Azərbaycanda bir neçə sayta (Azadlıq qəzetinin, Azadlıq radiosunun, Azərbaycan Saatı teleproqramının, Turan TV-nin və MeydanTV-nin saytları) girişin bloklanmasına dair Nəqliyyat, Rabitə və İnformasiya Nazirliyinin iddiası ilə keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmə Nazirliyin iddiasını qismən təmin edib. Nazirlik sadalanan saytlara girişin bloklanması ilə yanaşı, onlara girişi mümkün edən başqa internet resursların da bloklanmasını istəmişdi. Məhkəmə yalnız adları çəkilən saytların bloklanması iddiasını təmin edib.
Bloklanan saytların vəkil və nümayəndələri isə hər iki iddianın rədd edilməsini istəyiblər. Onlar deyib ki, ümumiyyətlə, bu iddia ərizəsi qanunsuz və əsassızdır. Müdafiə tərəfi arqumentlərini də qərardan əvvəl məhkəməyə təqdim ediblər.
Nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədli isə çıxışında deyib ki, iddianı müdafiə edirlər və onun təmin olunmasını istəyirlər. “Baş Prokurorluğun müraciəti əsasında saytlara girişin məhdudlaşdırılması haqda müvəqqəti xarakterli qərar qəbul edilib. Bu məhdudiyyətin müvəqqəti yox, qanunda nəzərdə tutulmuş qaydada olması üçün məhkəməyə müraciət olunub. Xahiş edirik, iddiamız təmin olunsun”, – deyə o bildirib.
![Bəxtiyar Məmmədli](https://gdb.rferl.org/18FA7C98-E059-40B3-8C60-525F17F3BB74_cx42_cy11_cw51_w650_r1_s.jpg)
Bəxtiyar Məmmədli
“Azadliq.info”nun təmsilçisi Səməd Rəhimli, “Meydan TV”nin nümayəndəsi Zibeydə Sadıqova, “Turan TV” və “Azərbaycan saatı”nın maraqlarını müdafiə edən vəkil Cavad Cavadov yazılı şəkildə birgə çıxış hazırlayıb, hakimə təqdim ediblər.
Çıxışın məzmununu məhkəmə iştirakçılarının nəzərinə çatdıran Səməd Rəhimli bildirib ki, nazirliyin iddia tələbi Azərbaycan konstitusiyası, həm də Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı anlayışına ziddir: “Nazirliyin tələbi qanuni deyil. Çünki nazirlik təmsilçisi bloklanması tələb olunan saytlarda yayımlanmış, zorakılığı təbliğ edən, dövlətin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə çağırış xarakterli bircə yazı da göstərə bilmədi. İddia ərizəsində ümumi cümlələrlə yazıblar, amma məhkəmədə əsaslandıra bilmədilər ki, söhbət hansı yazıdan, hansı cümlədən gedir”.
![Vəkil Səməd Rəhimli](https://gdb.rferl.org/FF203E7F-7BC9-469E-8FF8-8A54A09EA60F_w650_r0_s.jpg)
Səməd Rəhimli
“Azadliq.info”nun nümayəndəsi deyib ki, bu iddiaya baxılarkən müddət məsələsi ilə bağlı da qanunun tələbi pozulub. Qanunda bu cür ərizələrə məhkəməyə daxil olduğu gündən etibarən beş gün ərzində baxılıb qərar verilməlidir. Bu işdə isə nazirliyin məhkəməyə müraciətindən bir aydan çox vaxt keçir. Səməd Rəhimli xatırladıb ki, nazirlik martın 27-dən saytlara girişi məhdudlaşdırsa da, məhkəmə başlayana – aprelin 27-nə qədər həmin informasiya resurslarına heç bir məlumat verməyib.
“Nazirliyin nümayəndəsi iddia ərizəsi ilə yanaşı, Baş Prokurorluğun məktubu və saytlarda yayımlanan yazıları da məhkəməyə təqdim edib. Bildirirlər ki, martın 27-də səhər saatlarında Baş prokuror müraciətlə yanaşı, bu yazıları da nazirliyə göndərib və tədbir görülməsini istəyib. Nazirlik də o müraciətə, yazılara baxıb, saytlara girişin məhdudlaşdırılması haqda qərar verib. Halbuki, məhkəməyə təqdim olunmuş yazılar arasında elələri var ki, martın 27-də axşam “Meydan TV”də, yaxud da martın 28-də “Azadliq.info” saytında yerləşdirilib”, – Səməd Rəhimli bildirib.
Vəkil vurğulayıb ki, bloklanmaya əsas kimi götürülən yazılar əsasən, xarici mediadan Azərbaycandakı ictimai-siyasi vəziyyətə aid yazıların tərcüməsi, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirdiyi mitinqə aid informasiyalar və hökumətin tənqid olunduğu yazılardır: “Xarici mətbuatdan tərcümə olunmuş yazılar hansı mənbədən götürülübsə, orada yenə də qalır və bu gün Azərbaycanda həmin informasiya resurslarına girişdə heç bir məhdudiyyət yoxdur. Amma o materialların tərcüməsinə görə saytların bloklanması tələb olunur. Deməli, nazirlik hesab eləmir ki, o yazılara görə sayt bloklanmalıdır. Əks halda, gərək orijinalı yayan saytları da bloklayaydılar. “Meydan TV”də yanvarın 20-də dini radikalizmi tənqid edən yazı yayımlanıb. Məhkəməyə həmin yazını da təqdim ediblər. İddia olunur ki, guya həmin yazıda dini radikalizm təbliğ olunub”.
Səməd Rəhimli əlavə edib ki, hətta əsas olsaydı belə, bir yazıya görə bütövlükdə sayta girişi məhdudlaşdırmaq qeyri-mütənasib addımdır. Hüquqşünas xatırladıb ki, Avropa Məhkəməsi belə bir addıma görə Türkiyəyə qarşı qərar çıxarıb: “Hörmətli hakim, siz bu gün iddianı təmin eləsəniz, qərarınız Avropa Məhkəməsinin presedent qərarı ilə ziddiyyət təşkil edəcək. Avropa Şurası Nazirlər Komitəsinin də qərarında göstərilib ki, saytlara girişin məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalı, bundan yalnız son vasitə kimi istifadə edilməlidir”.
AzadlıqRadiosu-nun nümayəndəsi Adil İsmayılov isə çıxış üçün məhkəmədən vaxt istəyib: “Mən fikirləşirdim ki, yəqin qarşı tərəf iddiasını geri götürəcək. Çünki ötən iki iclasda qarşı tərəfin nə istədiyi və istəyini nə ilə əsaslandırdığını görmədim”.
Buna baxmayaraq, məhkəmə heyəti qərar çıxarmaq üçün müşavirəyə yollanıb və bir-iki dəqiqə keçməmiş geri qayıdaraq nazirliyin iddiasının qismən təmin olunduğunu elan edib. Yəni adları çəkilən saytların bloklanmasına qərar verib.
Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.
Oxunub: 1152