Bakının problemlərindən biri də zibil qutuları ilə bağlıdır. Çünki binaların, ya da fərdi yaşayış evlərinin sakinlərinin tullantılarını atması üçün qoyulan zibil qutuları bir çox hallarda dayanacaqların, istirahət parklarının yaxınlığında yerləşdirilir.
“Report” xəbər verir ki, belə yerlərdə qoyulan zibil qutuları günlərlə boşaldılmır və üfunət qoxusundan yay aylarında zibil qutularının qoyulduğu ərazilərdən keçmək mümkün olmur.
Digər problem isə zibil qutularından çirkab suların axaraq xoşagəlməz mənzərə yaratması, hətta insanların sağlamlığını təhdid etməsidir. Bakı küləkli şəhərdir və bir ərazidəki üfunət qoxusu qısa zamanda ətraf ərazilərə yayılır.
Bakının Nəsimi rayonu, III mikrorayon ərazisində, metronun “Əcəmi” stansiyasının yaxınlığındakı Cavadxan küçəsində yerləşən parklardan birində eyni vəziyyətdir.
Belə ki, ərazidə yeni park salınaraq paytaxt sakinlərinin istifadəsinə verilib. Ancaq parkın düz ortasından keçən, qarşı tərəfdə yerləşən binaların sakinlərinin işlətdiyi yolda ona yaxın zibil qutusu qoyulub. Nəticədə istirahət etmək üçün parka gələnlər həmin yolu keçməli olduqlarından istər-istəməz hər gün dəhşətli qoxunu ciyərlərinə çəkməyə məhkumdurlar. Üstəlik, həmin yoldan istifadə edən yüzlərlə insan zibilin ətrafa axan qalıqlarının içindən keçməyə məcburdur. Dolayısı ilə zibilin ətrafda yaratdığı mikrobları ayaqqabılarımızın altında evimizə daşıyırıq. Ətrafda oynayan azyaşlı uşaqların topları, oyuncaqları da tez-tez həmin şirəli əraziyə düşür. Burada velisoped sürən uşaqların sayı da az deyil.
Oxunub: 316