Əbülfəz bəylə şəxsi tanışlığımız Mirheydər bəy vasitəsi ilə olsa da 1970-ci illərin sonlarında məni Əbülfəz bəyin gizli dərnəklərinə bizdən yuxarı kursda oxuyan Akif Məmmədov cəlb etdi. İçində böyük vətən sevgisi daşıyan Balacaboy, arıq, çalışqan bir gənc olan Akif Məmmədov Xudu Məmmədovun bacısı oğlu idi. Az sonra mən onun vasitəsi ilə Xudu müəllimlə tanış oldum və səhv etmirəmsə onun 1974-cü ildə nəşr edilmiş “Qoşa qanad” kitabı haqqında müəllifin iştirakı ilə tələbə yataqxanasında məruzə etdim.
Əbülfəz bəy Sovetlərin yardımı ilə Misirdə qurulan Asuan bəndində 1963-1964-cü illərdə tərcüməçi işləmişdi. Həmin illərdə Nikita Xruşşovun Misir prezidenti Cemal Abdul Naserin görüşündə iştirak etmiş, Sovet mütəxəssisləri ilə birlikdə Luksar şəhərində Xruşşov, Naser, İrak prezidenti Arif, Azərbaycan Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Əlcəzairin dövlət başçısı Əhməd Bin Bellanın birgə görüşünə qatılmışdı. Sonralar o, Luksarda əl verib görüşdüyü Bin Bella haqqında böyük maraqla danışırdı. Tərcüməçilik fəaliyyətini başa vurub Bakıya döndükdən sonra Əbülfəz bəy 1965-ci ildə universitetdə aspiranturaya girmiş və 1969-cu ildə böyük alim Ziya Bünyadovun elmi rəhbərliyi altında “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdı. Həmin illər milli kimlik məsələləri ictimai müzakirəyə gəldiyindən tələbələr arasında millətçilik əhvalı yaranmışdı. Xüsusi ilə 60-cı illərin ortalarından başlayaraq Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyi ətrafında gedən müzakirələrdə Ziya müəllim, Süleyman Əliyarov və Mahmud İsmayılov tərəfindən bu hadisənin könüllü birləşmə kimi deyil, işğal faktı kimi qiymətləndirilməsi gənclər arasında millətçilik dalğasını gücləndirmişdi. Keçmiş tələbə, aspirant və yeni təyinat almış gənc müəllim kimi Əbülfəz bəy elmi rəhbəri Ziya müəllimin yetirməsi idi və həmin vaxt Ziya müəllimin yalnız elmi dairələrdə deyil, gənclər, xüsusi ilə tarixçi gənclər arasında böyük nüfuzu var idi. 60-cı illərin sonunda gizli tələbə dərnəklərini yaradan bir neçə gənc müəllimdən ikisi – Əbülfəz Əliyev və Rafiq İsmayılov bilavasitə Ziya müəllimin yetirmələri idi.
Həmin gənc müəllimlərdən digərləri isə Əbülfəz bəyin tələbə yoldaşları, ərəb dilini mükəmməl bilən şərqşünas Malik Mahmudov və Alim Xasayev idilər. 70-ci illərin əvvəllərində onun Akademiyanın Fəlsəfə institutunda işləyən digər bir tələbə yoldaşı, Şərq fəlsəfəsinin mükəmməl bilicisi və orta əsr Azərbaycan fəlsəfi fikrindən maraqlı araşdırmalar aparmış Zakir Məmmədovun universitet auditoriyalarında görünməsi milli maarifçilik prosesini daha da gücləndirdi. 60-cı illərdə bu dəstəyə daxil olan Malik Mahmudov xaricdə işləyərkən Müsavat partiyasının proqram sənədlərini əldə etmiş və onu Azərbaycana gətirə bilmişdi. Bu sənədlər gizli dərnəkçilik fəaliyyətinə gənc müəllimlərin fikir və düşüncələrinin cilalanmasında əhəmiyyətli rol oynamışdı. Məhz, bunların sayəsində Müsavat partiyası və Məhəmməd Əmin Rəsulzadə haqqında ilk həqiqətləri də biz onlardan eşitdik. Əbülfəz bəyin öz dostları ilə birgə yaratdığı gizli tələbə dərnəkləri üçlü prinsipi üzrə şəbəkələşirdi və orada daha çox gənclər arasında maarifçilik, milli tarixə və mədəniyyətə sevgi, Cənubi Azərbaycan sevdası, üzərində gəzdiyin torpağın vətən bilinməsi, sovet sisteminin yararsızlığı, vəd edilən kommunist ideallarına şübhə toxumunun səpilməsi, milli kimlik haqqında düşüncələr sistemi və sair məsələlər müzakirə edilirdi. Bütün ölkə kommunizm quruculuğu qayğısı ilə yaşadığı bir dövrdə Əbülfəz bəy sovet quruluşunun yararsızlığı və onun dağılmağa məhkum olduğunu gənclərə təlqin edirdi. Üç nəfər dərnək üzvü və onların “kuratorundan” başqa heç kim bir-birini tanımırdı. 60-cı illərin sonu və 70-ci illərin əvvəllərində bu gizli dərnəklər gənclərin fəallaşmasında müəyyən rol oynasa da, lakin çox da uğurlu olmadı və kütləvi xarakter ala bilmədi. DTK az da olsa öz adamlarını şəbəkənin içinə sala bildi və prosesi nəzarət altına aldı.
Əbülfəz bəy tədris proqramı üzrə 1971-ci ildə bizə dərs deməyə başlayanda artıq qrupun bir neçə tələbəsi onun gizli dərnəklərinin üzvü idi. O, mühazirələrə başlayanda Sovet tədris sistemi üçün ümumi prinsiplərə çevrilmiş bir sıra qaydaları pozmağa başladı. Birinci dəfə ümumi tanışlıqdan sonra jurnal üzrə davamiyyət yoxlamasın bir kənara qoydu və mühazirələrə davamiyyət tələbələrin öz vicdanına buraxıldı. Amma auditoriyanı elə ovsunlamışdı ki, hamı onun növbəti dərsini böyük səbirsizliklə gözləyirdi. İkincisi, müəllimlərin əksəriyyətinin mühazirəni əvvəlcədən hazırlanmış mətnlərdən oxumaları yeknəsəq, can sıxıcı bir mənzərə yaradırdı. Hətta bir dəfə yaşlı bir professor “mar-mar” deyə yazısını höccələyəndə, səbri tükənmiş bir neçə tələbə yerindən demək olar ki, eyni vaxtda müəllim yəqin ki, “Marks” demək istəyirsiniz deyəndə, professor gülümsəyib – hamınız qələt eləyirsiniz – dedi. Höccələdiyi sözün “Marks” yox, “Markiz” olduğun bildirdi. Bax belə bir şəraitdə Əbülfəz bəyin kağız-kuğuzsuz, canlı mühazirələr deməsi, əl hərəkətləri, mimikalarla mənzərəni yaratması söhbətə canlı xarakter verirdi. O, maraqlı müqayisələr aparır və sistemin yararsızlığı haqqında eyhamlar vururdu. O, millət olaraq ruslara qarşı deyildi, rəsmi ideologiyanın əksinə olaraq sovet, sosializm sisteminin yararsızlığını ifadə etməyə çalışırdı. Məsələn, 60-cı illərin ikinci yarısında Rusiyanın müxtəlif vilayətlərindən Mingəçevir toxuculuq kombinatına 2 min nəfər rus qadın və qızlarının gətirilməsinə Əbülfəz bəy Sovetlərin milli ucqarları assimilyasiya etmək siyasətinin tərkib hissəsi kimi baxır və buna görə sistemi tənqid edirdi.
Həmin illərdə Əbülfəz bəyin içində tükənməyən bir türklük sevdası var idi və o, bu sevdanı zərrə-zərrə tələbələrin ruhuna hopdururdu. Səhv etmirəmsə 1973-cü, ya 74-cü il idi. Gənc, cazibədar, gözəl səsi və səhnə mədəniyyəti olan türk müğənnisi Emel Sayin Bakıya konsert verməyə gəlmişdi. Biz Zakir Məmmədovun ixtisas qrupunda 8 tələbə idik. İkinci növbənin sonuncu dərsi olduğundan Əbülfəz bəy bizə icazə aldı və hamımıza bilet alıb Emel Sayinin konsertinə apardı. Bu onun tələbələri ilə keçirdiyi ikinci mədəni proqramı idi, birincisini məşhur müğənni Zaliha və Erkosa qardaşları Bakıda konsert verərkən etmişdi.
Əbülfəz bəy Atatürkün vurğunu idi və dərsdə müqayisələr apararkən tez-tez bu müqayisələrin mərkəzinə Qazi Mustafa Kamal paşanı qoyurdu. Dövləti Aliyyeyi Səfəviyyənin, Şah İsmayılın vurğunu olsa da, Osmanlı sultanlarından həvəslə, iftixarla danışırdı. Orta əsrlərdə Osmanlının Avropanda hökmranlıq etdiyi dövrdən danışarkən türk ədəbiyyatından belə bir nümunə gətiridi:
Kişneyende bir dəfə türkün atı,
Kırılırdı bir ölkenin kanatı!
(Ardı var)