Məşhur “Forbes” jurnalının Azərbaycanın iflas etdiyi, ölkənin ən böyük bankının “bankrot ərizəsi” yazdığı xəbəri lap Porto Rikanın iflas xəbərinə bənzəyir. On gün bundan əvvəl dünya mediası ABŞ-ın ən böyük iflası haqqında yazaraq, avtonom Karib adası olan Porto Rikonun təxminən 73 milyard dollarlıq sosial borcunu ödəyə bilmədiyi üçün iflas bayrağı qaldırmağa hazırlaşdığını açıqlamışdı. Acınacaqlıdır. On il əvvəl bank bumu yaşayan Azərbaycan indi bank şumu erasına qədəm qoyub.
Əslində, iflas gözlənilən idi və illərdir bunu ölkə daxilində fəaliyyət göstərən ekspertlər də vurğulayıb dururdu. İflas necə baş verdi? Maraq üçün illərin statistikasına nəzər salaq. Mərkəzi Bankın 1 aprel 2010-cu il məlumatına görə, respublikada lisenziya əsasında fəaliyyət göstərən 47 bankın 1-i dövlət, 46-sı özəl bank olub. Xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən bankların sayı 23-ə, xarici bankların yerli filiallarının sayı 2-yə, fəaliyyətdə olan bankların yerli filiallarının sayı 631-ə bərabər olub. Bunların 38-i dövlət, 593-ü isə özəl bankların payına düşüb. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı isə 9-a bərabər olub. Birinci devalvasiyadan sonra bu bankların 14-ü bağlanıb və orada çalışan 5 minə yaxın adam işini itirib.
Acınacaqlı durum bununla bitirmi? Ekspert Əkrəm Həsənovun sözlərinə görə “əsla yox.” 2016-cı ildə ölkənin bank sektorunun məcmu zərəri 1,5 milyard manatdan yuxarı olub ki, bu üzdən hazırda fəaliyyət göstərən 32 bankın bir hissəsi də bağlanmağa məcbur olacaq.
Yaxın günlərdə Rusiya Mərkəzi Bankının rəhbəri də 2013-cü ildən bəri ölkəsində 300 bankın bağlandığını açıqlamışdı. Onun təyinatı dövründə Rusiyada fəaliyyət göstərən bankların sayı 893 olub. Azərbaycan hökuməti indi çökən bank sektoruna baxıb, özünü Rusiya və ya Porta Rikanın halı ilə təsəlli edə bilərmi? Etməyinə edər. Amma ölkəni bu böyük iflasdan heç nə xilas edə bilməyəcək. Əsas dərd budur…
Səadət
Oxunub: 254