Gözəl xanımı da şərləyib həbs etdilər. Çoxdan buna hazırlaşırdılar. Dəfələrlə onu şantaj etmişdilər, Baş prokurorluğun ağır cinayətlərə dair işlər idarəsinə çağırıb qoxutmağa, apardığı böyük işlərdən çənindirməyə cəhd etmişdilər. Hakimiyyət orqanlarının müxtəlif iyrənc təhdid üsullarlı onu öz nəcib fəaliyyətindən çəkindirə bilməmişdi.
Gözəl Bayramlının adı və əməlləri ölkə ictimaiyyətinə yaxşı tanışdır. O, Xalq Cəbhəsi partiyasının sədr müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Uzun müddət cəbhənin rəhbərliyində təmsil olunan, ardıcıl siyasi baxışları və vətəndaşlıq mövqeyi olan ictimaiyyətçi bir xanımdır. AXCP Ali Məclisinin sədri Həsən Kərimovun vəfatından və xüsusilə, partiya sədrinin digər müavini Fuad Qəhrəmanlı, partiya rəhbərliyinə daxil olan digər şəxslərin saxta ittihamlarla kütləvi həbslərindən sonra təşkilatı baxımdan bütün işlər Gözəl xanımın üzərinə düşmüşdü. Sözün tam mənasında o, yorulmaq bilmədən fədakarcasına çalışan bir xanımdır və onun bu fədakarlığı hakimiyyətin narahatçılıq mənbəyinə çevrilmişdi.
Öz ardıcıl siyasi mövqeyinə görə Gözəl Bayramlı son illərdə hakimiyyət üçün baş ağrısına çevrilmişdi. Təkcə 2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsi onun iki şikayəti üzrə müsbət qərar qəbul etmiş, hər iki qərarda Gözəl xanımın haqlı olduğu təsdiq edilmiş, Azərbaycan hakimiyyəti ona münasibətdə qanun pozuntusuna yol verdiyinə görə böyük həcmdə cərimə ödəməli olmuşdu. Bunun biri kütləvi aksiya keçirilməsi ilə bağlı idisə, ikincisi parlament seçkiləri ilə bağlı idi. Məsələ burasındadır ki, Gözəl Bayramlı Yeni Azərbaycan Partiyasının İcra katibi, Baş nazirin müavini Əli Əhmədovu parlament seçkilərində udduğunun beynəlxalq məhkəmə qərarı ilə təsdiqinə nail olmuşdu. Bu qərar göstərir ki, əgər Azərbaycan hakimiyyəti saxtakarlığa yol verib Gözəl xanımın Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təsdiq edilmiş qələbəsini Ə.Əhmədovun adına sənədləşdirməsəydi o, ən azından hazırda keçmiş deputat statusuna malik olmalı idi.
Əlbəttə, Gözəl xanımın qanunsuz həbsi hakimiyyətin ilk növbədə Xalq Cəbhəsinə qarşı son illərdə qəddarlaşan repressiya siyasətinin tərkib hissəsi və davamıdır. Onlar bütün iyrənc vasitələr, bütün natəmiz yollarla Əli Kərimliyə çıxmaq istəyirlər. Bu həbs eyni zamanda Milli Şuranı zəiflətmək cəhdidir. Çünki qeyd edildiyi kimi Gözəl xanım MŞ-nın rəhbərliyində təmsil olunan bir ictimai-siyasi xadimdir. Qurama ittiham əsasında həyata keçirilən bu həbs hakimiyyətin öz əlyhdarlarına, siyasi müxalifətə qarşı dövlətin imkanlarından istifadə cəhdidir və bir başa konstitusiya pozuntusudur.
Gözəl xanıma qarşı quraşdırılan “qaçaqmalıçılıq” ittihamı ən elementar tənqidə belə dözüm imkanına malik deyil. O, son dərəcə məğrur həyat tərzi keçirən və həmişə qanunlara riayət edən dürüst bir xanımdır. Sadəcə hakimiyyət onun çantasına narkotika atmağa bir az “həya” edirdi. Ona görə bu qaçaqmalçılıq ittihamı düzülüb-qoşulub və hakimiyyətin ona qarşı irəli sürdüyü ittiham da, Gözəl xanımın çantasına atdıqları dollarlar kimi saxtadır. Zatən, gözəl xanımın həbsinə çağırış hakimiyyət mediasında bir neçə ay öncə verilmişdi. Həmin çağırışda Gözəl xanımın, Gültəkin xanımın, Əli Kərimlinin və mənim indiyə qədər həbs olunmamağımızdan təəccüb ifadə edilmişdi. Ona görə Gözəl xanımın həbsində təəccüblü bir şey yoxdur. Bu hakimiyyətin çoxdan planlaşdırdığı və həyata keçirmək üçün məqam gözlədiyi bir həbsdir.
Oxunub: 1194