“Hökm oxunanda elə birinci onu düşündüm ki, heyf, Faiq Fatimənin gələn il birinci sinifə getməsini görməyəcək. Amma canı sağ olsun. Neyləyək? Əsas Faiqin nəfəsi gəlir, bu mənim bəsimdir”, – 3 il 3 ay azadlıqdan məhrum edilən “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli belə deyir.
O, son bir ildə üzləşdiyi çətinlikləri, keçirdiyi narahatlıqları AzadlıqRadiosu ilə bölüşüb.
– Lalə xanım, bir ildən çoxdur yoldaşınız Faiq Əmirli həbsdədir.
– Elə mən də həbsdəyəm onunla bərabər.
– Bu bir ildə nə dəyişdi həyatınızda? Bir il nəyi öyrətdi sizə?
– Bir ildə mən səbr etməyi öyrəndim. Bir də insanlarla necə münasibət qurmağı. Daha dəqiq ifadə etsəm, insanları tanımağı, kimin kim olduğunu öyrəndim, onları ayırd etməyi öyrəndim. Ən çox da səbrli olmağı öyrəndim.
– Yəqin, həm də uşaqları təkbaşına böyütməyi, onlardan atalarının həbsdə olması gerçəyini, çətin də olsa, gizlətməyi öyrəndiniz.
– Mən onlara atalarının həbsdə olduğunu deməmişəm. Hökm veriləndən sonra hər ikisini oturdub başa saldım ki, atanızın işi bir az da uzandı. “Müdirləri pulunu vermədiyinə görə atanız bir az da gec gələcək” dedim.
– Qızların neçə yaşı var?
– Allah qoysa, böyüyün – Fatimənin 6 yaşı olacaq dekabrda, Leylanın da 4 yaşı var.
– Sizcə, onlar həbsxana nədir, haradır desəniz, anlamazlar?
– Desəm bilərlər. Amma demirəm. İstəmirəm uşaqların psixologiyası pozulsun.
– Amma bəlkə də ürəklərində atalarından inciyirlər? Bəlkə də düşünürlər ki, necə olur ata bizi görməyə vaxt tapmır? Bu özü travma yaratmazmı uşaqlarda?
– O qədər çətindir mənə. Balaca hər səhər yuxudan oyananda ağlayır, deyir ki, çağır atanın müdirini gəlsin. Soruşuram: “Müdiri neynirsən?” Cavab verir ki, “kəsəcəm onu, atamı buraxmır, işdə çox saxlayır”.
– Həqiqəti desəniz, bəlkə bu qədər əziyyət çəkməzdiniz? Atalarını görmək imkanları da yaranardı.
– Atalarını şüşə arxasında görmələrini istəmirəm. Açıq görüşə icazə versələr, apararam. Bir dəfə yazda aparmışam hətta. O da görürəm uşaq… Soruşur ki, ana, ata niyə əsgərlərlə gəlir? Cavab verirəm ki, əsgərlərlə işləyir. İstəmirəm ki, onların psixologiyasına təsir etsin.
– Böyük qızınız, deyəsən, məktəbə hazırlaşır.
– Fatimə sentyabrdan hazırlığa gedəcək. Hökm oxunanda elə birinci onu düşündüm ki, heyf, Faiq onun gələn il birinci sinfə getməsini görməyəcək. Amma canı sağ olsun… Neyləyək? Əsas Faiqin nəfəsi gəlir, bu mənim bəsimdir.
– Faiq Əmirlinin yaxın aylarda azadlığa çıxacağına ümidiniz varmı?
– İstəyərdim, ancaq gözləntim yoxdur. İnanmıram. Hələlik, iki il üç ay gözləməliyəm. Bir ili iyulun 20-də tamam oldu.
– Yeri gəlmişkən, Faiq Əmirli ilə bağlı hökm oxunanda hakimin gözünün yaşardığı deyilir. Siz də bu haqda “Facebook” sosial şəbəkəsində yazmışdınız, fikirlərinizi bölüşmüşdünüz. Hakimə qarşı qəzəbli olduğunuz hiss olunurdu. Bu müddətdə fikirləriniz dəyişməyib?
– Mən bilirəm ki, bu hökm hakimlik deyil. Ona nə deyiblərsə, o da yerinə yetirib. Amma bu adamda vicdan olsaydı, mənliyinə sığışdırıb iki uşaq atasına bu hökmü oxumazdı. Nə bilim… Hər halda, günahsız adama bu hökmü oxumazdı. Belə də ki, o mənim nəyimdi ondan inciyim, ya küsüm?
– Həyat yoldaşınızın səhhəti necədir? Vaxtaşırı siz də, vəkili də səhhəti ilə bağlı məlumatlar bölüşürsünüz.
– Dünən – avqustun 10-da görüşdüm onunla. Ayaqları ağrıyır. Deyir ki, tam sərbəst yeriyə bilmir. Bütün günü oturaq vəziyyətdədi deyə ayaqlarına ağrı verir. Ödü də həmişəki kimi incidir onu, həftədə iki-üç dəfə qaytarır. Mədəsində, ödündə problem var. Bir də, alın hissəsində, əsəbdəndi-nədəndi, keyimə baş verir. Həkimlərə müraciət edib. Amma yaydı, məzuniyyətdədirlər, gəlib baxan olmayıb ona. Ağrıkəsici içə bilir… O ağrıyanda mən də pis oluram. Səhhəti sabitləşəndə mən də sakitləşirəm. O ağrıyanda çıxış yolu axtarıram, tapa bilmirəm. İstəyirəm nəsə edim. Amma əlimdən də heç nə gəlmir. Fırlana-fırlana qalıram. Heç nə bacarmırsan. Qalırsan belə, tək…
– Ötən il sizinlə danışanda dediniz ki, “Faiqin həbsindən sonra uşaqların həyatına görə daha çox narahatam, gərginəm, elə bilirəm kimsə onları da alıb aparacaq”. Bu qorxulardan azad ola bildinizmi?
– Qorxularım 40 faiz azalıb. Ancaq yenə də narahatam. Küçədə gedəndə, yolu keçəndə uşaqların əlindən bərk-bərk tuturam, sıxıram. Birdən kimsə… Ola bilməz elə şey. Amma yenə də… Kimsə əlimdən alıb qaçdı… Dəli olaram… Yaxşı ki dostlar var, valideynlər var, onların sayəsində vəziyyətdən çıxmağa çalışıram.
Oxunub: 270