Məhkəmənin vaxtı dəyişdirilib və bu barədə əlavə xəbər verilməyib
Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisinin üzvü Asif Yusiflinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib. Prosesə Rizvan Səfərov sədrlik edib.
Məhkəmə iclası saat 14:15-ə təyin edilsə də vəkillərə və ailə üzvlərinə bildirilmədən və onların iştirakı olmadan saat 11:00-da keçirilib. Onlar məhkəməyə saat 14:15-də gəliblər. Vəkil hakimə telefon edərək toplaşanların zala çağırılmamasının səbəbini soruşub. O deyib ki, artıq iclas olub.
A.Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq (178-ci maddə) və saxta sənəd (320-ci maddə) ittihamı ilə həbs olunub.
Bu iş üzrə zərərçəkən Fəridə Zülfüqarova A.Yusifliyə 6500 manat verib ki, Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırsın. Sonuncu rüşvəti götürərək F.Zülfüqarovanın oğlunun Ukraynada ali təhsil almasını təşkil etməliydi. Lakin sövdələşmə baş tutmayıb və R.Hüseynov pulu qaytarmayıb. Məhkəmə prosesi zamanı etiraf edib ki, pulu o alıb, A.Yusiflinin bu işlə əlaqəsi yoxdur.
F.Zülfüqarova da dəyən zərərin kompensasiya edilməsilə əlaqədar şikayətindən imtina edib. Ancaq 2015-ci il iyulun 30-da məhkəmə A.Yusiflini dələduzluq və saxta sənəd hazırlanmasında təqsirli bilərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb.
A.Yusifli cəzasının üçdə bir hissəsini çəkməsinə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Ancaq birinci instansiya məhkəmə onun vəsatətini təmin etməyib.
AXCP sədri Əli Kərimli məhkəmənin bugünkü qərarını şərh edərkən prosesin gizli keçirilməsini qanunsuzluq adlandırıb.
“Qarabağ müharibəsi əlili Asif Yusiflinin heç bir təqsiri yoxdur. O, müharibə veteranı Zaur Həsənovun intihar həddinə çatdırılmasına etiraz olaraq Bakının mərkəzində aksiya təşkil etdiyinə görə təqib olunur”, – Ə.Kərimli bildirib.
“Hər ay zərfdə 400 min dollar “əməkhaqqı” alan naziri cəzalandırmadılar, Elmlər Akademiyasının prezidentinin müşaviri etdilər, müharibə veteranı isə 6500 manata görə 4 ildir həbsdə saxlanılır.
Asif Yusiflinin bu pula aidiyyatı olmayıb. Sadəcə, onu bir şəxsdən digərinə çatdırıb. Üstəlik, pullar zərərçəkənə qaytarılıb”, – Ə.Kərimli qeyd edib.
A.Yusiflinin anası Sədaqət Yusifli bildirib ki, veteranın ailəsinə əziyyət verirlər. “Belə hökumətə nə deyim”, – S.Yusifli qeyd edib(Turan).