“Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinin müzakirələrinin başladığı bir vaxtda şübhəsiz ki, Avropa liderlərinin regiona, həm də Azərbaycana gəlişi müsbət haldır”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli belə deyib.
Cənab Kərimlinin sözlərinə görə, “bu səfər Azərbaycanın Almaniya ilə ikitərəfli, bütovlükdə isə Avropa ilə əlaqələrinə müsbət təsir göstərə bilər”.
Partiya sədri hesab edir ki, Merkelin Bakı səfərinin ətrafında böyük gözləntilər yaratmaq lazım deyil.
“Sosial şəbəkələrdə fəalların Merkelin Bakı səfəri ətrafında yaratdıqları yüksək gözləntilər doğru deyil. Bu insanlarda əlavə məyusluq yarada bilər. Merkel hökuməti ölkəmizin problemlərinin hamısını bilir. Elə bir ay əvvəl bu ölkənin üzv olduğu Avropa Birliyi Parlamenti Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. İki il əvvəl Almaniya Bundestaqı Azərbaycandakı vəziyyətlə bağlı sərt qətnamə qəbul edib. Həmin qətnamələrdə Azərbaycandakı bütün siyasi məhbusların azad olunması tələb olunub. Ölkədə demokratik islahatlara, mətbuat azadlığına çağırış sərbəst toplaşma azadlığına birləşmək azadlığına hörmət qoyulması tələb olunub”.
Sözügedən məsələlərin hansı səviyyədə müzakirəsinə nail ola biləcəklərinə gəlincə isə cənab Kərimli deyib ki, “bu konkret olaraq situasiyadan və real münasibətlərin səviyyəsindən asılıdır”.
“Avropa liderləri Azərbaycan hakimiyyətilə hər görüşdə demokratiya, insan haqları, siyasi məhbusların taleyi, demokratik seçkilərin zərurətilə bağlı məsələləri artıq açıq şəkildə, mətbuat önündə müzakirə etməlidirlər”, o əlavə edib. (BBC azəri)