Həbsdə olan bloger Mehman Hüseynov Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin mütəxəssisləri tərəfindən müayinə olunub. Bu barədə vəkil Elçin Sadıqova Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovun göndərdiyi məktubda deyilir.
Məktubda iddia olunur ki, M.Hüseynov azadlıqda bud səthindəki venaların genişlənməsinə düçar olub və bu, gündəlik həyatda problem yaratmır. Gələcəkdə zərurət yarandığı halda M.Hüseynova lazımi tibbi xidmət göstəriləcək.
Qeyd edillir ki, M.Hüseynov penitensiar müəssisələrdə saxlandığı dövrdə daim həkim nəzarəti altında olub və ona tibbi yardım göstərilib.
“Təcridxanaya daxil olarkən tibbi müayinə zamanı M.Hüseynov səhhəti ilə bağlı şikayət bildirməyib. O, tibb işçilərinə hər hansı işgəncəyə məruz qalması haqda da bildirməyib. Bədən səthinə baxış zamanı heç bir xəsarət, zədə aşkar olunmayıb. M.Hüseynov iki ildir ki, venalarında genişlənmə olduğunu bildirib, ancaq təsdiqedici sənəd təqdim etməyib”, – deyə məktubda qeyd olunur.
İ.Qurbanov yazıb ki, həkimlər M.Hüseynov üzərində cərrahi əməliyyata ehtiyac olmadığı qənaətinə gəliblər və müvafiq müalicə təyin ediblər. Hazırda bu təyinatın icrasına başlanılıb.
Müdafiə tərəfi isə həkimlərin cərrahi əməliyyata ehtiyac olmadığı barədə rəyi ilə razı deyil. Vəkil yenidən müvafiq qurumlara müraciət etmək niyyətindədir.
M.Hüseynov həbsxana şəraitində ağrılarının artmasından şikayətlənib.
Oxunub: 432