Natiq Güləhmədoğlu
Hadisələrin sonrakı gedişatı necə olacaq bilmirəm, ancaq bu sətirlər yazılanda hal-qəziyyə belə idi ki, Gürcüstan-Azərbaycan sərhədində Gözəl xanım Bayramlını bizim (bizimmi?) hüquq-mühafizə işçiləri saxlayıb. İki saatdır əldə elədiyimiz bircə informasiya var – xanımın çantasına “nəsə atıblar”.
Ola bilər bir azdan bu “nəsə” nəşəyə, nüvə başlığına dönər, ya da heç nəyə. Gözəl xanımı buraxıb, qırımızıca deyə də bilərlər ki, “Nə? Gözəl Bayramlı? Saxlanmaq?.. Axı burdan heç elə adam keçməyib…”. Mümkündü! İllərdir belə qırmızı yalanlar dövlət siyasətini müəyyən edən adamların dilərində iqrar edilir.
Hadisənin bu hissəsi bizim üçün maraqlı deyil. Bəndənizi bu xoş olmayan xəbər çıxandan bir sual giriftar edir. Çalışıram, “Gedin o cəbhəçi xanımı şərləyin” əmrini yerinə yetirənlərin psixoloji halını təsəvvür edim. Görəsən, bu və buna bənzər şərləmə əməliyyatlarını yerinə yetirənlər ilk təklifdəcə ağalarına “baş üstə” deyir, yoxsa, nəm-nüm edənləri də olur? Olana oxşamır. Bu isə özün vətəndaş sayan hər kəs üçün təhlükə və ürəklərimizi qəm edən haldır. Elə o əməliyyatçıların özü üçün də. Neyçün?
Biz yazılı və şifahi ədəbiyyatdan Firon obrazı ilə tanışıq. Fironu bəziləri bir nəfər, bir kimlik saysalar da, o özünü Allahlığa iddialı bilən Misir padşahlarının ümumiləşmiş adıdı. Günümüzdə Firon qəddarlığın, zülm və ədalətsizliyin simvolu sayılır. Tövratda heç diqqəti cəlb etməyən, amma mənim üçün hədsiz maraqlı gələn bir nöqtə var Fironla bağlı.
Tövrat (Çıxış bölümü) yazır ki, Musa Allahla ilk təmasa çıxandan sonra tapşırıq alır ki, gedib Fironla görüşsün və məzlum israillilərin Misirdən çıxmasına icazə alsın. Musa deyilən kimi də edir.
Ancaq Firon bundan qəzəblənir, hər dəfə müxtəlif inadkarlıqla maneçilik törədir ki, israillilər Misirdən 3 günlük çıxıb Allaha qurbanların kəssinlər. Lakin Musa peyğəmbər də əl çəkmir, hər dəfə bu xahişi edir. Belə olanda Firon sərəncam verir ki, məsəlçün, dünənə qədər israillilər gündə 8 saat işləyirdisə, indən belə 18 saat işləyəcək, dünənkinə nisbətən 2-3 qat çox kərpic kəsəcək.
Belə də olur. İş adına işgəncə artır. Bu zaman görün nə olur, ilginc bir şey. İsrailli iş icraçıları birbaşa Fironun hüzuruna şikayətə gəlib deyirlər: “Niyə qullarınla belə davranırsan? Qullarına saman vermirlər, amma “kərpic kəsin” deyirlər. Təqsir sənin adamlarındadır, döyülənsə bizik”.
Bütün müqayisələr qüsurludur deyirlər, mənim gətirdiyim də istisna deyil. Bununla yanaşı mən Tövratın bu hekayəti ilə milli Fironların (hesablamışam, bizdə təxminən 5 firon var) əmr qulları arasında oxşarlıq görürəm.
Fironlarımız keçmişdəki kolleqalarına hədsiz bənzəyir. Xüsusən iddialarında, ambisiya və zülmkarlıqlarında. Ancaq onların qulların müqayisə edəndə, bir az qəliz vəziyyət yaranır. Yuxarıdakı nümunədə gördük. Fironun qulbaşıları heç olmaya özlərində cəsarət tapıb, əmr və tapşırıqların əndazəni aşdığını deyə, hətta daha irəli gedib “təqsir sənin özündədir” bəyanatın verə bilir. Özü də Fironla üzbəüz. Onu da biləsiniz ki, bu haqq sözü dediyinə görə Firon o qulbaşların dərhal nə başın üzüb (rahatca üzə bilərdi, ATƏT-in, ABŞ səfirliyinin olmadığı uzaq keçmişdən danışırıq), nə də ciblərinə nəşə atıb.
Hesablayın, quldarlıqdan üzü bəri nə qədər zaman keçib. Ancaq quldarlıq quruluş kimi süqut eləsə də, şüurlarda hələ hökm sürür. Daha kəskin, daha ciddi formada. Yoxsa, bu nə deməkdi? Gözəl xanımı, yaxud onun kimi tərtəmiz ictimai-siyasi fəalları qıpqırımızı şərləmək əmri alan adamlar o işin dalıyca niyə qaça-qaça getsinlər ki?
Məni bu dəqiqə, inanın, Gözəl xanımdan çox bu insanların halı qəmləndirir. Gözəl xanım mərd və cəsur qadındı. Bu vaxta qədər həbs də görüb, polis vəhşiliyi ilə də üzləşib, ən sərt polemikalardan da keçib. Yenə həbs edərlərsə, bu, qarşı tərəfin alnına yapışan daha bir lənət damğasından başqa bir şey olmayacaq. Bəs vətəni, xalqı üçün qorxmadan, həyatını riskə ataraq mübarizə aparan Gözəlləri şərləyənlər? Onlar heç olmaya qul olduqlarının fərqinə tezliklə varacaqlarmı? Barı Gözəl xanımın bu qəziyyəsi bu baxımdan onlar üçün düşərli olaydı.
Oxunub: 1140