Azərbaycanda valyuta dəyişmə məntəqələri fəaliyyətini bərpa edir. Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqinə dair fərman imzalayıb.
Valyuta dəyişmə məntəqələrinin lisenziyası 2016-cı ilin yanvar ayında ləğv edilmişdi. Məqsəd ölkədən xarici valyuta axınının qarşısını almaq idi. Ancaq hökumət valyuta dəyişmə məntəqələrini ləğv etməklə nəzərdə tutulan hədəfləri reallaşdırmağa nail ola bilmədi. Əksinə bu proses minlərlə insanı işsiz qoydu, bazarda ajiotaj yaranmasına səbəb oldu, qara bazarın fəallaşmasına yol açmaqla qanunsuz valyuta mübadiləsinin inkişafına rəvac verdi. Bu prosesdən qazananlar yenə də məmurlar oldu. Belə ki, bir çox hallarda məmurların sahiblik etdiyi banklar valyuta satışından imtina edərək xarici valyutanı qara bazara ötürdü. Bununla da valyutanı baha qiymətə satmaqla gəlirlərini artırmış oldular.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Fərmanda Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girov məbləğlər də açıqlanıb. Girov vəsaiti Bakı şəhəri üçün 50 000 (əlli min) manat və 50 000 (əlli min) ABŞ dolları, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 000 (iyirmi beş min) manat və 25 000 (iyirmi beş min) ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 000 (on min) manat və 10 000 (on min) ABŞ dollarıdır.
Valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq istəyənlərdən yüksək məbləğli girov tələbinin heç bir ağlabatan inzibati və iqtisadi əsası yoxdur. Bu tələb valyuta mübadiləsi biznesi ilə məşğul olmaq istəyən bir çox şəxsi kənarda saxlayacaq. Bütün sahələrdə olduğu kimi burda da qarşıya inhisar yaratmaq məqsədləri qoyulub. Güman etmək olar ki, bu vaxta qədər qanunsuz və qanuni valyuta mübadiləsindən böyük pullar qazanan yüksək rütbəli məmurlar öz gəlir qaynaqlarından məhrum olmaq istəmir.
Valyuta mübadiləsi ilə məşğul olan şəxs lisenziyanın alınması üçün müraciət edərkən Vergilər Nazirliyindən dövlət büdcəsinə borcu və digər öhdəliyi olmadığı barədə arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında Daxili İşlər Nazirliyindən arayış da təqdim etməli olacaqdır.
İlkin
Oxunub: 488