Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması barədə hakimiyyət düşərgəsindən səslənən təşəbbüslərə cavab verib. C.Həsənli bu barədə feysbuk səhifəsində yazıb:
Deməli bir sıra deputatlarımız yayın işsizliyindən bezikərək təşəbbüs qaldırıblar ki, Rusiyanın post-sovet məkanına hərbi nəzarət mexanizmi kimi yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına girmək lazımdır. Maraqlı bir mənzərə yaranıb. Azərbaycanın torpaqların 25 ildir işğal altında saxlayan Ermənistan bu ilin baharındakı xalq inqilabından sonra Qərb strukturlarına inteqrasiya olmağı hədəfləyib. Bizim vəkillərimiz də deyəsən ölkənin nicatını bir vaxtlar Dağlıq Qarabağda Azərbaycana qarşı hərbi əməliyyatlara başçılıq etmiş, Robert Koçaryanın imzası ilə general-mayor, Serj Sarqsyanın imzası ilə general-polkovnik rütbəsi almış, Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, Ermənistanın keçmiş milli təhlükəsizlik şurasının katibi Yuri Xaçaturovda görürlər. Çünki hazırda vəkillərimizin girmək istədiyi həmin o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibi general-polkovnik Yuri Xaçaturovdur. Hələ üstəlik təşkilatın hərbi ekspertlər institutunun mərkəzi bürosu da Yerevanda yerləşir və bu büronun təqdimatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın hava hücumundan müdafiəsini öz üzərinə götürüb. Digər tərəfdən yaxın keçmişdə Qərbə inteqrasiyadan yayınmaq üçün Azərbaycan hakimiyyəti bloklara qoşulmayan ölkələr hərəkatına üzv olmağa qərar verdi. Bəlkə vəkillərimiz belə güman edir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi blok deyil və Xaçaturovda mülki şəxs kimi Rusiyanın bu arxa bağçasına baş katiblik edir. Vallah bu müzakirələri izlədikcə vaxtı ilə “Molla Nəsrəddin” jurnalında getmiş bir itki elanını yadıma düşdü. Müdrik Molla axtarış vermişdi ki, bəs Bakı şəhər duması vəkillərimiz başlarını itiriblər, əgər tapan olsa redaksiyamıza, bu ünvana gətirsinlər. İki həftə sonra jurnal əlavə məlumat verdi ki, hörmətli qarelərimiz (yəni oxucularımız) özünüzə zəhmət verib axtarmayın, sən demə vəkillərimizin başı yox imiş.