Ölkəmizdə mürəkkəb və ziddiyyətli, eyni zamanda gizli və təhlükəli bir proses gedir.
Bu prosesin necə və nə zaman açıq üzə çıxmasını hələ dəqiq proqnozlaşdırmaq çətin olsa da, hər an baş verməsi ehtimalı diqqətdən qaçmamalıdır. Təfərrüatlarına toxunmadan qeyd edim ki, bu prosesin mahiyyətini və izlərini bir neçə məsələnin analizindən sezmək mümkündür.
Bu mövzuya başqa bir zaman geniş toxunarıq. İndi yazdığım məsələ də onun bir elementi ilə bağlı olduğundan, yuxarıdakı girişi etmək zərurəti hiss etdim. Səhifəmi izləyənlərin siyasi baxımdan ən yetkin insanlardan olduğunu nəzərə aldığım üçün mətləbə keçirəm.
Qarabağ və onunla əlaqəli məsələlərin hazırda müxtəlif formatlarda gündəmə gətirilməsi müşahidə edilir. Bu, yeni yaranmış böyük bir geosiyasi reallıqların ölkə daxilində uzun müddətdir mövcud olan siyasi düzənə köklü təsirləri ilə bağlı yeni şərtlər doğurmasından qaynaqlanır.
Hakimiyyət daxilində dövlət sistemi çərçivəsində mövcud maraqlardan daha üstün təsirə malik olan və idarəetmədə dərin kök salmış spesifik maraqların tədricən dəyişməsi baş verir. Əsasən Rusiyadan artan təsirlərin fonunda ölkədə yeni bir siyasi mühitin yaranması sürətlənir.
Bu ərəfədə, Xocavənd (Martuni) rayonunun Qarakənd kəndi üzərindən 300 metr yüksəklikdə uçarkən, 1991-ci ilin 20 noyabr, saat 14:42-də erməni hərbi dəstələri tərəfindən vurulması istintaqla tam sübut olunmuş Azərbaycan hərbi helikopteri barədə yenidən cəfəng iddia ortaya atılıb.
22 nəfərin həlak olduğu bu terror aktının sosial şəbəkələrdə yenidən gündəmə gətirilməsi və helikopterin guya Azərbaycan tərəfindən vurulması ilə bağlı cəfəng bir iddianın yenidən ortaya atılması anlaşılmazdır.
Biz bu məsələyə bir qədər fərqli yöndən baxmalıyıq.
90-cı illərin əvvəllərində erməni-rus təxribatlarını ictimai rəydə öz adımıza bağlamaq üçün sistemli çalışmalar var idi. O zaman bəlkə də bunun səbəblərinə kimsə haqq qazandıra bilərdi, amma indi bunu etməyin heç bir izahı yoxdur.
Təəssüf ki, son vaxtlar erməni düşmənçiliyini malalamaq, ört-basdır etmək, dostlaşmaq istiqamətində ən üst səviyyələrdə təşəbbüslər artıb. Görünür bu iddianı ortaya atanlar da, məhz o siyasi-ideoloji xəttə dəstək göstərmək niyyəti güdürlər.
1988-1993-cü illər arasında Qarabağda və ətraf ərazilərdə erməni-rus hərbi birləşmələrinin törətdiyi dəhşətli cinayətləri öz içimizdəki xəyanətkar şəbəkələr vasitəsilə gizlətmək cəhdini, o dövrün hərbi-siyasi proseslərində iştirak edən hər kəs xatırlayır.
Şəxsən şahidi olduğum məsələlərlə bağlı tez-tez müxtəlif şayiələr eşitsəm də, heç bir halda o şayiələrin sonuna çata bilmirdim. Peşəkar şəbəkələr iş başında idi.
Cəbhə bölgəsində Milli Qəhrəmanlarımız, alay komandiri Şirin Mirzəyevin və könüllü döyüşçülərin komandiri Allahverdi Bağırovun şəhid olduğu günlər Ağdamda şayiə dolaşırdı ki, onları özümüzünkülər minaya saldı.
Eyni zamanda əsgərlər arasında da belə şayiələr dolaşırdı ki, filankəsi özümüzünkülər vurdu. OMON Milli Ordudan filankəsi vurdu, filan OMON-çunu MO əsgərləri vurdu və s.
Bu şayiələri kimin yaydığı bilinməsə də, çox sürətli və peşəkarlıqla yayılırdı. Hətta bu şayiələrin təsirinə düşən yüzlərlə gənc olurdu.
İstisna etmirəm ki, bu işi keçmiş sovet hərbi və mülki kəşfiyyatının agentləri edirdi. Özümüzə qarşı şübhə toxumu səpməklə düşmənə qarşı səfərbər olmağımıza əngəl olmağa çalışırdılar.
İndi də bu qondarma iddianın ortaya atılması onu göstərir ki, həmin şəbəkə ölkədə ictimai rəyə təsir imkanlarının yenidən testini aparır. Görünür yeni sürprizlərin ərəfəsindəyik…
Uzağa getməyək, Xocalı soyqırımını azərbaycanlıların törətdiyini açıq iddia etməkdən çəkinməyən şəxslər əgər bu ölkədə sərbəst fəaliyyət göstərə bilirsə, deməli biz hələ daha ağır böhtanlara məruz qala bilərik.
Əgər kimsə bilməyərəkdən bu müəmmalı oyuna alət olubsa, bir an öncə öz yanaşmasını dəyişməlidir!