Banklar bu problemin həllində maraqlı deyil
2017-ci il aprelin 1-nə Azərbaycanda banklar tərəfindən 2472 ədəd bankomat quraşdırılıb. Bunun da cari ilin əvvəlinə olan göstəricidən 0,7 faiz çox olduğu bildirilir. AMB-nin məlumatına görə, yanvar-mart aylarında ölkə ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə, aprel ayının əvvəlinə onların sayı 70795 ədəd təşkil edib. Bununla yanaşı, Bakıda 39835 ədəd (azalma 1,7 faiz), regionlarda 30960 ədəd (azalma 1,1 faiz) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 69999 ədəd pos-terminal və ya bütün pos-terminalların 98,8 faizi quraşdırılıb (İnterfaks-Azərbaycan).
Qeyd edək ki, bankomatlığın azlığı cəmiyyətin daim diqqətdə saxladığı məsələ olub. Bu yöndə yaşanan çətinliklər də mətbuatın gündəmində aktuallıq təşkil edib. Əməkhaqqı və pensiyaların bankomatlar vasitəsilə verildiyni nəzərə alsaq, bankomatların azlığının hansı çətinliklər yaratdığı aydın olar.
Pensiyaçılar yaş və sağlamlıq baxımından daha həssas təbəqə olduğundan, bankomatların çatışmazlığı onlara ciddi təsir edir. Çünki uzun növbələrə dözümsüzlük, sonda hətta terminalda pul vahidinin çatışmazlığı bəlli problemlərə gətirir. Uzun növbələrin sonunda insanların terminalın qarşısını ümidsiz tərk etməsini çoxumuz dəfələrlə görmüşük.
Doğrudur, son dönəmlər manatla bağlı yaşanan olaylar bankların bankomatlara pul qoymasında çətinliklər yaratdı. Lakin məzənnəni inzibati yolla saxlamaqla bu problemdən də çıxmaq olardı. Yəni məzənnə itkisi heç də insan faktorundan önəmli deyil. Bankomatların quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı ödəyən bankların narahatlığı da başadüşüləndir. Fəqət bunun cəfasını nədən yalnız pensiya, sosial müavinət və aylıq maaş olanlar çəkməlidir?!
Daha ciddi problem, pensiyaçılara,büdcədən maliyyələşən işçilərə, sosial ödənişlər alan və digər kateqoriyadan olan şəxslərə cəmi iki bankın – “Beynəlxalq Bank” və “Kapitalbank”ın xidmət göstərməsidir. Çünki xidmətə cəmisi iki bankın qoşulması ciddi çatışmazlıq yaradır. Maraqlıdır ki, bankomat çatışmazlığı artıq rəsmi şəkildə bəyan edilsə də, başqa banklar hələ də bu xidmətə qoşulmur.
Nigar
Oxunub: 102