Almaniya kansleri Angela Merkel Bakıya səfərində bir qrup vətəndaş cəmiyyəti fəalı ilə də görüşdü. Görüşdə nələrin müzakirə olunduğu, xanım Merkelin diqqətinə hansı problemlərin çatdırıldığı haqda iştirakçılardan bəziləri açıqlamalar veriblər.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl açıqlama yayıb ki, görüşdə korrupsiya və bunun Azərbaycanda sülhə, demokratiyaya və təhlükəsizliyə necə zərbə vurması haqda danışıb.
O, Bakı aeroportunda kansleri qarşılayan baş nazir müavini Yaqub Eyyubovun Rusiya ilə silah sövdələşmələrini, bundan öz oğlunun hesabına milyonlarla dollar köçürməsini qeyd edib və “Niyə müharibəyə nəzarətsiz şəkildə xərcləyən və oğurlamaq imkanı qazanan bir hökumət sülh istəsin?” deyə sual edib.
X.İsmayıl kanslerdən soruşub ki, gecə Bakıda qalaraq Əliyevlər ailəsinə məxsus otellərə qazanc verəcəkmi?
Avropanın Azərbaycanla iri iqtisadi layihələrinə toxunan X.İsmayıl sual edib ki, ölkədə müstəqil media və sağlam vətəndaş cəmiyyəti olmadan onlar avropalı vergiverənlərin hesabına həyata keçirilən meqa-layihələrin şəffaflığını necə təmin edəcəklər?
O, insan haqları və demokratiya məsələlərində daha ötkəm olmağa çağırıb. Deyib ki, buradakı insanlar korrupsiya pulu bahasına susdurulmayan avropalı siyasətçilərin olduğunu görməlidirlər.
“Mən jurnalist olaraq üzləşdiyimiz risklər, habelə bizi müdafiə etdiklərinə görə vəkillər kollegiyasından kənarlaşdırılan hüquqşünaslarımızın üzləşdiyi risklərdən danışdım.”
Jurnalist söhbət zamanı qanunsuz həbslər, adamların polis nəzarətindəykən öldürülməsi kimi hallarından da danışıb.
“Mənim qənaətim budur ki, Merkel avtokratik rejimlərin yaratdığı məhrumiyyətləri və onların mexanizmlərini anlayır”, – deyə X.İsmayıl bildirib.
***
NİDA hərəkatı İdarə Heyətinin üzvü Turqut Qənbər isə görüş barədə MeydanTV-yə danışıb və belə bir açıqalama yayıb:
“Mən əsasən siyasi məhbuslar, insan hüquqlarının durumu və ölkədəki siyasi durumla bağlı mülahizələrimi paylaşdım. Görüşdə eyni zamanda Qarabağ münaqişəsi, gender məsələsi, korrupsiya və s. problemlər müzakirə olundu.
Düşünürəm ki, Almaniya kimi ölkənin rəhbərinin Azərbaycana səfər etməsi və burada vətəndaş cəmiyyəti ilə görüşməsi müsbət hadisədir. Eyni zamanda düşünürəm ki, Qərb ölkələrinin rəhbərləri Azərbaycana səfər edəndə siyasi müxalifətlə də görüşməlidirlər.
Görüşün baş verməsi faktı əhəmiyyətlidir, ancaq unutmamalıyıq ki, Azərbaycanın nicatı, xilası və gələcəyi elə Azərbaycan xalqının öz əlindədir”.
***
İştirakçılardan daha biri – Əvəz Həsənov da “Amerikanın səsi”nə müzakirə olunan məsələlər və gəldiyi qənaət barədə danışıb.