lapshAvqustun 14-də üç il müddətinə azadlıqdan məhrum edilmiş bloger Aleksandr Lapşinin apellyasiya verməsi üçün ayrılmış müddət başa çatıb. Buna görə hökm qüvvəyə minir. Amma bloger vətəndaşı olduğu İsrailə ekstradisiya olunması xahişi ilə müraciət edib.
Vəkil Eduard Çernin Turan-a izah edib ki, hökm qüvvəyə mindikdən sonra İsrailin Ədliyyə Nazirliyi Azərbaycan tərəfə müraciət etməlidir. Prinsipcə, İsrail Lapşinlə bağlı müraciət etməyə hazır olduğunu bildirib, amma orada müəyyən prosedur var.
“Düşünürəm ki, yaxın 7-10 gün ərzində Aleksandr Lapşinin İsrailə ekstradisiyası üçün hansı addımların atılacağı aydın olacaq”, deyə vəkil qeyd edib.
O, ekstradisiya haqqında müraciətə baxılmasının nə qədər vaxt aparacağını deməyə çətinlik çəkib.
“Müxtəlif hallar olub. Bəzən bu məsələlər bir gün ərzində həll olunub, bəzən isə yarım ay və daha çox”, deyə o əlavə edib.
Vəkil qeyd edib ki, Azərbaycanın ekstradisiya haqqında qanunu və müvafiq Avropa Konvensiyası məsələnin müsbət həlli üçün hüquqi əsas yaradır.
* Xatırladaq ki, Lapşin iyulun 20-də sərhədi qanunsuz keçmək və Azərbaycanın dövlətçiliyinə qarşı çağırışlar etmək ittihamı ilə həbs edilib. Onun Dağlıq Qarabağ separatçılarını dəstəkləyən bəyanatları və başqasının adına olan pasportla Azərbaycana gəlişi nəzərdə tutulurdu.
Amma məhkəmədə Lapşin özünü təqsirli bilməyib, Azərbaycanın ərazi bütövlüyünə qarşı olmadığını və Qarabağa səfərlərinin turizm xarakterli olduğunu bildirib.
Xatırladaq ki, Lapşin 2016-cı il dekabrın 16-da Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılıb və Bakıya təhvil verilib.
Oxunub: 76