İctimai Televiziyada yeni təyinatlar aparılıb
İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.
Qurumun İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 4-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında şirkətin baş direktoru Balakişi Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.
Yayım Şurasının qərarı ilə Rəhim Bağır oğlu Həmidov baş direktorun müavini, Günel Aslan qızı Osmanova Kadrlar və xüsusi işlər departamentinin direktoru, Könül Arif qızı Şükürova Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Mehmandar Ənvər oğlu Seyidov Hüquq departaentini direktoru, Məmmədəli Nazim oğlu Məmmədov Radionun proqram direktorluğu departamentinin direktoru, Kənan Eldar oğlu Hakimov İdman departamentinin direktoru, Minijə Cəmşid qızı Cəfərli isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.
Adının açıqlanmasını istəməyən İTV əməkdaşının sözlərinə görə, təyinatlar xeyli vaxt əvvəl verilib, yalnız indi rəsmiləşdirilib. Departament direktorlarından Könül Şükürova prodüsser, bəstəkar kimi tanınan Murad Arifin bacısıdır. Mənbə əvvəllər İTV-də aparıcılıq edən Könül Arifqızının qardaşına görə bu vəzifəyə gətirildiyini deyir: “Murad Balakişi Qasımovla dost olduğu üçün bacısına vəzifə verildi”.
Minijə Cəfərli isə ANS-in Proqram departamentində çalışıb. Mənbənin sözlərinə görə, o, bu vəzifəyə B.Qasımovun televiziya üzrə müavini Murad Hüseynovun məsləhəti ilə gətirilib.
Hüquq departamentinə direktor təyin edilən Mehmandar Seyidov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun oğludur. Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. Sonuncu yadda qalan proseslər sırasında onun gənc fəal Qiyas İbrahimli 10 il azadlıqdan məhrum etməsi haqda prosesə hakimlik etməsi idi.
Son aylarda İTV-də kütləvi ixtisarların aparılmasına dair məlumatlar var.
meydan.tv