Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə qarşı bir müddət əvvəl törədilən təxribat fiaskoya uğrayıb. Belə ki, bu ilin iyununda AŞPA-da Azərbaycan nümayəndə heyətinə sanksiya qərarı çıxarılanda, sanksiya tətbiq olunanlar siyahısına Gültəkin xanımın da adı salınmışdı. O zaman bəlli oldu ki, bu Azərbaycan hakimiyyətinin G.Hacıbəyliyə qarşı təxribatı nəticəsində baş verib. AŞPA-dan Azərbaycan nümayəndəliyi vasitəsilə Gültəkin xanıma ünvanlanan məktub ona çatdırılmayıb və AŞPA-nın müvafiq qurumuna G.Hacıbəylinin məktubdakı suallara cavab vermək istəmədiyi bildirilib.
Üstündən 3 ay keçəndən sonra AŞPA-dan G.Hacıbəyliyə məktub yollayaraq, onun adını sanksiya siyahısına səhvən saldıqlarını və bu səhvi artıq aradan qaldırdıqlarını bildiriblər. Bu barədə Gültəkin xanım feysbukda məlumat paylaşıb:
“Sentyabrın 3-ü, tətildən sonra Parisdə keçirilən ilk iclasında AŞPA-nın İmmunitetlər və Prosedur Qaydaları Komitəsi mənimlə bağlı 28 iyun tarixindəki son iclasında qəbul etdiyi absurd və gülünc qərarını yekdilliklə ləğv edib və mənim adımı sanksiya siyahısından çıxarıb. Bununla da Azərbaycan hakimiyyətinin mənə qarşı növbəti bir təxribatı iflasa uğradı. Hakimiyyətdəkilərin motivi bəllidir, amma bu təxribatı fürsət bilib sevincək üstümə gələn, mənə qarşı qaralama kampaniyası aparan, məni Avropaya kürü aparmaqda, korrupsiyada ittiham edən “müxalifətçilər” və media qurumları vardı ha, bax onlar indi parlamentdəkilərdən də gülünc günə düşdülər. Azacıq da olsa vicdanlı görünmək istəyirlərsə, səhvlərini etiraf edib üzr istəməlidirlər. Yeri gəlmişkən, Komitə AŞPA-da korrupsiya olaylarının 2012-2015-ci illəri əhatə etdiyini, mənim isə 2010-cu ildən sonra bu qurumla hər hansı bağlantımın olmadığını nəzərə alıb məni “Kürü diplomatiyası” ilə bağlı, ümumiyyətlə, sorğulamadı. Yəni, adım istintaqa dəvət olunanların siyahısına yanlışlıqla daxil edilibmiş. Uğradığım haqsızlıq qarşısında mənə dəstək olan, mənə inanan və güvənən, mənə görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Gözəl duyan qəlbinizə, iti ağlınıza sağlıq!”