Milli Şuranın Koordinasiya Mәrkәzi növbәti iclasını keçirib. İclasda gündәmin bir sıra mәsәlәlәri müzakirә olunub vә onlara münasibәt bildirilib.
Koordinasiya Mәrkәzi ilk olaraq Qobustan qapalı hәbsxanasında siyasi mәhbuslar, Müsәlman Birliyi Hәrәkatının sәdri Tale Bağırzadә vә xüsusәn dә hәrәkatın fәallarından olan Abbas Hüseynә ağır işgәncә verilmәsini müzakirәyә çıxarıb. Milli Şura üzvlәri bildiriblər ki, Qobustan hәbsxanasında qәddarlıqla döyülmәsi, günlәrlә çarmıxa çәkilmiş vәziyyәtdә saxlanması, günün altında dirәyә bağlanması kimi işgәncәlәr barәdә siyasi mәhbus Abbas Hüseynin öz vәkili vasitәsilә ictimaiyyәtә çatdırdıqları dövlәt orqanında törәdilәn vәhşiliyi göstərir və hökumәt buna görə izahat vermәli vә müvafiq tәdbirlәr görmәliydi. Lakin təəssüf ki, hakimiyyət belə bir dəhşətli hadisə qarşısında da susqun və saymazyana davrandı. Milli Şura üzvləri qeyd ediblər ki, buna qədər DİN-in Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsi (“bandotdel”) belə dəhşətli işgəncələr, anti-insani əməllərlə ad çıxarmışdı. İndi bəlli olur ki, Ədliyyə Nazirliyinə tabe olan cəzaçəkmə müəssisələri, konkret olaraq Qobustan qapalı həbsxanası və “tubzon” kimi tanınan cəzçəkmə müəssisəsi dustaqlara verilən işgəncələrin ağırlığına görə “bandotdel”i də üstələyir. Bu da onun göstəricisidir ki, vətəndaşlara qarşı dəhşətli işgəncələr ayrı-ayrı dövlət orqanlarının, hansısa qudurğan məmurların özfəaliyyəti deyil, yürüdülən dövlət siyasətinin nəticəsidir və birbaşa ölkə başçısı İlham Əliyevdən qaynaqlanır. Ona görə də ölkədə geniş yayılan işgəncə faktlarına görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır.
Müzakirələrdə belə qənaətə gəlinib ki, xüsusilə “Nardaran məhbuslarına” dəhşətli işgəncələr verməkdə hakimiyyətin bir məqsədi də dindar kəsimi radikallaşdırmaq, dinc mübarizə müstəvisindən çıxarıb zorakı vasitələr seçməyə təhrik etməkdir. Buna görə də Milli Şura adından ölkənin inanclı kəsiminə müraciət olunur ki, hakimiyyətin təxribatına uymasınlar, öz əqidələri uğrunda mübarizəni istisnasız olaraq dinc yollarla davam etdirsinlər.
Koordinasiya Mərkəzinin müzakirə etdiyi növbəti məsələ AXCP sədrinin həbs edilmiş müavini, Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü Gözəl Bayramlıya hələ də müalicə imkanının yaradılmaması olub. Belə ki, 2 aydan və çoxsaylı yerli-xarici çağırışlardan sonra G.Bayramlının müsadirə edilmiş dərmanları ona verilsə də, dərmanların istifadə qaydası və dozasını göstərən reseptləri hələ qaytarılmayıb. Bu isə onun əldə etdiyi dərmanlardan istifadəsinə imkan vermir, üstəlik, resept üzrə yenə də alınası dərmanlar var. Milli Şuar üzvləri belə qənaətə gəliblər ki, G.Bayramlının dərmanlarını qaytarıb, reseptlərini verməməklə guya onun müalicəsinə şərait yaradıldığını göstərib, yerli və beynəlxalq ictimaiyyəti aldatmaq istəyirlər. Əslində isə G.Bayramlı aldığı dərmanlardan yenə də istifadə edə bilməməklə müalicəsiz qalıb. Bu da onun həyatına düşünülmüş tədrici qəsdin davam etdirilməsi deməkdir. Milli Şura hesab edir ki, bu qədər ictimai basqının qarşısında bir xanım siyasətçinin həyatına belə aşkar qəsdin uzun müddət davam etdirilməsi ən yüksək səviyyədən sifariş verilməsəydi, mümkün olmazdı. Milli Şura bu qəsdə görə birbaşa ölkə rəhbəri İ.Əliyevin məsuliyyət daşıdığını bir daha vurğulamaqla tələb edir ki, təcili şəkildə G.Bayramlının reseptləri özünə qaytarılsın və onun müalicəsinə şərait yaradılsın.
Koordinasiya Mərkəzi “Turan” informasiya agentliyinə qarşı cinayət işinin açılmasına da münasibət bildirib. Qeyd olunub ki, bu hadisə ölkədə azad mətbuatın tamamilə sıradan çıxarılmasına növbəti cəhd kimi narhatlıq doğurur və beynəlxalq birlik adekvat müdaxilə ilə bu prosesi durdurmalıdır.
AXCP-yə qarşı repressiyanın davam etməsi də iclasda müzakirə olunub. Milli Şura üzvləri AXCP Sumqayıt şöbəsi Gənclər Komitəsinin sədri Ruslan Qaranın avqustun 11-də faktiki oğurlanaraq, 20 günlük inzibati həbsə məhkum edilməsini pisləyərək, bunu AXCP-yə qarşı dayanmayan təqib-təzyiqin tərkib hissəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, hakimiyyətin AXCP-yə qarşı aqressiv və qərəzli münasibəti ardıcıl xarakter daşıyır. Təkcə Milli Şuranın 11 sentyabr 2016-cı il mitinqindən sonra AXCP-nin 40 üzvü müxtəlif müddətlərə həbs olunmuşdu və Ruslan Qara həbs edilən 41-ci üzvdür. Müzakirələrdə hakimiyyətin belə aqressiv münasibətinə baxmayaraq, AXCP-nin dinc siyasi mübarizəni qətiyyət və prinsipiallıqla davam etdirməsi xüsusi vurğulanaraq, təqdir olunub. Milli Şura üzvləri AXCP-nin bundan sonra da bütün təzyiqləri uğurla dəf edəcəyinə inandıqlarını və onunla birlikdə mübarizəni qələbəyədək davam etdirəcəklərini bildiriblər.
Azadliq.info
Oxunub: 550