Milli Şura sədri Cəmil Həsənli professor Kamil Vəli Nərimanoğlunu doğum günü münasibətilə təbrik edib:
Dil, fikir və əməl adamı
Bu gün dəyərli dostumuz və böyük dil ustadımız professor Kamil Vəli Nərimanoğlunun doğum günüdür. Kamil bəyi 1970-ci ildən tanıyıram. Həmin il mən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdum. Kamil müəllim isə Universitetin filologiya fakültəsini yenicə bitirib ümumi dilçilik kafedrasında müəllim liyə başlamışdı. Doğrusu belə uğur hər kəsə nəsib olmurdu və təhsildə, elmdə, intellektdə və ictimai işlərdə seçilən çox az tələbə birbaşa universitetdə müəllim saxlanılırdı.
Biz universitetə daxil olanda hələ şəhər həyatına alışmamış çəlimsiz kənd uşaqları idik və həmin vaxt yataqxanada qaldığımızdan tarix fakültəsinin gənc müəllimi Əbülfəz Elçibəyin “müridləri” bizi tez öz cazibələrinə sala bildilər. Məhz həmin cazibədə mən 1970-ci ilin payızında Kami Vəli Nərimanoğlunu – o vaxt deyildiyi kimi Kamil Vəliyevi tanıdım. Çox xoşgörülü, gənc, hər kəsə, xüsusi ilə tələbə və gənclərə münasibətdə qayğıkeş bir müəllim idi. Universitetdə yeni işə başlamasına baxmayaraq öz həmyaşıdlarının “ağsaqqalı” hesab edilirdi.
Ötən əsrin 70-ci illərində ədəbi mühitə, ictimai müzakirələrə yeni gənc qüvvələr gəlmişdi. İdeya istiqamətinə görə onlar artıq tənqid hədəfinə çevrilmiş 60-cılar nəslinin davamı idilər. Onların içərisində Aydın Məmmədov, Kamil Vəliyev və digərləri kimi tez-tez mətbuatda çıxış edən, radioda xalq ruhu, xalq dili və xalq ədəbiyyatı ilə bağlı verilişlər aparan, gənc alimlər var idi. 60-cı illərin liberal ideyalarından sonra 70-ci illərin əvvəllərində total bir nəzarət mexanizmi qurulduğundan cəmiyyətdə söz demək, ictimai fikrin diqqətin çəkmək çox çətinləşmişdi. 1969-cu ilin noyabrından gənc yazıçı Mövlud Süleymanlının təşəbbüsü ilə efirə gedən “Bulaq” verilişi həmin vaxtlar elin və dilin yaddaşına səyahət etmək, xalq ruhunu dilləndirmək baxımından kiçik bir imkanlar yaratmışdı.Həmin imkandan yararlanan və həm də xalqın ruhunu yararlandıranlardan bir filologiya fakültəsinin gənc müəllimi Kamil Vəli Nərimanoğlu idi.
Sonralar Kamil müəllim Azərbaycan dilçiliyi sahəsində namizədlik, doktorluq dissertasiyaları müdafiə etdi. Onun dil, ədəbiyyat, folklorla bağlı çoxlu kitabları çıxdı, ədəbi və əbədi abidəmiz olan “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmaları işıq üzü gördü, “Dastan poetikası”, “Elin yaddaşı, dilin yaddaşı”, “Linqivistik poetikaya giriş” adlı monaqrafiya və dərs vəsaitləri nəşr olubdu. Mən onun unudulmaz müəllimlərimiz professor Süleyman Əliyarlı və akademik Tofiq Hacıyev ilə “Kitabi-Dədə Qorqud”un dərin qatlarına nüfuz edən maraqlı müzakirələrinin şahidi olmuş, bu müzakirələrdən dərin zövq almış və qürur hissi keçirmişəm. 1999-cu ildə Kamil Velinin qədim dastanla bağlı öz orjinal fikir və mülahizələrini ingilis dilində “The Poetics of the Book of Dede Korkut” adlı kitabda nəşr edilməsi Azərbaycan və Türkiyə qorqudşünaslığının dünya çapına çıxmasında böyük hadisə oldu.
Sovetlər Birliyinin çöküşündən sonra Kamil Vəli Nərimanoğlunun elmi araşdırmalarının əhatə dairəsi, yayım coğrafiyası daha da genişləndi. “Kitabi-Dədə Qorqud” araşdırmalarında olan səmimiyyət, sevgi, xalq ruhuna nüfuz etmək qabiliyyəti 1994-cü ildə Ankarada nəşr olunan “Türk Dilinin Bestecisi, Ressamı ve Memarı” Yunus Emreye də keçdi. Sonra “Azərbaycanın Dövlət Dili Siyasəti” ərsəyə gəldi, “Yunus Emre’nin Poetikası”, “Türk Halk Bilimi – Türk Dili ve Poetikası – Türk Fikir Hayatı” və digər fundamental işlər çap olundu.
Kamil Vəlinin 1926-cı il Türkoloji qurultayı ilə bağlı araşdırmaları, qurultayın materiallarını dərc etməsi, sonralar Sovet repressiyalarının qurbanı olmuş qurultay iştirakçılarının həyat və fəaliyyəti ilə bağlı araşdırmaları yalnız elmi məzmuna malik olmayıb, həm də mənəvi dəyər kəsb edir. 1926-cı ilin Bakı Türkoloji qurultayında əlifba məsələsində mübahisələr, dil məsələsi ətrafında müzakirələr, SSRİ-nin türk və müsəlman xalqlarının milli və mədəni inkişafı ilə bağlı mülahizələr Kamil Vəlinin qələmində yeni məzmun kəsb etdi. Hələ 1996-cı ildə biz Kamil Vəli ilə birlikdə artıq haqqın dərgahına qovuşmuş hocalarımız professor Süleyman Əliyarlı və akademik Tofiq Hacıyevin iştirakı ilə Türk Dil Kurumunun unudulmaz başkanı Ahmet Bican Ercilasunun keçirdiyi “Bakı Türkoloji qurultayının 70 illiyi”nə həsr edilmiş maraqlı bir konfransda iştirak etmişdik.
Kamil Vəli Nərimanoğlunun çoxtərəfli fəaliyyətinin bir siyasi tərəfi də vardır. 1992-ci ildə Azərbaycanda Elçibəyin milli hökuməti qurulanda o, Baş Nazirin müavini kimi yüksək bir vəzifə tuturdu. Həmin illərdə qısa zaman kəsiyində Elçibəy komandasının bir sıra fədakar üzvləri kimi Kamil Vəli də millətə və dövlətə xidmətin örnəyini yarada bildi, ölkənin təhsil və mədəniyyət siyasətinin sovet ideologiyasından təmizlənib milli məzmun kəsb etməsində mühüm rol oynadı.
Bu gün Kamil Vəli Nərimanoğlunun 72 yaşı tamam olur. İndi o, dünyanın tanıdığı böyük alim və türk dünyasında çoxları üçün unudulmaz bir müəllimdir, ustaddır, hocadır, İstanbul Aydın Universitetində Orta Doğu və Kafkasiya Araştırma Mərkəzini müdiridir. Yaşın bu müdrik çağında böyük alim və müəllimi, qiymətli elm və fikir adamı olan dəyərli dostumuzu, təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.