“Terrorçulara sponsorluğu dayandırın!”
İsraildə səfərdə olan ABŞ prezidenti Donald Tramp İranı terrorizmə dəstək verməkdə ittiham edib.Və bildirib ki, Tehran terrorçulara sponsorluq etməyə və təlim keçməyə son qoymalıdır.
Trampın fikrincə, ABŞ-la İsrail arasındakı dostluq əlaqələri bundan sonra daha da möhkəmlənməlidir: “Hazırkı situasiya bizdən əməkdaşlığı gücləndirməyi tələb edir. ABŞ da, İsrail də eyni təhdidlərlə qarşı-qarşıyadır. Bu sırada İŞİD, digər terrorçu qruplar və İran kimi ölkələr var. İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz”.
İran hökumətindən Trampın bəyanatına operativ reaksiya gəlib. Ölkənin Xarici İşlər Nazirliyi Vaşinqtonu “iranofobiya” siyasətinə son qoymağa çağırıb.
“Təəssüf ki, ABŞ dövlət xadimlərinin aqressiv siyasətinin nəticəsi olaraq regionda terrorçu qrupların və bu qrupların dəstək verdiyi diktatura rejimlərinin daha da gücləndiyini müşahidə edirik”, – deyə nazirliyin mətbuat katibi Bəhram Qasemi bildirib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ Konqresi Suriya lideri Bəşər Əsədə dəstək verdiyinə görə İrana qarşı yeni sanksiya tətbiq edib. Öz növbəsində Tehran da Birləşmiş Ştatlara sanksiya ilə cavab verib.
Gültəkin
Oxunub: 702