ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində nitqində müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb.
ABŞ prezidenti kimi ilk xarici səfərinə çıxan Tramp bildirib ki, Birləşmiş Ştatlar “ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən” ölkələrin koalisiyasını yaratmağa çalışır. O bu mübarizəni “xeyir və şər arasında mübarizə”adlandırıb.
“Bu, müxtəlif dinlər, məzhəblər və siviliziyalar arasında mübarizə deyil. Bu, insan həyatını məhv etmək istəyən vəhşi kriminallar və onu qorumağa çalışan bütün dinlərə mənsub insanlar arasında bir mübarizədir”, prezident Tramp nitqində bildirib.
ABŞ prezidenti deyib ki, “bu bəlanı yalnız xeyir qüvvələri birlik göstərsə və möhkəm olsa və bu zaldakı hər bir şəxs öz işini görüb, üzərinə məsuliyyət götürdüyü aman aradan qaldırmaq mümkün olacaq”.
Əhalisinin əsas hissəsinin müsəlmanlardan ibarət olan ölkələrdən vətəndaşların ABŞ-a gəlməsinə qadağa qoymağa çalışan Tramp nitqində mübahisəli “radikal islam terrorizmi” ifadəsini işlətməyib. ABŞ-da etdiyi çıxışlarında o tez-tez bu ifadədən istifadə edib. Bunun yerinə o, müsəlman ölkələrinin liderlərini “islamçı ekstremizmi böhranı və bundan ruhlanan islamçı terror qruplarının” qarşısını almağa çağırıb.
“Biz şər qarşısında biganə qalacağıqmı?”, Tramp sual edib.
ABŞ prezidenti deyib ki, “terrorizmə qarşı mübarizə günahsız müsəlmanların öldürülməsi, qadınların əsarəti, yəhudilərin təqibləri və xristianların qətllərinə qarşı birgə dayanmaq deməkdir. Dini liderlər bunu tam aydın etməlidirlər: vəhşilik sizə şöhrət gətirməyəcək, şər qüvvəyə baş əymək sizə şərəf gətirməyəcək”.
O daha sonra nitqində deyib: “Amerika suveren bir ölkədir və bizim bir nömrəli prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyidir. Biz mühazirə oxumaq üçün, başqalarına necə yaşamalı, nə etməli olduqlarını, nəyə ibadət etməli olduqlarını demək üçün burada deyilik. Bunun əvəzinə, biz hamımız üçün daha yaxşı gələcək naminə bölüşdüyümüz birgə maraqlar və dəyərlərə əsaslanan tərəfdaşlıq üçün buradayıq. Hər dəfə bir terrorçu günahsız insanı öldürəndə və yalandan Allahın adını çəkəndə bu, hər bir mömin üçün təhqir olmalıdır.”
“Terrorizm bütün dünyada yayılıb. Lakin sülhə aparan yol burada, bu qədim torpaqda, bu müqəddəs torpaqda başlayır”, deyə Tramp bildirib və sonra əlavə edib: “Amerika birgə maraqlarımızı və ümumi təhlükəsizliyin təmin edilməsində sizinlə çiyin-çiyinə dayanmağa hazırdır.”
Çıxışından önvə Amerika prezidenti altı ölkənin üzv olduğu Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirib. Danışıqlar zamanı İranla fikir ayrııqlarının həll edilməsi yolları və islamçı militantlara qarşı mübarizə məsələsi müzakirə edilib.
Tramp bu gün eyni zamanda, Qətər, Bəhreyn, Misir və Küveyt liderləri ilə ikitərəfəli görüşlər keçirib.
Oxunub: 418