Hakim ailə torpaqları vətəndaşların icarəsindən geri alır
Azərbaycanda təbiət yasaqlıqlarının torpaqlarının kənd təsərrüfatı işləri üçün ayrılmasına başlanıb. Ceyranların yaşayış areallarından biri olan Qax Dövlət Yasaqlığının Acınohur çöllərində min hektarlarla torpaq sahəsində torpaqların kultivasiyasına başlanıb. Bundan narahat olan ekologiya fəalları sosial şəbəkədə narazılıqlarını bildirirlər.
Qax rayonunda Acınohur çölündə “Aqroinkişaf 2017” MMC-yə 7500 hektar torpaq sahəsi ayırlıb. Bu haqda Qax rayon İcra Hakimiyyətinin həmin torpaqları örüş kimi istifadə edən vətəndaşlardan birinə ünvanladığı məktubda yazılır. Məktubda o da qeyd olunur ki, “Aqroinkişaf 2017” MMC-yə Sarıca çölü ərazisində daha 1000 hektar, “CPC” MMC-yə isə orada 1100 hektar torpaq ayrılıb. Bu səbəbdən torpaqlar vətəndaşların icarəsindən geri alınır. Artıq “Aqroinkişaf 2017” MMC sahələrə traktor salaraq şumlama işlətinə start verib.
Bir neçə il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Azərbaycanda ceyranların əzəli təbii yaşayış mühitinə qaytarılması – re-introduksiyası layihəsinin icrasına başlanmışdı. Layihə çərçivəsində 2010-cu ildə Qax Dövlət Yasaqlığının Sarıca və Acınohur çöllərinə də bir neçə baş ceyran buraxılmışdı. Növbəti illrədə onların sayı dəfələrlə artmışdı. Ekologiya fəalı Cavid Qara Turan İA-ya deyir ki, Acınohurda əkin işlərinin başlanması ceyranların sonu deməkdir. O, ekologiyanın kənd təsərrüfatına qurban verilməməsi üçün həyəcan təblili çalmağın zəruri olduğunu deyir. Əks halda ceyranlar Azərbaycandan köç edəcəklər.
Turan İA müəyyən edib ki, “Aqroinkişaf 2017” MMC 2017-ci ildə yaradılıb və kənd təssərüfatı işləri sahəsində təcrübəsi yoxdur. Şirkətə Ruslan Sadıxov rəhbərlik edir. Bu şəxs “Bakı Ağ Şəhər” Layihəsinin idarəedicisidir. “CPC” MMC-nin Oğuz rayonu ərazisində qarğıdalı emalı zavodu var. Onun törəmə şirkəti qarğıdalı əkini ilə məşğuldur. Bu şirkət “PMD Group” MMC-yə daxildir. “PMD Group” şirkətlər qrupunun təsisçisi “Paşa Holdinq”dir. Holdinqin sahibləri Leyla və Arzu Əliyevalardır.
Hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlıq ərazisinin kənd təsərrüfatı işləri üçün ayrılmasına münasibət bildirməyib.