki danışıq balansı haqda Elvin adlı şəxsə məlumat verməsindən danışan Fuad Əhmədli qeyd edib ki, bu, məxfi məlumat deyil. Elvinin həyat yoldaşı onunla birlikdə işləyir.
“Mən 2012-ci ildən “Azerfon”da işləmişəm, texniki işçi olmuşam. Əlimdə heç bir gizli məlumat olmayıb. Mən heç kimi izləməmişəm və şəxsi məlumatları kiməsə verməmişəm. Telekanallardan biri bizdə çəkiliş aparırdı. Abunəçi zəng edir, şöbə müdiri bütün məlumatları ona deyirdi. Bununla bağlı veriliş veriblər. O zaman həmin verilişi efirə verənləri də tutmaq lazımdır?”, – deyə Fuad Əhmədli bildirib.
“Azerfon”da “beşinci zona” anlayışı var?
Məhəmməd Quliyevlə bağlı məlumatın yayılmasına dair ittihama gəlincə, Fuad Əhmədli deyib ki, əmisi oğlu ondan Quliyevin yeri haqqında soruşanda da içkili vəziyyətdə olduğunu görüb, onu yola vermək üçün özündən ona yalan danışıb, sistemə baxmayıb: “Özünün də dediyi kimi, Quliyev həmin vaxt Qəbəlinin Vəndam kəndində olub. Sistemə baxsaydım, onu görərdim. Amma baxmamışam, özümdən ona cavab yazmışam ki, ya ölkədə yoxdur, ya da mobil operatorun əhatə dairəsinə düşməyən beşinci zonadadır, sərhədyanı ərazidədir. “Azerfon”da “beşinci zona” anlayışı yoxdur, özümdən demişəm. Əgər normal istintaq aparsaydılar, bunu bilərdilər”.
Məhkəmədə Fuad Əhmədlinin əmisi oğlu Əliağa Əhmədli də şahid qismində ifadə verib. O, bildirib ki, Məhəmməd Quliyev Nəsimi bazarı yaxınlığında yerləşən kafedə aşpaz işləyib. Ərzaq almaq üçün ona pul veriblər, amma o, telefonu söndürüb, yoxa çıxıb. O da Məhəmməd Quliyevi tapa bilmədiyi üçün Fuad Əhmədliyə zəng edərək, onun yerini öyrənməyi xahiş edib. Fuad Əhmədli ona Məhəmmədin ölkə xaricində olduğunu deyib.
Məhəmməd Quliyevin atası da məhkəmədə şahid qismində ifadə verib. O bildirib ki, prokurorluqdan zəng edib çağırıblar, adına olan mobil telefon nömrəsi haqda soruşublar. O da həmin nömrənin oğlunun istifadəsində olduğunu bildirib.
Məhkəmə prosesi mayın 22-də davam edəcək.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun yaydığı birgə məkumatda iddia olunur ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını başqalarına ötürüb. Həmçinin iddia olunub ki, guya, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
***
AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin məhkəməsində biabırçı mənzərə yaşanıb. Belə ki, mayın 11-də keçirilən iclasda zərərçəkən qismində Məmməd Quliyev ifadə verib. Biabrırçılıq isə burasındadır ki, həmin adam hazırda polisin axtarışındadır. Adamın şəkili Bakı Şəhər Baş Polis İdarəsinin axtarışda olanlar siyahısını bəzəyir. Və şəkilin böyrünə Bakı polisi bu cür də yazıb:
* Quliyev Məhəmməd Mirzağa oğlu. 18.10.1989-cu ildə anadan olub. 09.07.15-ci il tarixdən CM-in 178.2.4-cü maddəsi ilə axtarışdadır.
Diqqət etdinizmi, 2015-ci ilin 9 iyul tarixindən indiyədək axtarışdadır. Şəkilin və məlumatın Bakı polisinin saytında, daha doğrusu axtarışda olanlar siyahısında saxlanması o deməkdir ki, axtarış davam edir.
Amma adam əl-qolunu sallaya-sallaya gəlib məhkəmədə, özü də zərərçəkən kimi ifadə verir.
Məhkəmədən reportaj birazdan saytımızda olacaq və bu epizod da orada işıqlandırılacaq.
Oxunub: 1384