Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru Emin Hüseynov Azərbaycana səfər edəcək Almaniya kansleri Angela Merkelə, Almaniya Bundestaqının üzvlərinə və Almaniya Federal Hökumətinin üzvlərinə açıq məktubla müraciət edib. Müraciətdə deyilir:
Hörmətli xanım kansler
Azərbaycana rəsmi səfəriniz və Azərbaycan prezidenti İlham Əliyevlə gözlənilən görüşünüz ərəfəsində sizi görüşünüzü yalnız ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri ilə məhdudlaşdırmamağa, həmçinin Azərbaycanın siyasi rəhbərliyi qarşısında insan hüquqlarının qorunması və demokratiya sahəsində ümumavropa dəyərlərinə hörmət, qanunun aliliyi və korrupsiya ilə mübarizənin zəruriliyi məsələlərini qaldırmağa da çağırırıq.
Səfəriniz təkcə Almaniya kanslerinin Azərbaycana ilk tarixi səfəri deyil, həmçinin ilk Avropa liderinin bu yaxınlarda total saxtalaşdırma yolu ilə İlham Əliyevə beş ildən yeddi ilə qədər artırılmış dördüncü müddətə prezident seçilməsinə imkan verən antidemokratik seçkilərin keçirildiyi ölkəyə səfəridir.
Bir nəfərin təkrar prezident seçilməsi limitini ləğv edən, konstitusiyanı öz ailə maraqlarına uyğun dəyişən, həyat yoldaşı Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin edən, hakimiyyəti öz atasından, mərhum prezident Heydər Əliyevdən alan İlham Əliyev faktiki olaraq unitar prezident respublikasını əsasında maksimal qohumbazlığın olduğu kleptokratik monarxiyaya çevirib. Hakimiyyətin demokratik yolla dəyişməsi üçün zəmin və imkanların olmaması onun cəmiyyətə təzyiqini artırır və Azərbaycanın siyasi elitasının korrupsiya maraqları naminə öz xalqına zülmü gücləndirir.
Bu gün Azərbaycan hakimiyyəti öz xalqına qarşı cinayətlərini ört-basdır etmək üçün təkcə ölkədəki tənqidçilərinə qarşı repressiyalarla kifayətlənmir, həmçinin avropalı siyasətçilərin pulla ələ alınması yolu ilə dünya ictimaiyyətinin gözündə özünün antidemokratik və korrupsiyalaşmış imicini təmizə çıxarmağa çalışır.
Bu yaxınlarda səs-küylü ifşalar göstərdi ki, hətta alman siyasətçiləri cənab Edvard Litner və xanım Karin Ştrents Azərbaycanda total şəkildə saxtalaşdırılmış seçkilərə müsbət qiymət əvəzində mənfəət əldə ediblər, həmçinin ölkədə çoxlu sayta siyasi məhbusların olduğunu əks etdirən neqativ hesabatların qəbul edilməsinin qarşısının alınmasına kömək ediblər.
Hakimiyyətin tənqidçiləri və korrupsiyanı ifşa edənlər hər gün fiziki təzyiq, həmçinin uydurulmuş ittihamlarla həbs təhlükəsi ilə üzləşir. Bu gün jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi, müstəqil və müxalif KİV-lərin qabadılması, müstəqil yerli və xarici QHT-lərin işləməsinə qadağa, xəbər saytlarının bloklanması, jurnalistlərin, hüquq müdafiəçilərinin və müxalifətçilərinin hərəkət hüququ azadlığının pozulması ölkənin ictimai-siyasi həyatının qorxunc reallığına çevrilib. Hakimiyyətin sistemli repressiyalarının nəticəsi kimi həbsxanalarda aralarında çoxlu sayda KİV nümayəndəsi olan 100-dən çox siyasi məhbus var.
Rejimin tənqidçilərinin qohumları da hakimiyyətin qurbanına və rejimin girovlarına çevrilir. Bu yaxınlarda Azərbaycan hakimiyyəti xəstəxanada həkimlərin əli ilə oğullarının – 3 ildir məcburi siyasi sürgündü yaşayan mənim və həbs edilən qardaşım, tanınmış antikorrupsiya jurnalisti və hüquq müdafiəçisi,17 aydan çoxdur həbsdə saxlanılan Mehman Hüseynovun siyasi səbəbdən təqib edilməsinə görə daim mənəvi təzyiq altında olan anamı, 71 yaşlı Firəngiz Hüseynovanı öldürdü.
Anamızı xəstəxanalıq edərək orda öldürən hakimiyyət bizdən hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətimizə görə qisas aldı, bununla da Azərbaycan cəmiyyətinə tənqidçiləri və onların ailəsini hansı təhlükələrin gözlədiyini göstərdi. Oxşar şəraitdə ağ xalatlı qatillərin əli ilə 2015-ci ilin avqustunda jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev, 2013-cü ildə isə tanınmış tənqidçi yazar-publisist Rafiq Tağı həyatdan məhrum edildi.
Son illərdə hakimiyyətin fərqli fikirli tənqidçilərinə qarşı repressiyaları tez-tez Azərbaycanın hüdudlarından kənara çıxır. Belə ki, təkcə son üç ildə Almaniya ərazisində xüsusi xidmət orqanları və onların nəzarətində olan kriminal qruplaşmaların əli ilə sürgündə ola-ola Azərbaycan cəmiyyətini Əliyev rejiminin hüquqi və korrupsiya özbaşınalığı barədə məlumatlandıran jurnalistlər Emin Milli, Həbib Müntəzir və Tural Sadıqlını aradan götürməyə cəhd ediblər.
Hakimiyyətin digər tənqidçisi, Azərbaycan parlamentinin keçmiş deputatı, 2013-cü ildə Almaniyada siyasi sığınacaq alan Hüseyn Abdullayevi Azərbaycan hakimiyyətinin tələbi ilə qanunsuz olaraq Türkiyədə saxlayaraq bir neçə saat içində beynəlxalq, Avropa, Almaniya və Türkiyə qanunvericiliyini pozaraq Azərbaycana göndəriblər, burda isə həbs edərək işgəncələrə məruz qoyublar.
Hüseyn Abdullayevin Türkiyəyə məşum səfəri zamanı yoluxmağa getdiyi 78 yaşlı qoca anası Zeynəb Abdullayevanı da Azərbaycana qayıdandan sonra siyasi səbəbli təqibə məruz qoyublar. Yaşlı qadını oğluna qarşı açılan siyasi motivli cinayət işinin fiqurantına çeviriblər və ev dustağı ediblər.
Korrupsiyalaşmış hakimiyyətin bütün cinayətlərini və repressiya qurbanlarının hamısının adlarını bir məktubda saymaq mümkün deyil, çünki Avropa Şurasında Azərbaycan hakimiyyətinin cinayətlərini ört-basdır etmək məqsədilə qanunsuz lobbi fəaliyyətinin təsvir edildiyi korrupsiya əməli ilə bağlı təkcə bir hesabat 200 səhifədən çoxdur. Lakin Azərbaycana səfəriniz zamanı vətəndaş cəmiyyətinin müstəqil nümayəndələri ilə görüşmək qərarına gəlsəniz, insan haqları və demokratiya ilə bağlı vəziyyətə dair geniş məlumat əldə edə bilərsiz.
Bu gün hər vasitə ilə Avropa ölkələrinin siyasi və maliyyə dəstəyini təmin etmək istəyən Azərbaycan hakimiyyəti yorulmadan onları əmin edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək yoluna sadiqdir, lakin insan haqları, demokrariya və korrupsiya ilə bağlı öhdəliklərini unudur.
Azərbaycanın Avropanın enerji resurslarının diversifikasiyasına yönələn enerji layihələrinin çoxmilyardlı kreditlərlə dəstəklənməsi fonunda vətəndaş cəmiyyəti Almaniya, yaxud bötüvlükdə Avropa Komissiyası kimi avropalı tərəfdaşlarının hər hansı lazımı dəstəyini hiss etmir.
Neft və qaz satışından çoxmilyardlı gəlirlərə baxmayaraq korrupsiya səviyyəsinin yüksək olması və effektiv idarəetmənin olmaması səbəbindən əhalinin həyat səvviyyəsi valyuta daxilolmalarının templərindən xeyli geri qalır.
Almaniya hökuməti və parlamenti Cənib Qaz Dəhlizi layihəsinə 1,2 mlrd. avro həcmində kredit zəmanətinin ayrılmasını təsdiqləmək niyyətindədir, onun hesabına Avropa ölkələri, o cümlədən Almaniya növbəti 25 ildə 1,5 mlrd. kub metr Azərbaycan qazı ala biləcək.
Hörmətli xanım Merkel, sizi səfəriniz zamanı işgüzar əməkdaşlığın davamının ayrılmaz şərti kimi Azərbaycan hakimiyyəti qarşısında bütün vicdan məhbuslarının dərhal azad edilməsini, hakimiyyətin şəffaflığının və hesabatlılığının artırılması üçün təxirəsalınmaz islahatların keçirilməsini, seçki qanunvericiliyi, həmçinin QHT-lərin fəaliyyətinin tənzimlənməsi sahəsində islahatların keçirilməsini şərt kimi qoymağa çağırırıq.
Biz həmçinin Almaniya hökumətini Azərbaycanla bütün tərəfdaşlığa yenidən baxmağa və mümkün qədər tez Azərbaycana dair özünün xarici siyasət prioritetlərinə korrupsiya və büdcə oğurluğu ilə mübarizənin gücləndirilməsi, həmçinin demokratik institutların inkişafı məqsədi ilə Azərbaycan vətəndaş cəmiyyətinin müstəqil institutlarına dəstəyi daxil etməyə çağırırıq.