Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə saxlandığı Qobustan həbsxanasından bu yaxınlarda azadlığa çıxmış ReAl partiyasının sədri İlqar Məmmədova məktub yazıb:
Əziz İlqar bəy!
Sizi haqq etdiyiniz azadlıqda salamlamaqdan məmnunam.
Amma eyni zamanda, hesab edirəm ki, bu azadlıq sizin üçün də nisbidir, çünki nə sizin, nə də bu ölkədə mübarizə aparan digər insanların istədiyi bu azadlıq deyil. Sözün həqiqi mənasında haqq etdiyimiz, layiq olduğumuz azadlıqdır və mən əminəm ki, siz kiçik zindandan böyük zindana keçid etməklə mütləq azadlığımızın qələbəsi üçün əlinizdən gələni edəcəksiniz.
Bizim ölkəni – Azərbaycanımızı hər kəs üçün zindana çeviriblər və bu gün hamılıqla çalışıb bu zindanın qalın divarlarını sökməliyik. Hamılıqla çalışıb o zindanda əzab çəkən, mərhumiyyətlərə düçar olan həmvətənlərimizə insan kimi yaşamaq və ömür sürmək haqqını bəxş etməliyik.
Allah hər kəsə azadlıq, ixtiyar vermiş və nə mənə, hətta Böyük peyğəmbərimizə belə, bu ixtiyara, haqqa girməyə izn verməmişdir. Mən də ölkəmdə hər kəsin öz ixtiyar və haqqının sərhədlərinin özü tərəfindən müəyyən olunmasına imkan verən bir düzənin formalaşması arzusundayam.
Əminəm ki, ölkəmizin üçün istədiklərimiz eynidir. Hamının rahat yaşaya biləcəyi bir ölkə… İnanıram ki, siz böyük zindanda müxalif birliklərin bir arada olması, ölkədə dəyişikliklər istəyən hər kəsin bu irtica qarşısında bir olub birləşməsi üçün öz töhfənizi verəcəksiniz. Əgər bu olarsa, biz hamımız bir ideal uğrunda və birgə savaşarıqsa, ölkənin idarəçiliyini işğal etmiş bu kəslərdən Azərbayacanı xilas edə biləcəyik.
5 il ərzində sınmadan, sağlam yoldan nisbi də olsa, öz azadlığınızı qazanmanmağı bacardınız. Bu mətanətinizə görə də sizə ayrıca təşəkkür edirəm.
Bu ölkədə sınmamaq, örnək olmaq, gələcəyə bir yol buraxmaq da bizlərin borcudur və bu borcu anlayıb yerinə yetirən hər kəsə minnətdaram.
Allah sizləri qorusun!
Hörmətlə Tale Bağırzadə, Qobustan həbsxanası…