“İlham Əliyev bir gün mənim burda nələr gördüyümü görsə, dəhşətə gələr”
“Mən 3-cü kamerada saxlanılırdım, Abbas 5-ci kamerada. Abbasın işgəncələrdən iniltisini eşidirdim. İndi bilindi, kimdir zorakılıq edən?!”
Müsəlman Briliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə tərəfdaşı Abbas Hüseynin Qobustan həbsxanasında işgəncələrə məruz qalmasına münasibət bildirərkən belə deyib.
Avqustun 8-də vəkil Yalçın İmanov Qobustan həbsxanasında Taleh Bağırzadəylə görüşüb.
İlahiyyatçı tərəfdarlarını zorakılığn qarşısında sivil, dinc və mütəşəkkil qaydada mübarizə aparmağa çağırıb: “Həzrəti Əli deyirdi ki, min dəfə zorakılığa məruz qalmaq, 1 dəfə zorakılıq eləməkdən yaxşıdır”.
Taleh Bağırzadə Qobustan həbsxanasında məhbusu çarmıxa çəkməyin geniş yayılmış cəza üsulu olduğunu deyib: “Başqa məhbusları da belə üsulla cəzalandırırlar, adətən 3 gün olur. Bizi heç “Bandotdel”də belə eləməmişdilər. “Bandotdel”də döyürdülər, işgəncə verirdilər, sonra maz sürtüb, sağaldırdılar. İlham Əliyev bir gün mənim burda nələr gördüyümü görsə, dəhşətə gələr”.
İlahiyyatçı 30 iyulda 7 sutka cərimə təcridxanasına (karsa) salındığını, avqustun 6-da karsdan çıxdığını da bildirib. Onun sözlərinə görə, cəzalandırılmasına əsas kimi, guya, karantində səs-küy salması göstərilib: “Halbuki, belə bir şey olmayıb. Karantin otağında havasızlıq və istidən, səhhətim pisləşdi, İlkin Axundov adlı nəzarətçidən həkim çağırmağı xahiş etdim, o isə əvəzində məni təhqir elədi”.
Taleh Bağırzadə həbsxanada olduğu müddətdə Abbas Hüseynə edilən işgəncələrə və özünün həbsxananın İlkin Axundov adlı əməkdaşı tərəfindən sözlə təhqir edilməsinə və ardınca qanunsuz karsa salınmasına etiraz olaraq 6 gün aclıq aksiyası keçirdiyini də bildirib.
İlahiyyatçı hazırda karantindədir.
Azadliq.info
Oxunub: 726