“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov deyib ki, kərə yağının istehsalı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq şikayətlər alır: “Onlar əridilən kərə yağının suyunun çox olduğunu, hazırlanan yeməklərdən xoşagəlməz dad və qoxu gəldiyini bildirirlər. Ölkədə kərə yağını yaxşı analiz edən tədqiqat aparılmayıb. Bazarda təxminən 30 növə qədər kərə yağı satılır. Bitki yağlarında olduğu kimi, kərə yağı bazarı da çirklənib. İstehlakçıların çoxsaylı zənglərinə görə iki il əvvəl Yeni Zelandiyada keçirilən dünya konqresində iştirak etdim. Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır.
Heç bir qatqı qarışdırılmadığını gözümlə gördüm. Bundan sonra həmin ölkədən gələn yağların keyfiyyətinə inamım artdı. Lakin bununla bərabər, Azərbaycanın əmtəə bazarında Yeni Zelandiyadan başqa yağlar da satılır. Yağların 60 faizə qədəri təmiz kərə yağı deyil, bitki və marqarin yağlarının qarışıqlardır”.
Hüquq müdafiəçisi əsl kərə yağını müəyyən etməyin yollarını da açıqlayıb: “Kərə yağını əlinizdə sıxın. Əgər soyuq temperaturda çox bərkdirsə, yaxud bıçaq vurulduğu zaman ovulursa, bu, təmiz kərə yağıdır.
Qarışıq kərə yağları rahat şəkildə, ovulmadan kəsilir. Yəni yerdə qalan yağlar orqanizm üçün tam zərərlidir demək doğru deyil. Sadəcə istehlakçı aldığı yağın tərkibini bilməlidir. Əgər qatqı varsa, mütləq yağın üzərində qeyd edilməlidir. Təmiz kərə yağı açıq sümük rəngində olmalıdır.
Əgər eyni tavaya kərə yağı və digər yağı atsanız görərsiniz ki, kərə yağının ərimə temperaturu insan bədəni temperaturundadır.
Ona görə də digər yağlara nisbətən tez əriyir. Yeni Zelandiyada olarkən qiymət məsələsinə toxundum. Məlum oldu ki, Azərbaycana kərə yağı göndərən zavod 1 sutkada 3, 5 milyon litr süd emal edir. Ölkənin kərə yağından olan gəliri 12 milyard dollardır. İstehsal böyük miqdarda olduğu üçün idxal əlverişlidir.
Oxunub: 342