ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına yeni xəbərdarlıqla çıxış edib. O, Birləşmiş Ştatlar hərbi qüvvələrinin döyüşə hazır vəziyyətdə olduğunu deyərək Pxenyan müharibəyə başladığı halda əks-zərbəyə məruz qalacağını vurğulayıb.
“Hərbi çözüm üsulları yerindədir, döyüşə hazır vəziyyətdə – əgər Şimali Koreya qeyri-müdrik hərəkət edərsə,” Prezident Tramp cümə günü Tvitterdə yazıb. Tramp əlavə edib: “Ümid edirəm ki, Kim Conq Un başqa yol tapacaq!”
Prezidentin xəbərdarlığı Çinin Pxenyan ilk atəş açacağı təqdirdə ABŞ-ın hücumuna məruz qalarsa, Şimali Koreyaya kömək etməyəcəyi barədə bəyanat verməsindən sonraya təsadüf edir.
Çinin verdiyi xəbərdarlıq dövlətə məxsus Global Times qəzetində dərc olunub. Qəzetin baş məqaləsində bildirilir ki, Şimali Koreya ilk zərbəni endirdiyi halda Pekin neytral qalacaq.
“Çin hökuməti aydın etməlidir ki, əgər Şimali Koreya ABŞ ərazisini təhdid edərək raket atsa və buna cavab olaraq ABŞ hücum etsə, Çin neytral qalacaq,” qəzetdə bildirilir.
Lakin baş məqalədə o da vurğulanır ki, əgər ABŞ və Cənubi Koreya Kim Conq Un rejimini devrimək üçün əlbir olsalar, onda Çin müdaxilə edəcək.
“Əgər ABŞ və Cənubi Koreya Şimali Koreya rejimini devirmək və Koreya Yarımadasında siyasi durumu dəyişmək üçün zərbələr endirsələr, Çin bunun qarşısını alacaq.”
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Şimali Koreya ilə bağlı mövqeyini sərtləşdirərək bəyan edib ki, əgər Pxenyan müharibəyə başlasa, “onların başına heç vaxt ağıllarına gətirmədiyi şeylər gələcək.”
Son xəbərdarlığında Tramp deyib ki, ola bilsin onun əvvəl işlətdiyi “atəş və qəzəb” barədə bəyanatı “kifayət qədər sərt olmayıb”.
Nyu Cersi ştatının Bedminster qəsəbəsində jurnalistlərin “daha sərt nə ola bilər” sualını cavablandıran Tramp deyib: “Siz görəcəksiz… Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar.”
Prezident Tramp Şimali Koreyanın ABŞ ərazisi olan Quam sularına dörd ballistik raket atmaq planlarını yekunlaşdırmaq ərəfəsində olduğunu bəyan etməsindən bir neçə saat sonra danışıb.
Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.
Amerikanin səsi
Oxunub: 370