AXCP sədri Əli Kərimli hakimiyyətin sanksiyası ilə həbsxanalarda dəhşətli işgəncə faktlarının cəmiyyətdə doğurduğu qəzəb və nifrət barədə fikirlərini fb səhifəsində bölüşüb:
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllə ilə yaralamış Yunis Səfərovun anası ictimaiyyətə müraciət edib. Yunis Səfərovun həbs olunduqdan sonra polis və mülki geyimli şəxslər tərəfindən döyüldüyünü, ona işgəncə verildiyini, 25 gün ərzində hər gün elektrik işgəncəsinə məruz qaldığını bildirib (link şərh bölümündə). Anası Leylaxanım İsmayılovanın müraciətindən belə məlum olur ki, Yunis Səfərova işgəncə verilməsindən şikayət etdiyinə görə onun vəkili Elçin Sadıqov cinayət işindən uzaqlaşdırılıb, Elçin bəylə bağlı da Vəkillər Kollegiyasına müraciət olunub.
Beləliklə, ölkəmizdə işgəncənin dövlət siyasəti olduğu bir daha təsdiqini tapır. Vəkillik institutunun məhz bu məqsədlə – məhbusları real müdafiədən məhrum etmək, onlara işgəncə verilməsi haqda məlumatların yayılmasının qarşısını almaq üçün sıradan çıxarıldığı təsdiqlənir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ölkəmizdə işgəncə yalnız Yunis Səfərov kimi ağır cinayətdə ittiham olunan şəxslərə deyil (ağır cinayətdə ittiham olunmaq, hətta onu törətmək də işgəncəyə haqq qazandırmır), çoxsaylı siyasi fəallara da tətbiq olunub.
3 ay əvvəl şərlənərək həbs olunmuş Gedəbəy rayonunun keçmiş icra başçısı, AXC veteranı Saleh Rüstəmliyə, qardaşı oğlu Vidadi Rüstəmliyə, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmliyə, AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənova işgəncə verildiyini unutmaq mümkündürmü? Daha əvvəllər Tale Bağırzadə və onun Müsəlman Birliyi Hərəkatından olan dostlarına “bandotdel”dә, Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseynə Qobustan qapalı həbsxanasında hansı işgəncələr verildiyini də cəmiyyət çox yaxşı bilir. Elə bugünlərdə sadəcə aclıq aksiyası keçirdiyi üçün karsa salınıb, vəkili ilə görüşmək imkanından məhrum edilmiş AXCP üzvü Murad Ədilova qarşı istintaq dövründə hansı vəhşi işgəncələr verildiyini biz yaxşı bilirik. Müsəlman Birliyi Hərəkatının fəalı, Milli Şuranın mitinqlərinə aktiv dəstək vermiş, hazırda isə şərlənərək 7 il müddətində azadlıqdan məhrum edilmiş Əhsən Nuruzadənin 30 sutka müddətində karsa salınması və işgəncəyə məruz qalması, “heykəl məhbusu” Bayram Məmmədovun cəzaçəkmə müəssisəsində məruz qaldığı anti-insani rəftar və daha neçə-neçə belə hallar hamımızı narahat etməlidir.
Hesab edirəm ki, cəmiyyət olaraq ən azı ölkəmizdə işgəncənin ləğvi mövqeyində hamılıqla konsensusa gəlməliyik. Susmamalıyıq, siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, vətəndaşlar – demokratik, işgəncədən uzaq Azərbaycan arzulayan hər kәs ortaya mövqe qoysun. İşgəncənin dərhal və hər yerdə dayandırılmasını tələb etsin. Özünü mədəni hesab edən heç bir millət 21-ci əsrdə işgəncəyə haqq qazandıra bilməz. Rejim də bu anti-insani vasitədən imtina etməlidir. Əvvəla ona görə ki, millət olaraq bizə ayıb olur. Ölkədə işgəncə qaldıqca nə müasir arxitektura, nə bahalı idman oyunlarına, mahnı yarışmalarına ev sahibliyi, nə də klassik musiqi festivalları kimi tədbirlər ölkəmizdəki feodal üsullu idarəetməni, geridəqalmış zehniyyəti ört-basdır edib, maskalaya bilməyəcək. İkincisi, nifrət əkib, sevgi biçmək mümkün deyil. Atalar demişkən, nə əkərsən, onu da biçərsən. Ən yüksək səviyyədə sanksiyalaşdırılan qəddarlıq ən azı cəmiyyətin bir hissəsində qəzəb və nifrət doğurur. Cəmiyyətdə qəzəbin, kinin artmasından isə heç kim qazana bilməz. Ona görə də dayanmaq lazımdır, cənablar!